COVID-lə bağlı statistika artan şkala üzrə dəyişir

SOSİAL MEDİA 11 avq 2021, 16:10
Yoluxma sayında artım bu templə davam etsə, vətəndaşı qorumağın başqa yolu qalmayacaq, yenidən məhdudiyyətlərin tətbiqi gündəmə gələcək.
   
Azərbaycanda COVID-19-a yoluxma və ölüm halları ilə bağlı durum yenidən ciddi narahatlıq doğuran mərhələyə qədəm qoyub. Atrıq gündəlik yoluxma 2 minə yaxın bir rəqəmlə ifadə olunmaqdadır. Hansı ki, iki həftə bundan öncə bu göstərici 200-300 rəqəmi ətrafında, ölüm halları isə yox dərəcəsində idi. Son günlər yenidən xəstəxanalara müraciət edənlərin, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, üstəlik ölüm hallarının sayında ciddi artımın olması barədə xəbərlərlə baş-başayıq.

Səbəblər üzərində dayanarkən, ilk növbədə bir faktı vurğulamaq vacibdir ki, yoluxmada baş verən nəzərəçarpacaq artım təkcə Azərbaycanda müşahidə edilmir. Dünyada, əsasən də region ölkələrində (Rusiya, İran, Gürcüstan, Türkiyə) analoji vəziyyət hökm sürməkdədir.  Məsələn, Türkiyədə gündəlik yoluxma son 3 ayda kəskin artıb və rəqəmlərə istinad etsək, iyul ayı ilə müqayisədə yoluxanların sayının 6 dəfə artdığını görərik (iyulda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir).

Qonşu Gürcüstandakı vəziyyət də ürəkaçan deyil. Yoluxma 3 mini ötüb, ölüm halları hətta 30 rəqəmi ilə ifadə olunur. Artıq Gürcüstan bir sıra qadağaları yenidən bərpa etmək istiqamətində addımlar atmaq zorunda qalıb. 

Rusiyadakı durumu aydın təsəvvür etmək üçün yalnız paytaxt Moskvada olan yoluxmaya diqqət etmək kifayətdir. Belə ki, son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. 

İranda da fərqli mənzərə mövcud deyil. Yoluxmada son vaxtların maksimum göstəricisi müşahidə edilir (bir gündə 39 min 619 yoluxma halı). 

Ölkəmizdə  yoluxma hallarının analoji vəziyyətlə inkişaf etməsinin səbəbi sırasında təbii ki, karantin rejiminin yumşaldılması öndə gəlir. Qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun  açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına rəvac verən amillərdəndir. Etiraf etməliyik ki, məhz qadağaların ləğvı böyük bir arxayınlıq yaradıb. Gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması halları adiləşib. Təəssüf ki, artan statistika fonunda bəzən virusun yalan olması kimi çaşqınlıq yaradan fikirlər də yayılmaqdadır...

Hər birimiz məsələnin ciddiliyini anlamalıyıq. Virusun yeni ştammlarının region ölkələrində yayılması faktı ilə üz-üzəyik. Bu, bizim üçün də ciddi siqnal olmalıdır. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər ölkələrin ekspertlərinin rəylərinə diqqət etmək yetər ki, təhlükənin sovuşmadığı anlaşılsın. Ekspertlər yeni ştammlar yarana bilməsi,  həmçinin bu ştammların vaksinlərə qarşı müqavimət göstərə bilən ştammlar ola biləcəyi ilə bağlı həyəcan təbili çalırlar.

Belə bir durumda vətəndaş olaraq dövlətin gördüyü tədbirlərə adekvat davranmalı, daha məsuliyyətli olmalıyıq. Azərbaycanın COVID-19-la effektli mübarizəsi və bunun sayəsində müsbət nəticələr əldə etdiyi ÜST tərəfindən də bəyan olunub və nümunəvi ölkə kimi vurğulanıb. Pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılıb, bütün texniki-təşkilati məsələlər uğurla həll edilib, Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb. 

Faktlara diqqət edək: qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib, COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mini ötüb, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə, təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib, cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlanılıb və 99.94 faizə “Sinovak”, qalanına isə “AstraZeneca” və “Sputnik” olmaqla, peyvəndləmə həyata keçirilib. Beləliklə, pandemiya ilə mübarizə istiqamətində sistemli və davamlı fəaliyyətin şahidiyik.

Əldə olunan müsbət nəticələrin itirilməməsi üçün, ilk növbədə vaksinasiya prosesinə ciddi yanaşmalıyıq. Bununla yanaşı, qapalı məkanlarda tibbi maskadan istifadəyə diqqət etməliyik. Təəssüf ki, qadağanın ləğvi və yaranan arxayınlıq maskadan istifadə hallarını heçə endirib. Təkcə bumu? Bu gün ciddi şəkildə ara məsafənin saxlanmaması, gigiyenik qaydalara riayət edilməməsi halları da adiləşməkdədir. Belə davam etsə, qadağalara dönüş qaçılmaz olacaq. Yoluxma və ölüm sayında artım bu templə davam etsə, vətəndaşı qorumağın başqa yolu qalmayacaq, yenidən məhdudiyyətlərin  tətbiqi məsələsi gündəmə gələcək. Bu isə psixoloji, sosial-iqtisadi və s. baxımdan arzuolunan deyil: nə vətəndaş, nə də ölkə üçün...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top