“Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi çox təhlükəlidir”

MÜSAHİBƏ 07 avq 2021, 00:12
Rusiya sərhədçiləri Baş nazir Nikol Paşinyanın istəyi ilə Azərbaycanın Qazax-Tovuz rayonları ilə həmsərhəd olan Ermənistanın Tavuş məntəqəsində yerləşdirilib. Halbuki həmin istiqamətdə Azərbaycanın 7 kəndi Ermənistanın nəzarətindədir və onların işğaldan azad edilməsi də müzakirə mövzusudur.
 
Sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev Reyting.az-a müsahibəsində Rusiya hərbçilərinin Azərbaycanın dövlət sərhəddinə cəmləşməsindən də danışıb:
 
- Əslində Ermənistan çalışır ki, Azərbaycanı təxribata çəksin. Kəlbəcər istiqamətində bu təxribatlar alınmadı. Ona görə də təxribat törədiləcək yerlərə digərləri əlavə olunur. Naxçıvan və Kəlbəcərdən savayı bu siyahıya Daşkəsən və Gədəbəy əlavə olunmuşdu, indi isə Qazax rayonunu əlavə edirlər.
 
Məsələ ondadır ki, Qazax rayonunun 7 kəndi ilə bağlı məsələ də 10 noyabr sazişinin birinci bəndində nəzərdə tutulurdu, amma sonradan bu məsələ diqqətdən yayındı, uzun müddət hamı susdu. İndi yenidən bu məsələ gündəmə gəlib. Əslində bu layihə ermənilərin deyil, ruslarındır. Çünki rus sülhməramlıları yerləşən həmin əraziyə Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan boru xətti və qaz kəmərləri yaxındır. Ruslar uzun müddət idi ki, bu əraziyə yerləşmək istəyirdilər. Nəhayət ki, arzularına çatdılar.
 
- Amma Tavuşdakı rus əsgərləri sülhməramlı deyillər, sərhədçilərdir...
 
- Yox, bütün hallarda onlar sülhməramlı adı altında yerləşirlər. Əvvəla, hansı bir dövlət öz sərhədlərinin 100 faizini başqa bir dövlətin sərhədçilərinə verər? Onda həmin ölkə dövlət deyil ki... Əgər Ermənistanın bütün sərhədlərini rus əsgərləri qoruyacaqsa, deməli, Ermənistan adında dövlət yoxdur, bu, Rusiyanın bir əyalətidir. Onsuz da bu, Ermənistanın aşağılanmasıdır. Amma bu, bütün hallarda həm də Azərbaycana qarşı siyasi təzyiq formasıdır. Çünki Azərbaycan həmin kəndləri qaytardıqdan sonra, orada rus qoşunları yerləşirsə, bu halda bizim orada yaşayacaq sakinlərin təhlükəsizliyinə təminat yoxdur. Əgər belə təminat olsaydı, ermənilər Qarabağ ərazisindən Ağdamı atəşə tutmazdılar. Bu o deməkdir ki, Rusiya Azərbaycana qarşı növbəti təxribatını Paşinyanın əli ilə hazırlayıb. Paşinyan da hakimiyyətdə möhkəmlənmək üçün Rusiyanın bütün təkliflərini qəbul edib. Həm daxili publikaya hesablayıb ki, sakitləşmə olsun, həm də kənar təzyiqlərdən qorunur. Ancaq bütün hallarda rus səgərlərinin orada yerləşdirilməsi Azərbaycanla razılaşdırılmalıdır.
 
Digər tərəfdən, həmin ərazilər qaytarılacaqsa, Azərbaycanın bu kəndlərin təhlükəsizliyini necə təmin edəcəyi məsələsi var. Çünki ora sərhəddin içində anklavdır. Eləcədə Kərki kəndi. Bu kəndlərə hansı təminat veriləcək? Əks halda o kəndlərin qaytarılmasının mənası olmayacaq. Həmin ərazilər yenə ermənilər tərəfindən əkilib-becərilir, yenə oradakı evlər yandırılacaq. Yaşayan ermənilər də özünü oranın sakini kimi aparır. Necə ki Laçında 30 il yaşamış ermənilər deyir ki, “bura bizim evimizdir”. Bunlar belə bir həyasız tayfadır.
 
Hesab edirəm ki, indi Qazax istiqamətində Ermənistan sərhəddində rus səgərlərinin yerləşdirilməsi Azərbaycan üçün mənfi haldır. Görünür Rusiya-Azərbaycan arasında əməkdaşlıq səmimi deyil.
 
- Sizcə, ruslar nə istəyir?
 
- Ruslar həmin əraziyə girəndə bilirlər ki, bura həm də Gürcüstan-Ermənistan sərhəddidir. Yəni ərazi yaxınlığında 3 ölkənin sərhədi var.
 
Bildiyiniz kimi, bir neçə gün əvvəl bir sıra qərb ölkələri birgə bəyanat yayaraq Rusiyadan tələb edib ki, Abxaziya və Cənubi Osetiyadan ordusunu çıxarsın. Rusiya Gürcüstana qarşı təxribatlar törətmək üçün yeni məkan axtarır. Bunun üçün onlara ən uğurlu yeri ermənilər təqdim edir. Bu ərazi həm Azərbaycanı, həm Ermənistanı, həm də Gürcüstanı Rusiyanın təsir dairəsində saxlamaq imkanı verir. İstənilən zaman həmin ərazidə təxribat törədilə bilər. Ərazi önəmlidir və təsadüfən seçilməyib. Məncə, bu məqamı diqqətdən qaçırmaq olmaz. Həm də Azərbaycanın dünyaya açılış dəhlizi həmin ərazinin yaxınlığından keçir. Bizim hansı zəmanətimiz var ki, oradan keçən yeraltı və yerüstü xətlərimizə təhlükə yoxdur?
 
