Aslan İsmayılov: “İnsanlar arzulayırlar ki, bunlar getsin, sonra Allah kərimdir, bu, çox təhlükəlidir”

SOSİAL MEDİA 16 avq 2021, 22:42
“Bu gün çoxları “necə oldu ki, dünya gücləri - ABŞ, Avropa trilyon xərclədi, yüz minlik Əfqan ordusu yaratdı ölkədən çıxan kimi bir neçə günə taliblar ölkəni ələ keçirdi” sualına cavab axtarırlar. Həqiqətən 20 il 100 milyardları Əfqanıstana xərcləməkdə məqsəd siyasi, iqtisadi inkişafa nail olmaq, əhalinin güzaranını yaxşılaşdırmaq, insan hüquq və azadlıqlarını qorumaq idisə necə oldu ki, 35 milyonluq ölkəni təxminən 70 min taliban ələ keçirdi? Əlbəttə, dünyaya təsir edəcək belə bir hadisənin bir neçə səbəbi olacaq. Zənnimcə, əsas səbəblərdən biri Əfqanıstanda at oynadan korrupsiya, əhalinin təbəqələşməsi, kasıblarla varlılar arasındakı uçurum və nəticə olaraq ədalətsizlikdir”.

Demokrat.az
-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılovun sözlərinə görə, bunu əvvəllər yayılan məlumatlardan başqa, bu günlərdə hamının gördüyü bircə səhnədə də görmək olar. Məşhur Marşal Dostumun evini yəqin ki, siz də gördünüz. Bu hamımızın tanıdığı ən yaxşı əfqan sərkərdəsi idi. Xalqının ac-yalavac olduğu bir vaxtda özünə qızıldan malikanələr düzəldən rəhbərin dalınca xalq heç vaxt getməz: 

“Əminəm ki, ölkədən qaçan rəhbərlərin özləri ilə var-dövlət qaçırıb xalqı Allahın ümidinə buraxmaları barədə olan söhbətlər də düzdür. 35 milyonluq xalqın hakimiyyəti müdafiə etməməsinin səbəbi hakimiyyətdəkilərin harınlığı, xalqa yad olması, ondan xəbərsiz olması və var - dövlət hərisliyidir. Yoxsa heç bir xalq ona yaxşı güzəran qurmaq üçün çalışan hakimiyyəti tək buraxmazdı və 70 minlik taliblər ölkəni bir neçə günə ələ keçirməzdi. Xalqın hadisələrə susqunluğu onun ədalətsizliyə etirazı idi. Bunu mən və mənim nəslim artıq bir dəfə yaşayıb. 1990-cı ilin avqustunda Boris Yeltsin 30-50 minlik tərəfdarları ilə 300 milyonluq ölkədə hakimiyyəti ələ aldı. Bu, o demək deyildi ki, B.Yeltsini 300 milyon dəstəklədi. Xeyr. O dövrü yaşamış biri kimi qətiyyətlə deyirəm ki, SSRİ-nin dağılmasını əhalinin heç 10-20%-i belə istəmirdi. Rusiya, Ukrayna, Belarusiya kimi respublikaları demirəm, hələ 1990-cı illərdə Azərbaycanda belə SSRİ-nin saxlanmasının tərəfdarları var idi. 1990-cı ilin əvvəllərində məndən zorla partiya üzvlük haqqı tələb edirdilər, əks hakda partiyadan xaric edəcəkləri ilə hədələyirdilər. Əminəm ki, SSRİ dağılmasa məni partiyadan çoxluqla xaric edəcəkdilər. 1985-ci ildə başlamış yenidənqurma əhaləni kəskin şəkildə təbəqələşdirdi, korrupsiya tüğyan etdi və artıq 1990-cı ildə insanlar hakimiyyətə nifrət edirdi, özünün bütün problemlərində onu günahkar bilirdi və getməsini arzulayırdı. Ədalətsizlik o həddə çatdı ki, çoxluğun özünə vətən hesab etdikləri SSRİ-nin dağılmasına da səssiz qaldılar. Məqsədim öz hakimiyyətimizi xəbərdar etməkdir. Heç kim düşünməsin ki, bu gün Əfqanıstanda baş verənlər Orta Asiyaya, İrana, onlardan da bizə təsir etməyəcək. Dəfələrlə dediklərimi yenə təkrarlayıram ki, kasıb, haqqı tapdalanan vətəndaşı istənilən yola az bir qisim insanlar da yönləndirə bilər. Ona görə də Dövlətini, Vətənini düşünən hər bir məmur bu gün Əfqanıstanda baş verənlərdən dərs götürməlidir. Korrupsiyanın, ədalətsizliyin hökm sürdüyü hakimiyyəti devirmək çox asandır. O məqamda insanlarda narazılıq o həddə olur ki, Dövlətin, Vətənin gələcəyi barədə düşünənlər çox az olur. İnsanlar bircə şeyi arzulayırlar, bunlar getsin, sonrasına Allah kərimdir. Baxın bu hal, özü də indiki vaxtda çox təhlükəlidir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top