İçində məğlubluq olanların çirkin davası — VİDEO

SİYASƏT 25 avq 2021, 20:38
Qələbədən sonrakı Azərbaycan “5-ci kolon”u və Ermənistanı məmnun etmir

Vətən müharibəsindəki qələbədən, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra bu qələbəyə kölgə salmağa çalışan qrup yenidən aktivləşdi. Müharibə günlərində “Vətən”, “dövlət”, “ordu” dastanları oxuyan bu qrup qələbədən dərhal sonra maskasını çıxartdı və yenidən köhnə günlərinə qayıtdı.

Qaragüruh liderləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsinə kölgə salmaq üçün bu qələbənin müəlliflərini danmağa, 44 günlük həqiqəti təhrif etməyə çalışırlar. ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu özünün “Facebook” hesabında bu cəhdlərin müəlliflərinə status həsr edib və “5ci kolon”un fəaliyyətini təsnifatlandırıb. Onun sözlərinə görə, bütün hallarda "5-ci kolon”un" fəaliyyəti bir mərkəzdən vahid plan və proqram üzrə koordinasiya olunur: “5-ci kolon”un bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır. Məsələn, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şaiyələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması” iddiaları kimi. Politoloq yazıb ki, bu dezinformasiyaların yayılmasında məqsəd orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, ölkə vətəndaşlarına onların heç nəyə qadir olmamasının aşılanmasıdər. Son nəticədə isə niyyət cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılmasıdır.

Politoloq “5-ci kolon”un məqsədlərini çox aydın şəkildə ortaya qoyub. Doğrudan da məqsəd Vətən müharibəsindəki qələbənin müəlliflərinə etimadsızlığın yaradılmasıdır. Onlar bilirlər ki, Azərbaycana rəhbərlik etdikləri dövrdə məğlubiyyətlərimizin səbəbi məhz bu etimadsızlıq olub. Vətəndaş hakimiyyətə, onun formalaşdırdığı başıpozuq hərbi dəstələrə güvənmirdi. Elə əlinə silah alan əsgərin özü də komandanlığa güvənmirdi və bir-birinin ardınca Kəlbəcər, Şuşa, Laçın kimi qala rayonların ermənilərə təhvil verilməsi bunun nəticəsi idi.

Adı çəkilən qrup indi də Azərbaycanı 30 il əvvələ, heç kimi bir-birinə güvənmədiyi, insanların hakimiyyətdən ümidini kəsdiyi günlərə qaytarmaq istəyirlər. Bu gün xalq-ordu, xalq-hakimiyyət birliyi onları narahat edir, bu vəziyyətdən məmnun deyillər.

Vəziyyətdən məmnun olmayan ikinci tərəf isə Ermənistandır. Bu gün Ermənistanda baş verənlər Azərbaycanın 1992-ci ilini xatırladır. Hamı məğlubiyyətin səbəbkarlarını axtarır, parlament zalında söyüşlər uçuşur, yumruqlar göydə oynayır. Ermənistanda yaşananlara baxaq və bu günkü Azərbaycana nəzərə salaq – qüruru, mənliyi özünə qayıtmış Azərbaycana. Bu mənzərəni heç kim, o cümlədən, “5-ci kolon”, onları idarə edən mərkəzlər poza bilməyəcək.
 

REAL TV

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top