- İndi diqqəti həm də Ermənistanın davranışları cəlb edir. Nikol Paşinyanın müharibədən sonrakı hərəkətlərini necə qiymətləndirirsiniz?
 
- Əlində Nikol Paşinyan seçkilərə qədər özünü fərqli aparırdı. Seçildi və sonra erməni xislətinə uyğun olaraq yaltaqlıq, yalançılıq, təlxəklik kimi bütün variantlardan istifadə etməyə başladı. Ermənilərdən səmimilik gözləmək sadəlöhvlük olardı.
 
- Paşinyan son zamanlar Zəngəzur dəhlizi ilə bağlı anlaşılmaz fikirlər işlədir, belə bir məsələnin ümumiyyətlə müzakirə edilmədiyini deyir. Məqsəd nədir, doğurdanmı Ermənistana blokadadan çıxmaq lazım deyil?
 
- Əvvəla, Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi çox təhlükəlidir. Dünən Nikol Paşinyan Tehranda olub və keçirdiyi görüşlərdə Mehridə azad iqtisadi zonanın yaradılması məsələsi gündəmə gəlib. Əgər orada azad iqtisadi zona yaradılsa, Zəngəzur dəhlizi avtomatik olaraq gündəmdən çıxır.
 
İran çox təhlükəli oyuna girdi. Paşinyana da bu sərf edir. İranla onsuz da Ermənistanın gözəl münasibətləri var idi, indi əlaqələr daha da genişlənir. Aydındır ki, farsla rus xalauşağıdır. Ermənilərlə bu məsələdə anlaşmağı da ruslar tapşırıb. Putin üzdə nə qədər desə ki, Zəngəzur dəhlizi ona lazımdır, düşünürəm, indiki şəraitdə belə bir dəhliz ona lazım deyil. Ən azından Rusiya dövlətini dağılmaqdan qorumaq üçün ona 1-2 il zaman lazımdır ki, Zəngəzur bu müddətə açılsın. Bu müddətdə də Putin SSRİ məsələsini həll etmək istəyir. Əgər bu imperiyanı bərpa edə bilsələr Ermənistan da ora daxil olacaq, Azərbaycanı da məcbur edə bilsələr sərhəd məsələsi gündəmdən çıxar. Rusiyanın uzaq məqsədi budur.
 
Mən bilmirəm, siz, Jirinovskinin yeni çıxışına baxmısınız ya, yox. Ancaq ikinci çıxışı birincisindən də pisdir. Artıq xalqımızı təhdid etməklə yanaşı “Beşinci kolon”a mesaj verdi ki, fəaliyyətə başlayın, türklərin gəlməsi sizi yenidən istismara aparacaq. Jirinovski bilir ki, bu asan olmayacaq, ona görə “Beşinci kolon”a da mesaj verir. Yəni 1920-ci ildə olduğu kimi, istəyirlər, şüurlarda belə fikir formalaşsın ki, biz Rusiyasız yaşaya bilmərik, yeganə xilaskarımız Rusiyadır.
 
Türklərlə bizim aramıza girirlər. Biz deyəndə ki, Jirinovski Rusiyanın sözçüsüdür, bəziləri deyir, ona fikir verməyin. Ona “fikir verməyin”, - deyənlər elə “Beşinci kolon”un nümayəndələridir. Necə yəni fikir verməyin? Adam dövləti, milləti təhqir edir, bizə barmaq sirkələyir, kimlərsə də deyir ki, “ona fikir verməyin”. Amma fikir də vermək lazımdır, tutarlı cavab da.
 
- Siz iddia edirsiniz ki, Ermənistan, İran və Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil?
 
- Bu dəqiqə heç biri maraqlı deyil. Son 200 ildə bu regionu idarə edən dövlət birdən-birə Mehri dəhlizinin açılmasına dair tender elan edir və bu, azad iqtisadi zona olur. Bu, o deməkdir ki, 10 noyabr və 11 yanvar bəyanatı heç bir hüquqi əsasa malik deyil.
 
- Bu halda Rusiya prezidenti Vladimir Putinin imici korlanmırmı?
 
- Putinə imic maraqlı deyil, çalışır ki, Rusiyanın maraqlarını təmin etsin. İmic və digər məqamları biz düşünürük, onlar elə şeyləri diqqətə almır. Bu saat Rusiyada şovinizm elə həddədir, Putin məcburdur ki, onları ələ alsın. Odur ki, onun üçün Azərbaycanın və ya Ermənistanın maraqları yoxdur, ancaq Rusiyanın Qafqaz maraqları var.
 
- Bu halda biz nə etməliyik?
 
- Biz güclənməli, millət kimi bir yerdə - dövlətimizin yanında olmalıyıq! Eyni zamanda Türkiyə və Pakistanla əlaqələrimizi daha da inkişaf etdirməliyik. Amma müsəlman dövləti kimi İrana bel bağlamaq bizim faciəmizə çevrilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top