Türkiyədə istirahətləri yarımçıq qalan azərbaycanlı turistlərin pulları niyə geri qaytarılmır? — Tur şirkətlərindən NARAZILIQ

TURİZM 02 avq 2021, 14:54
Məlum olduğu kimi, Türkiyədə meşə yanğınları bu ölkənin demək olar ki, bütün  istiqamətlərinə ciddi təsir göstərib. Yanğının turizm bölgələrində də baş verməsi və yayılması həmin ərazilərdə istirahətdə olan və səfər planlaşdıran turistləri çətin vəziyyətdə qoyub. Xüsusilə Bodrumda, Muğlanın Marmaris, Milan rayonlarında və Aydın vilayətinin mərkəzində baş verən yanğınlar yerli turizmə böyük təsir göstərib. 

Bu vəziyyət həmçinin Türkiyənin sözügedən bölgələrinə, ona yaxın ərazilərə tətil planlaşdıran azərbaycanlı turistlərin də planını pozub. 

Xüsusilə də turizm şirkətləri vasitəsilə qardaş ölkəyə səfər edən və bunun üçün müəyyən qədər məbləğ ödəyən azərbaycanlı turistlərin baş vermiş yanğınla əlaqədar istirahətləri yarımçıq qalıb. Belə halda soydaşlarımız ödədikləri məbləği geri ala bilməyəcəklərindən narahatdırlar, çünki turizm agentlikləri sözügedən məbləğin geri qaytarılmasında problemlər yaradırlar. 

Digər problem isə, turizm şirkətlərinin turistləri tətil üçün yanğının söndürüldüyü ərazilərə yönəltməyə çalışdıqları ilə bağlı məlumatlar var. 

Məsələni aydınlaşdırmaq üçün Azərbaycanda fəaliyyət göstərən tanınmış turizm şirkətləri ilə əlaqə saxladıq. 



“VİP Travel” şirkətinin direktoru Ruslan Rəhimov Demokrat.az-a açıqlamasında bildirdi ki, hazırkı vəziyyətdə agentliklər çıxış yolu tapmağa məcburdurlar:

“İndiki şəraitdə agentliklərin də işi çətindir, çünki müştəridən alınan məbləğ paketdə nəzərdə tutulan istiqamətlərdə köçürülür, buna bilet, otel rezervasiyası və sairə daxildir. Ona görə də indiki vəziyyətdə məbləğin qaytarılması yubana bilər. Hətta, deyərdim ki, fiziki cəhətdən bu, mümkünsüzdür. Amma bir müddət sonra müştərinin ödədiyi məbləğ ona geri qaytarılacaq. Turizm şirkətləri mövcud vəziyyətdə həll yolu tapmağa, alternativ variantlar düşünməyə məcburdurlar. Yenidən tur planlaşdırmaq üçün enerji, vaxt lazımdır. Turizm şirkətləri maksimum çalışırlar ki, müştərini itirməsinlər. Ona görə də, Türkiyənin başqa bölgələrinə yönləndirməyə çalışırlar”.

“Milenium Konqres” turizm şirkətinin rəhbəri, turizm eksperti Ruslan Quliyev isə agentliklərin və hava yolları şirkətinin hazırkı vəziyyətdə turistlərə maksimum kömək etməli olduğunu bildirib:

“Türkiyədə baş verən hadisələri üzüntü ilə qarşılayırıq. Qardaş ölkəyə keçmiş olsun, yanğında həyatını itirənlərin yaxınlarına baş sağlığı veririk. Turizm agentlikləri ilə müştərilər arasında bu cür hallar dünyanın müxtəlif ölkələrində də yaşanır. Təbii fəlakətlər – sunami, zəlzələ, yanğın baş verdikdə, turistlərin həyat və sağlamlığına təhdidlər olanda, istehlakçının hüquqları qorunmalıdır. Ən vacibi insan faktorudur. Lakin deməzdim ki, agentliklər tərəfindən müştərilərin səfər üçün ödədikləri məbləğ qaytarılmır. Artıq bəzi şirkətlərdə bu proses başlayıb, bəzilərində proses zəif irəliləyir, bəzilərində isə hələ də bu istiqamətdə maarifləndirməyə ehtiyac duyulur. İki ölkənin tur operatorlarından gedirsə, mehmanxana, otel xərci çəkmiş turistlərə bu məbləğ geri qaytarılmalıdır. Həmçinin istər AZAL, istərsə də “Türk Hava Yolları” məsələni anlayışla qarşılamalıdır. Ya turun tarixini dəyişməkdə, ya da hansısa kompensasiyaların tətbiqində müştərilərə güzəştlər tətbiq edilə bilər”.


 
Ekspert turistlərin yanğının söndürüldüyü ərazilərə yönləndirilməsinin yolverilməz olduğunu qeyd edib: 

“Müştərilərin risk zonasında, yanğının söndürüldüyü ərazilərdə yerləşdirilməsi təhlükəli və yolverilməzdir. Düşünürəm ki, turistlərə qarşı münasibətdə bu risklər minimuma endirilməlidir”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov mövcud məsələ ilə bağlı agentliklərin xoşagəlməz davranışı ilə üzləşən turistlərə kömək ediləcəyini bildirib:



“Azərbaycanlı turistlərin agentliklər tərəfindən yanğının söndürüldüyü ərazilərə göndərilməsi ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Belə halla qarşılaşan şəxslər bizim assosiasiyamıza müraciət edə bilərlər, mümkün qədər kömək etməyə çalışacağıq. 

Ümumilikdə isə hazırkı vəziyyətə uyğun olaraq mütəmadi şəkildə agentliklərlə əlaqə saxlayırıq. Hazırda Türkiyəyə səfər planlaşdıranlar arasında kütləvi şəkildə imtina halına rast gəlməmişik. Əksəriyyət səfəri planlaşdırıldığı kimi həyata keçirəcək. İstisna hal kimi, yanğın bölgələrərinə daha yaxın otellər seçən müştərilər ya səfər tarixini, ya da oteli dəyişirlər. Şirkətlər də bu prosesdə mümkün qədər kömək etməyə çalışırlar. Həm şirkətlər, həm də otellər maksimum çalışırlar ki, müştərilər səfərlərini həyata keçirə bilsinlər. Oteli dəyişmək istəyən müştərilər də Türkiyədəki partnyor şirkətlərin vasitəsi ilə bunu həyata keçirə bilirlər. Hazırda proses bu cür davam edir. Amma qeyd etdiyim kimi, agentliklər tərəfindən kobud halla qarşılaşan, bu məsələdə incidilən müştərilər varsa, bizim assosiasiyaya müraciət etsinlər”. 


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top