"Sülhməramlılar missiyalarını yerinə yetirməsələr, onlara ehtiyac olmayacaq" — MÜSAHİBƏ

MÜSAHİBƏ 26 avq 2021, 13:26
Milli Məclisin deputatı Hikmət Babaoğlunun Demokrat.az-a müsahibəsi:

- Ermənistanın təxribatları, sərhəddə vəziyyəti gərginləşdirmək cəhdlərinin davam etdiyi bir zamanda baş naziri Nikol Paşinyan sülh danışıqlarına hazır olduğunu, kommunikasiyaların açılmasının əhəmiyyətini bildirir. Bu vəziyyətdə Paşinyanın açıqlamalarını nə qədər səmimi hesab etmək olar?

- Paşinyan addımlarını proqnozlaşdıra bilən siyasətçi deyil. Onun siyasi proseslərdəki fəaliyyəti ekspertlər tərəfindən də fərqli qiymətləndirilir. Paşinyanın son açıqlamalarını həm ciddiyə almaq, həm də ehtiyatla yanaşmaq lazımdır. Çünki Paşinyan zaman-zaman kənar təsirlərə, diqtələrə məruz qalır. 10 noyabr bəyanatının imzalanmasından bəri onun bir neçə fərqli mövqeyinin şahidi olmuşuq. O cümlədən, son günlərdə Ermənistan həm təxribat addımlarını davam etdirir, həm də sərhədlərin demarkasiyasi, kommunikasiyaların açılması ilə bağlı müsbət fikirlər səsləndirir. Hazırda Ermənistanda xarici siyasətin yenidən formalaşdırılması prosesi gedir. Bu isə yalnız yeni reallıqlara əsasən formalaşacaq. Ermənistan hadisələrə bir qədər ciddi yanaşsa, onun Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmasına razı olmaqdan başqa çarəsinin olmadığını daha yaxşı anlayar. Artıq bunu ermənistanlı siyasətçilər də açıq şəkildə ifadə edirlər. Həmçinin, sərhədlərin delimitasiyasi və demarkasiyasi prosesi nə qədər tez həll edilsə, Ermənistana bir o qədər faydalı olar. Bunun səbəbidir ki, son günlər ardıcıl olaraq bir neçə siyasətçidən bununla bağlı müsbət mesajlar görürük. Düşünürəm ki, üçtərəfli İşçi Qrupu səviyyəsində danışıqların bərpa olunması da prosesin inkişafını təsdiq edir. Görünür, Paşinyan bu istiqamətdə addımlar atmağa məcbur qalacaq. Əlbəttə, arzu edərdik ki, bu proses daha tez reallaşsın, lakin diqqət etmək lazımdır ki, Paşinyan bəzən Zəngəzur dəhlizinin, bəzən də kommunikasiyaların açılmasından danışır. O, dəhliz və kommunikasiya ifadələrini fərqli məzmunda ifadə etməyə çalışır. Zəngəzur kommunikasiya kimi açılacaqsa, Ermənistan ərazisidən keçən kommunikasiya xətti rolunu oynayacaq. Dəhliz kimi fəaliyyət göstərəcəksə, onda Laçın dəhlizinin statusuna bərabər dəhliz olacaq və bu dəhlizdə Ermənistanın daxili qanunvericiliyinin heç bir tələbi tətbiq oluna bilməyəcək. Ermənistanın hazırda manipulyasiya etməyə cəhd göstərdiyi məsələ bundan ibarətdir, lakin Paşinyan və Ermənistan siyasətçiləri məsələyə ciddi yanaşsalar, mütləq dəhlizin açılması üçün real addımlar atılacaq. Zəngəzur dəhlizi açılacaq, bu, qaçınılmazdır.

- Paşinyan açıqlamalarında ATƏT-in Minsk qrupunun danışıqlara cəlb edilməsinə toxunur və bu istəyini bildirir. Məğlub ölkənin Minsk qrupunun vasitəçiliyində israr etməsində hansı maraqları var?

