“Ruslar burdan suyu süzülə-süzülə gedəcəklər!” — “Moskva məcbur etmək istəyir ki, 5 illik müddətdən geri çəkilək”

MÜSAHİBƏ 16 avq 2021, 14:12
Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə gərginlik davam edir. Son hadisələr göstərir ki, Moskva Azərbaycan-Ermənistan sərhədində və Qarabağdakı nəzarətimizdən kənar bölgələrdə vəziyyəti qəsdən kəskinləşdirərək, Azərbaycanın bir sıra məsələlərdə geri çəkilməsinə nail olmaq istəyir.

“AzPolitika.info” mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, son iki həftədir ki, Rusiya sanki bilərəkdən Azərbaycanla münasibətləri kəskinləşdirir, açıq formada Ermənistana tərəfkeşlik edir, bu ölkənin məğlub olan ordusuna hər cür dəstək göstəriləcəyini bildirir. Bir qədər irəli gedən Rusiya Müdafiə Nazirliyi “Dağlıq Qarabağın müdafiə dəstələri” ifadəsini işlədir. Siz Rusiyanın Azərbaycana qarşı bu cür diplomatiya və səmimi əməkdaşlıq ruhundan uzaq addımlarını nə ilə izah edirsiniz?

- Əvvəla, qeyd etməliyik ki, baş verənlər qanunauyğundur və gözlənilən idi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə İlham Əliyev razılıq verdi ki, müharibə dayansın və sülhyaratma missiyası çərçivəsində rus əsgərləri regiona gəlsin. O zaman mən anladım ki, belə də olacaq. Çünki rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi ona xidmət edirdi ki, Qarabağın subyekt olduğunu göstərsin və subyektin hamisi kimi özünü bölgəyə sırımaq hüququ qazansın. Bu qədər sadə. Əsas məqsəd bu idi.

Ancaq sizə səmimi deyim ki, Azərbaycanın bu qərarını mən məmnuniyyət hissi ilə qarşıladım. Niyə? Çünki mən bilirdim ki, işğal altında olan ərazilərimizin 75 faizinin Azərbaycana qayıtmasını tanıyacaqlar. Tanıdılar da. İndi qaldı 25 faiz torpağımız. Burada da Rusiya öz oyununu aparır. Rusiya Müdafiə Nazirliyi bir neçə gün əvvəl elan edib ki, Azərbaycan Silahlı Qüvvələri “Dağlıq Qarabağın Silahlı Qüvvələrinə” atəş açıb. Diqət edin, Putin bir tərəfdən deyir ki, Qarabağ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan torpağıdır, digər tərəfdən də deyirlər ki, “Dağlıq Qarabağın Silahlı Qüvvələri” var. Yəni onların mövcudluğunu qanuni hesab edirlər. Açıq desək, ruslar ikili oyun aparır. Diplomatiya da elə ikili oyundur. Diplomatiya heç vaxt birmənalı oyun olmayıb.

Tarixi hadisələrin gedişat istiqamətini bildiyimizdən mən əminəm ki, narahat olmaq, qorxmaq lazım deyil. Əksinə, təmkin nümayiş etdirmək və səbrlə gözləmək lazımdır. 5, 10, 15, lazım gəlsə 20 il səbr etmək lazımdır. Ruslar buradan suyu süzülə-süzülə gedəcəklər. Necə ki, Vyetnamdan, Kubadan, bütövlükdə ərəb dünyasından, sosialist ölkələrindən və nəhayətdə postsovet ölkələrindən getdilər. Bəli, bəzən münaqişə, bəzən sakit fomada, bəzən cığallıqla bu ərazilərdən getməli oldular. Əsas odur ki, getdilər. Zaman gələcək ki, Rusiya Ermənistandan, elə bizim ərazilərimizdən də gedəcək. Odur ki, baş verənlərin fonunda hansısa sarsıntıya, çarpışmaya, hərəkətlərə, kəllə atmağa və təpik vurmaq haqqında düşünməyə ehtiyac yoxdur. Zaman bizim xeyrimizə, Rusiyanın əleyhinə işləyir. 



