Politoloq: "Bu dəfə Paşinyana əvvəlki illərdən çətin olacaq"

GÜNDƏM 03 avq 2021, 13:35
“Ermənistan prezidenti parlament seçkisində qələbə qazanan Nikol Paşinyanı rəsmən baş nazir təsdiq etdi. Paşinyan da vaxt itirmədən nazirlərini və parlamentin rəhbər strukturlarını təyin etməyə başladı. Buna baxmayaraq, Paşinyana əvvəlki illərdən çətin olacaq”.
 
Bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

O, bildirib ki, Paşinyanın hakimiyyətini möhkəmləndirməsi və öz siyasətini yürütməsi artıq daha çətin olacaq:

“Çünki keçən parlamentdə müxalifətin əsas hissəsi ilə dialoq mümkün idi, Paşinyan onları tez-tez iqamətgahına dəvət edir, fikir mübadiləsi aparırdı. “Qarabağ klanı”nın timsalında indiki müxalifət isə Paşinyana qarşı barışmaz mövqedən çıxış edir, ilk gündən parlamentin işini iflic etməyə çalışıblar. Sözəbaxan müxalifət parlamentdən kənarda qaldı. Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir.  

Paşinyan xarici siyasət və təhlükəsizlik məsələlərində naşıdır. Məhz Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu”. 



Politoloqun fikrincə, Paşinyan daxili siyasətə önəm versə də, burda da onu çətin dövr gözləyir:

“Paşinyan daxili siyasətə daha çox maraq göstərir. Paşinyanın nəyi də olmasa onun ismi eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan fərqli olaraq, korrupsiya qalmaqallarında hallanmayıb. Paşinyan islahatlar aparmağa meyllidir. Ancaq orası da var ki, müharibədə ağır məğlubiyyətin və Ermənistanın verdiyi itkilərin yerini doldurmaq ona çətin olacaq, ölkəni tərk edənlərin – itirilən işçi qüvvəsinin sayı da artır. Rusiya Paşinyana havayı pul verəsi deyil, Qərbin pulları isə ancaq hələ ki, vədlərdədir. 

Nikol Ermənistanın iki böyük qonşusu – Türkiyə və Azərbaycanla normal münasibətlərə malik olması reallığını anlayır. Müharibədən sonra bu mövzuda onun müəyyən etirafları da oldu. Fərqli dövlətlərə “gəlin bizi Azərbaycandan qoruyun” çağırışlarının nəticə vermədiyini həm Paşinyanın özü, həm də erməni cəmiyyəti əyani gördü. Paşinyan Azərbaycanla sülh sazişi imzalamadan və qonşusuyla sərhədləri müəyyənləşdirmədən bölgədəki gərginliyin azalmayacağını da anlamamış deyil. Ancaq bunları anlamasına baxmayaraq, erməni beyinlərinə hakim olan “türk düşmənçiliyi” stereotipindən qurtulamağa tələsmir. Bundan qurtulmadan isə bölgədəki gərginliyi azaltmaq və islahatlarda nəyəsə nail olmaq mümkün deyil”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top