- Paşinyanın bu açıqlaması təkcə Ermənistanın mövqeyi deyil, həm də ATƏT-in Minsk qrupunun bəzi həmsədr ölkələrinin mövqeyidir. Azərbaycan bu məsələdə dəfələrlə və qətiyyətlə açıq şəkildə bəyan edib ki, vasitəçilikdən söhbət gedə bilməz. Ümumiyyətlə, bu qurumun hər hansı müdaxiləsinə ehtiyac yoxdur. Bu qurumla bağlı 30 ildə yeganə məqam fəaliyyətsizliyi olub. Hazırda problem, münaqişə yoxdur. Problem yoxdursa, vaxtilə problemin həlli üçün yaradılan bu quruma da ehtiyac yoxdur. Azərbaycanın mövqeyi belədir və Azərbaycan öz mövqeyində beynəlxalq hüquqa əsaslanır. Azərbaycan dəmir məntiqini irəli sürür. Ermənistanın cəhdlərinə gəlincə, onlar danışıqlar masası yaratmaqla, yaranmış vəziyyətdə diplomatik uğur əldə etmək cəhdləri göstərirlər, lakin bu, baş tutmayacaq. Çünki artıq Azərbaycanın yaratdığı yeni reallıq qəbul olunub. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıya səfəri zamanı da Azərbaycan Prezidenti bu mövqeyi növbəti dəfə bəyan etdi. Bir sözlə, nə vasitəçilikdən, nə də Ermənistanın istədiyi danışıqlar masasından söhbət gedə bilər. Bu, sadəcə ermənilərin arzusudur və bununla özləri üçün kiçik diplomatik mənafe təmin etməyə çalışırlar. 

- Azərbaycan ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də rusiyalı sülhməramlı qüvvələrin Qarabağdakı fəaliyyəti ilə bağlıdır. Paşinyan sülh danışıqları ilə bağlı açıqlamalar versə də, sülhməramlılar tərəfindən Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri tam çıxarılmayıb. Rus sülhməramlı qüvvələri üçtərəfi bəyanata əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtinasının səbəbi nə ola bilər?

- Azərbaycan ictimaiyyətinin sülhməramlılarla bağlı narazılığı tam haqlıdır. Doğrudan da, sülhməramlılar öz missiyalarını lazımi səviyyədə yerinə yetirmirlər. Hələ də onların səlahiyyət zonasında olan ərazilərimizdə qanunsuz erməni silahlıları, hətta silah-sursat anbarları var. Bu silahlı birləşmələr Azərbaycana qarşı təxribat addımları atır, atəş açırlar. Bütün bunlar göstərir ki, rusiyalı sülhməramlılar nəzərdə tutulan öhdəliklərini ciddi şəkildə yerinə yetirməlidirlər. Sülhməramlılar fəaliyyətlərində ciddi koordinal dəyişiklik etməlidir və fəaliyyətlərini 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələblərinə uyğunlaşdırmalıdırlar. Əks təqdirdə, onlar Azərbaycanda mövcud olma müddətlərini qısaldırlar. Sülhməramlılar daha 4-5 müddətində Azərbaycanda olacaqlar, anlaşmada belə nəzərdə tutulub. Lakin hadisələr bu cür davam etsə, onlar üzərlərinə götürdükləri sülhməramlı missiyanı yerinə yetirməsələr, onlara ehtiyac olmayacaq. Azərbaycan ictimaiyyəti tələbində haqlıdır, sülhməramlılar səlahiyyətlərini yerinə yetirə bilmirlərsə, onların Qarabağda qalma müddəti qısaldılsın. 

- Sülhməramlıların fəaliyyəti ilə bağlı proses Azərbaycan ictimaiyyətini və dövlətini qane etməyən şəkildə davam etsə, sülhməramlıların fəaliyyətində nəzərdə tutulan öhdəlikləri Azərbaycan özü güc yolu ilə həll edə bilərmi?

- Əlbəttə, Azərbaycanın buna tam haqqı var. Azərbaycan suveren dövlətdir və öz ərazilərində suveren hüquqlarını tətbiq etmək səlahiyyətinə və qüdrətinə sahibdir. Azərbaycanın səbri sonsuz deyil. Təxribatlar, proseslər bu cür davam etsə, Azərbaycan mümkün vasitələrdən istifadə edə bilər. Azərbaycan ərazisində qalan qanunsuz erməni silahlı birləşmələri sülhməramlıların məsuliyyəti zonasında olsa da, Azərbaycan istənilən zaman cəza tədbirini tətbiq edə, əməliyyat keçirə bilər. Azərbaycan öz ərazisində hüquqlarını tətbiq etməkdə azaddır.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top