- Rusiyanın bu davranışlarının məqsədi nədir, bizi Qarabağda olan 20-25 minə yaxın ermənilərə hansısa status verməyə məcbur etmək istəyirlər?

- Yox, Rusiya Qarabağdakı ermənilərə heç tüpürmək istəmir. Ruslar istəyir ki, burada olsun və qalsınlar. Ruslar istəyir ki, onların buradakı mövcudluğunu biz qəbul edək. 

- Bəyəm biz qəbul etməmişik?

- Etmişik, onları ərazimizə də buraxmışıq. Sadəcə ruslar istəyir ki, biz 4 ildən sonra israr edib deməyək ki, qardaş vaxtın tamam oldu, şələ-şüləni topla get. Onlar istəyir ki, məsələn, biz sülhməramlıların müddətsiz mandatına imza ataq. Biz də bunu istəmirik. O zaman məcbur idi ki, sülhməramlıların 5 il müddətində regionda qalmasına razılaşsın. İndi isə bizi məcbur etmək istəyir ki, 5 illik müddətdən geri çəkilək, müddətsiz müqavilə imzalayaq. Hansısa mandatı onların istəyi ilə uzadaq ki, rus sülhməramlılar istəyəndə gəlib azərbaycanlıların belinə minsin. Onların istəyi budur. Bəli, onlar Ermənistanı məcbur edib, ermənilər də öz süverenliyindən imtina edərək öz ipini Rusiyanın əlinə verib. İndi istəyirlər ki, biz də bunu edək. Biz isə etmirik, qəbul etmirik. Çünki biz Ermənistan deyilik. - Bu məntiqdən belə çıxır ki, Bakı Moskvanın bu istəklərinə qarşı qəti müqavimət göstərir...

- Əlbəttə, müqavimət göstərir. Elə müqavimət göstərməsinin səbəbidir ki, Rusiya əsəbləşir, başlayır bəyanat verməyə, “Azərbaycan ordusunun Dağlıq Qarabağın ordusuna atəş açdığını” deyir. Bu mövqe rusları məcbur edir ki, üzə dursun və bozarsın. - Azərbaycanın Rusiyanın bu istəklərinə müqavimət göstərmək potensialı nə dərəcədə genişdir?

- Müqavimət ondan ibarətdir ki, rusların istəyini yerinə yetirməyək. Kim buna bizi məcbur edir? Oradan Vladimir Jirinovskini hürdürürlər. Buna fikir vermək lazım deyil. Jirinovski haranın tulasıdır? Biz Jirinovskiyə fikir verməsək, onun dediklərinə reaksiya göstərməsəydik, bu zaman məcbur olub Sergey Lavrov danışacaqdı. Lavrova da mədəni şəkildə Ceyhun Bayramov cavab verməli idi. Oyun budur. Hələlik, yaxşı haldır ki, qarşıdurma mükalimə şəraitində, söz dueli formasında keçir. Yəni topla, tüfənglə, raketlə getmir. Müqavimət göstərmək lazımdır. Xarici İşlər Nazirliyinin vəzifəsi nədir? Diplomatik danışıqlar aparmaq, bəyanatlar vermək, vəziyyəti qiymətləndirmək, dövlət başçısına izahat vermək, mübahisəli anlarda mövqeni ifadə etmək və s. Bununla da Ceyhun Bayramov məşğul olsun. Heç kəs Bayramovu yer şumlamağa, xəndək qazmağa göndərmir. Diplomatik vəzifəsini icra edir, Allah köməyi olsun.

Hərbçilərimiz də öz mövqeyini möhkəmləndirir, xəndək qazır, kazarma tikir, yeni hərbi hissələr qurur və s. Bunlar da normaldır. Hər kəs öz peşəsi ilə məşğul olmalıdır. 

