İdman ölkəsi kimi tanınan Azərbaycana nə oldu? — İdmançılarımızın Tokio biabırçılığı

İDMAN 03 avq 2021, 13:29
"Tokio-2020" Yay Olimpiya Oyunları sona yaxınlaşır. Yaponiyaya 44 idmançı ilə yollanan millimizin heyətində artıq 26 atlet çıxışını bitirib. Cəmi 2 medal qazana bilmişik. 24 atletimiz uğursuzluqla üzləşib.

Dünya arenasında bu günə qədər xeyli sayda idman oyunları keçirilib. Bu oyunların bəzilərində Azərbaycan da istər yerli, istərsə də xaric idmançılarla təmsil olunub. İrimiqyaslı idman oyunlarına nəzər salsaq, görərik ki, Azərbaycan bu oyunların bəzilərində nisbətən müsbət, bəzilərində isə mənfi nəticələr göstərib. Ölkəmizdə digər sahələrdə olduğu kimi idman sahəsinin də inkişafı hər kəsin arzusudur. İdmanın təkcə futbol deyil, digər növlərində də uğurlu nəticələr olduqca azdır.

Hazırda Tokio-2020 Yay Olimpiya Oyunları keçirilir. Bu oyunlara Azərbaycan 44 idmançı ilə qatılmışdı. Həmin idmançılar 40 lisenziya qazanaraq 14 idman növündə çıxış edirlər. Bu oyunlarda əksər idmançılarımız siyahıda son yerlərdə qərarlaşıblar. Oyunlarda ilk medalı isə 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerskaya qazanıb. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medal qazanıb.

Digər idmançılarımızdan bəziləri isə çox zəif nəticələrlə yarışmanı başa vurub. Hətta idmançılarımızdan bəziləri isə finiş xəttinə belə gedib çata bilməyib. Bu cür nəticələr isə ölkəmizdə müsbət qarşılanmadı. Düzdür, keçmiş oyunlara nəzər salsaq, Azərbaycanın medal qazanma sayında artım müşahidə olunurdu.

Məsələn, XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb. XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medalla ümumi hesabda 206 dövlət arasında medal sayına görə 15-ci, medal əyarına görə isə 39-cu pillədə qərarlaşıb.

Nəticələrdə müsbət dinamika isə ölkəmizdə idmanın inkişafı, bu sahəyə diqqət və qayğıdan xəbər verirdi. Amma hazırki nəticələr bu fikirləri kölgədə qoydu. Çünki hələ ilk mərhələdə uduzan, qrupda qalan xeyli idmançılarımız oldu. Oyunlarda ən yüksək nəticəmiz isə bürünc medallar olub.

Bəziləri bu zəif nəticələri pandemiya dövrü ilə əlaqələndirir. Amma nəzərə almaq lazımdır ki, pandemiya bütün dünyada hər sahəyə mənfi təsir edib. Bu oyunlarda isə heç bir ölkə Azərbaycanın göstərdiyi kimi zəif nəticələr göstərmir.

Çox zəif nəticə göstərən komandadan biri də cüdo növü üzrə komandamız oldu. Oyunlardan sonra komandanın bütün məşqçiləri istefaya göndərilib. Belə ki, avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. İclasda federasiyanın baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak edib. Kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək
millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib.

Tanınmış idman mütəxəssisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, idmançılarımızın zəif nəticələr göstərməsinin əsas səbəblərindən biri pandemiyanın göstərdiyi təsir oldu:

"Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının zəif nəticə göstərməsinin bir çox səbəbləri var. İki ilə yaxındır ki, bütün dünyada tüğyan edən pandemiya idmana da çox təsir edib. Uzun müddət qapalı məkanlar bağlı olduğundan, sərt karantin rejimi uzun müddət tətbiq olunduğundan idman zalları da qapalı qaldı. İdmançılarımızın yetərli məşq etmək imkanı olmadı. Çünki bu şərait bütün idman növündə yox, bir qrup idman növünə yaradıldı. Yəni pandemiya öz mənfi təsirini göstərə bildi. Elə idmançılar var ki, əvvəlki güclərini göstərmək üçün heç 50 faiz hazırlaşa bilməyiblər. Məşqdən əlavə burada psixoloji tərəflər də oldu, maska taxmaq, karantin rejimi və s. Bu, səbəblərdən sadəcə biridir. Ayrı-ayrılıqda Federasiyalarla götürsək, bir çox səbəblər də ortaya çıxar. Məsələn cüdo yığması məşqçilər heyəti istefaya göndərildi. Bu, tamamilə doğru qərar olsa da, sonradan verilmiş qərar oldu. Bunu əvvəldən düşünmək lazım idi. Onlarda məşqçi seçimi çox səhv idi. Cüdo yığmasına yaradılan şərait heç bir idman növünə yaradılmamışdı. Amma ortaya qoyulan nəticə çox zəif oldu. Cəmi bir medal qazanıldı, bu da çox zəif və qəbuledilməz nəticədir.

Digər idman növlərində də böyük nəticələr gözləmək olmazdı. İndi ümid karate və güləşədir. Orada görülən işin nəticəsini yaxın günlərdə görəcəyik. Güləş bizim milli idman növüdür. Burada uğur qazanmağa haqqımız var”.

Kənan Məstəliyev onu da qeyd edib ki, idman sahəsində ciddi islahatlara ehtiyac var:

"Ümumi olaraq qeyd etmək olar ki, Azərbaycanda idman siyasətində problemlər yaranıb. Azərbaycan idmanında yeni bir səhifə açmağın vaxtıdır. İdmanın yuxarıdan aşağı qurulan strukturu artıq köhnəlib. Sovet düşüncəli insanların yer aldığı, 30 il keçməsinə baxmayaraq yeni metodlarla razılaşmaması, gənc nəsilə imkan verilməməsi Azərbaycanda idmanın gəldiyi nöqtədən daha yuxarıya getməsinə imkan vermir. Çox gözəl infrasturkturumuz var, amma onlardan doğru istifadə olunmur. Bu sahədə ciddi islahatlara ehtiyac var”.

Son illər Azərbaycanda bir çox sahələrdə islahatlar aparılır. Çünki ölkədə hər bir sahənin inkişafı ölkə başçısının diqqəti altındadır. Prezdentin tapşırığı ilə həyata keçirilən yeni islahatlar bir çox sahələrin inkişafına səbəb olub. Ümid edirik ki, bu inkişaf idman sahəsində də olacaq. İdman ölkəsi kimi tanınan Azərbaycan bu ada həqiqətən layiq olacaq.(azxeber.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top