Deputat həmkarından Tahir Kərimliyə SƏRT CAVAB

GÜNDƏM 03 avq 2021, 20:05
 Milli Məclisdə polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunan millət vəkili Eldəniz Səlimovla bağlı növbədən kənar iclas keçirilib.

Həmin iclasda bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin çıxışı diqqət çəkib və sosial şəbəkələrdə də qızğın müzakirələrə səbəb olub.

Tahir Kərimli

“Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimdə 10 dəqiqəlik səsə qulaq asmağa dəvət edəcəm. Mən kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

Tahir Kərimlinin bu sözləri həmkarları tərəfindən heç də birmənalı qarşılanmayıb.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, “deputatın yiyəsi yoxdur” fikrini yersiz hesab edir: “Deputatın niyə yiyəsi olmalıdır? Öz şəxsiyyətinə hörmət edən, özünə güvənən, qanunu yaxşı bilən və principal mövqeyini qoruya bilən deputata kimsə artıq söz deyə bilməz. Depuatın fəaliyyətini konstitusiya tənzimləyir. Əgər deputat öz şəxsiyyətini uca tutursa, onun sözünü kim eşitməyə bilər?”.    

Fazil Mustafa

O qeyd edib ki, əgər hansısa deputat özünü deputatlığa yaraşmayan şəkildə aparırsa, bunu ümumiləşdirmək olmaz.

“Polisin də öz funksiyası var. Polis tərəfindən də hər hansı qanun pozuntusu yolverilməzdir. Bu gün keçirilən növbədənkənar iclas da onu göstərdi ki, Azərbaycanda qanunun aliliyinə hörmət olunur və hətta deputat belə polisə zorakılıq edirsə, onunla bağlı tədbir görüləcək. Vaxtilə biz deyəndə ki, Azərbaycanda polisə qarşı qanunazidd hərəkətlər olmamalıdır, kimlərsə öz xəstə təfəkkürü ilə bizi polisi müdafiə etməkdə günahlandırdı. Yox, əksinə, polisin yalnış hərəkəti varsa, deputat da onunla bağlı məsələ qaldıra bilər. Amma polisi döymək ayrı məsələdir”, - deyə F.Mustafa vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top