- Bəzi ekspertlər qeyd edirlər ki, Rusiyanın bu qanundankənar davranışları və təzyiqlərinin bir məqsədi də Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya Birliyinə daxil olmağa məcbur etməkdir. Sizcə, Moskvanın belə planları ola bilərmi?

- Mən bunu istisna etmirəm, ola bilər ki, belə istəkləri var. Ancaq bizim istəyimiz yoxdur. Belə işlərdə istək qarşılıqlı olmalıdır. Mümkündür ki, Moskvanın belə istəyi var, mən bunu bilmirəm. Lakin Azərbaycanın nə KTMT-yə, nə də Avrasiya Birliyinə daxil olmaq fikri var. Biz Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Tacikistan və digər ölkələrlə ikitərəfli əməkdaşlıq şəraitində - hərbi sahədən tutmuş iqtisadi sahəyə qədər - əməkdaşlıq etməyə hazırıq. Bunu edirik də. Biz həm də Qoşulmama Hərəkatının üzvüyük. Bu hərakatın dünyadakı nüfuzu da KTMT-dən qat-qat böyükdür.



- Daha bir diqqətçəkən məqam onunla bağlıdır ki, rus hərbçilər son vaxtlar Ermənistanın Azərbaycanla sərhəd bölgələrində peyda olublar. Konkret olaraq Qazaxla üzbəüz yerləşən Ermənistanın Tavuş bölgəsində və Kəlbəcərlə sərhəd Vardenis rayonunda. Ruslar delimitasiya və demarkasiya getmədən Azərbaycan sərhədləri yaxınlığında özlərini göstərməklə hansı mesajlar verməyə çalışırlar?

- Bir var mesajı ağılla oxuyasan, bir də var ağılsız oxuyasan. Nümunə gətirim, insanlar öz hesablarını götürsünlər. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin uzunluğu 996 kilometrdir. 996 kilometrlik sərhəddə nə delimitasiya, nə də demarkasiya aparılmayıb. Rus hərbçilərinin sayı nə qədərdir ki, gəlib 996 kilometrlik sərhədə yerləşsin? Bunun üçün minlərlə əsgər lazımdır. O qədər rus sərhədçisi yoxdur. Gümrüdəki rus bazasında 5 minə yaxın personal var. Onun da 80 faizi Ermənistan vətəndaşlarıdır. Onlar rus ordusunda müqaviləli xidmət edirlər, normal maaş alırlar, ailələrini dolandırırlar və vəziyyətdən razıdırlar. Təxminən 4 minə yaxın da rus sərhədçisi var ki, Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyurlar. Ermənistanın İranla 40 kilometrdən bir qədər az sərhədi var. Eləcə də Ermənistan-Türkiyə sərhədinin uzunluğu 311 kilometrdir. Ancaq 996 kilometrlik Ermənistan-Azərbaycan sərhədini qorumaq üçün Rusiyanın canlı qüvvəsi yoxdur. Sərhədə hansısa bir rus əsgəri göründü, sonra çıxıb getdi və ya qaldı, bəyəm bu bizim üçün təhlükədir? Vecimizə almayaq. Əgər ruslar gəlib sərhəd boyu postlar qurmaq, qurğular gətirmək, neytral zolaq şumlamaq, elektrik çəkmək kimi işə girişsələr, başqa məsələ. Ancaq bütün bunlar bilirsinizmi neçəyə başa gələr? 100 milyonlara dollara! Nə Ermənistanın belə pulu var, nə də Rusiya bu pulları xərcləmək istəmir. Elə bu pulları Rusiyadan qaçıraraq gedib xaricdə malikanələr, yaxtalar alarlar. Odur ki, heç kəs orada böyük sərhəd xidməti vəzifəsini boynuna götürmək istəmir. Ermənistanın isə bunun üçün nə gücü, nə maliyyəsi, nə də adamı yoxdur. Ermənilər qaçırlar, heç kəs Ermənistanda yaşamaq, orada qulluq etmək istəmir. 5-10 yetim-yesirin övladına hərbi forma geyindirərək salıblar ortaya. Onlar da İrəvan hökumətinin səfeh siyasətinin qurbanlarıdır. Ancaq Ermənistanın gələcəyi yoxdur. Reallığı tanımasa, barışmasa və beynəlxalq hüquqa uyğunlaşmasa, Rusiyanın qapazaltısı kimi qalacaq və Ermənistanın gələcəyi olmayacaq.



- Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Arşak Karapetyanla görüşü zamanı açıq elan etdi ki, Ermənistan ordusunun döyüş qabiliyyətini bərpa etməyə, habelə hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazırdır. Bu Ermənistanı yeni müharibəyə hazırlamaq, İrəvandakı revanşist qüvvələrin mövqelərini gücləndirmək deyilmi?

- Bir var söz, bir də var əməl. Rusiya Ermənistana hərtərəfli hərbi-texniki və maliyyə dəstəyi göstərdi. Əvvəla, VII ordunun silahını verdilər, sonra Yeltsin dövründə 1 milyard dollarlıq pulsuz silah bğışladılar, Putin dövründə də Ermənistana hey silah-sursat göndərildi və ya bağışlandı. Son 44 günlük müharibə zamanı Azərbaycan Qarabağda 360 tank məhv etdi və ya qənimət kimi götürdü. Təsəvvür edin ki, 360 tank - 4 tank diviziyası deməkdir. Biz 4 tank dviziyasını məhv etdik, hansı ki, son 30 ildə yaradılmışdı. İndi Rusiyanın pul və imkanı varmı ki, yenidən bu qədər hərbi strukturlar yaratsın? Pulu da yoxdur, niyyəti də. Şoyqu Karapetyana bir xəncər bağışladı və dedi ki, bu o deməkdir biz Ermənistana təzədən silah verməyə başlayrıq. Karapetyan da minnətdarlıq etdi. Bəziləri bunu belə izah edir ki, guya ruslar erməni ordusuna ən müasir silahlar verəcək. Amma nəzərə alın ki, belə silahlar rus ordusunda azdır. Bu ölkənin hərbi sənayesi çöküb. Nəhayət, Ermənistana 3-4 raket verilsə, guya bununla qüvvələr nisbəti dəyişir? Ermənistanın 5-6 ədəd “İskəndər” raketləri var idi, bunun da haradasa iki və ya üçünü atdı. Nəsə dəyişdi? Adi, ənənəvi silahlarla Ermənistanın yarası sağalan deyil. Onun əhalisi acdır, maliyyə imkanları yoxdur. Ütəlik, nə həvəsi, nə də imkanı var ki, yenidən güclü ordu qursun. Bu fakt və reallıqdır. Bir daha qeyd edirəm ki, buna görə təşvişə düşmək, həyəcan yaşamağa əsla ehtiyac yoxdur. Qoy danışsınlar, Şoyqu Karapetyana xəncər bağışlasın, o da desin ki, biz dostuq, müttəfiq ölkəyik. Sözdür deyirlər də. Bizdə də müxalifət hər seçkidə bəyan edir ki, bu seçkini udacağıq. Desinlər də, nə olsun.

- Demək istəyirsiniz ki, indi Rusiyanın həm hərbi, həm də siyasi pressinqləri diplomatiyada məqsədlərini əldə etmək üçün boş gedişlərdir?

- Bəli. Onlar hesab edirlər ki, Azərbaycan zəif tərəfdir. Biz Azərbaycana təzyiq edək, oradan Jirinovski hürsün, buradan bəyanat verək, 200 ermənini Xankəndinə gətirək. Beləcə, Azərbaycanı qorxudaq. 200-300 erməni hərbçisi Qarabağa gəlib nə edəcək? Lap 5 min olsun. Onlar 50 minlik ordunun - bizim 4 korpusun əhatəsindədirlər. Halbuki, bizim fikrimiz də yoxdur onlara toxunmağa. Bizə atırlar, biz də cavab veririk. Yəni həddini bil. Mən hesab edirəm ki, biz gözləməliyik, zaman bizim xeyrimizə işləyir.

- Azərbaycan bir neçə gün əvvəl İrana nota təqdim etdi. İranın, nümayişkəranə şəkildə, aylardır Bakının nəzakətli etirazlarına məhəl qoymadan Xankəndinə yük avtomobilləri göndərməsi Azərbaycan-İran münasibətlərinin gərginləşməsinə səbəb olub. Siz bu münasibətləri, daha doğrusu Tehranın hərəkətlərini necə qiymətləndirirsiniz?

- İranın xoşuna gəlməyən odur ki, Azərbaycan Türkiyə ilə yaxınlaşır. Niyə? Türkiyə NATO dövlətidir, Qərb hərbi-siyasi maşınının tərkib hissəsidir. Çox da müsəlman dövlətidir. İranın Türkiyə ilə hərbi-siyasi məqsədləri üst-üstə düşmür. Azərbaycanın Türkiyəyə yaxınlaşması da İranın xoşuna gəlmir. Və bunu da açıq deyə bilmir. Narazılığını Ermənistana onların istədiyi hansısa malları verməklə bildirir. Bu malları da yük avtomobilləri gətirir. Həmin tırların sürücülərinə də deyirlər ki, yükü boşaltma, sür Xankəndinə, sənə artıq pul verəcəyik. Sürücü də sürür, şoferdir də, pul qazanmaq istəyir. Bizimkilər də bunu çəkir, faktlar toplayır. İrana bu haqda bir dəfə, iki dəfə deyirlər, indi də daha açıq deyiblər. Narahat olmaq lazım deyil ki, tırlar Xankəndinə nəsə daşıya bilər. Nə daşıya bilər ki, bizə təhlükə törətsin? Məncə, bizim bu xəbərdarlığımız kifayətdir ki, İran siyasi rəhbərliyi özünü yığışdırsın. Çünki Azərbaycan hakimiyyəti açıq desə ki, ay İran, sən islam ərazisinə təcavüz edən dövlətə yardım edirsən, Azərbaycan xalqının mənafeyinə toxunursan, bu kifayət edər ki, Təbriz ayağa qalxsın. Biz bunu etmirik, ona görə ki, İranla münasibətləri pozmaq istəmirik. Eyham etdik ki, özünü yığışdır, yoxsa biz çomağın o biri tərəfini çevirərik. Diplomatik oyundur, söz davası gedir. Bütün bunları sakit və normal şəkildə müşahidə etmək lazımdır. 

- Rusiya və İranın Azərbaycana qarşı koordinasiyalı fəliyyətini müşahidə edirsinizmi?

- Bəzi istiqamətlərdə Rusiya və İranın mövqeyi üst-üstə düşür, bəzi istiqamətlərdə mövqelər ziddiyyətli olur. O cümlədən Qarabağ məsələsində. İran istəməzdi ki, Ermənistan və Qarabağ Rusiyanın təpiyi altında olsun. Ancaq istəmir ki, Azərbaycan da güclənsin, Türkiyə ilə yaxınlaşsın. Arzu edir ki, biz İranla yaxınlaşaq. Amma Azərbaycan siyasi rəhbərliyinin mövqeyi Türkiyə ilə əməkdaşlıq və yaxınlaşmaqla bağlıdır. Biz bunu bildiyimiz üçün İranla münasibətlərə də dözümlü yanaşmalıyıq. Rusiya ilə birləşib bizə qarşı nə edə bilərlər? Qarabağ məsələsində İran Azərbaycana qarşı heç nə edə bilməz. Niyə? Çünki Cənubi Azərbaycan amili var. Bu İran üçün intihara bərabər olardı. Əgər Qarabağ məsələsində açıq şəkildə Ermənistan və Rusiyanın tərəfinə keçsəydi, elə cavab alardı ki, peşman olardı. Mən əminəm ki, onlar belə etməyəcək və son hadisələrdən nəticə çıxarmalı olacaqlar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top