"Jirinovski və onun kimiləri gec-tez tarixin zibilliyinə atılacaqlar"


GÜNDƏM 02 avq 2021, 00:05
Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin həddini həyasızcasına aşaraq söylədikləri beynəlxalq normaları bilməməyin, etikadan çox uzaq olmağın və tərbiyəsizliyin konkret göstəricisidir. O, bir daha təsdiq etdi ki, yenə də məharətli siyasi səhnə təlxəyi rolundadır. Zaman-zaman bu təlxəyi müəyyən dairələr əllərində kukla kimi oynadırlar, istifadə edərək özlərinin deyə bilmədiklərini onun dilindən söylətdirirlər.
 
“Jirinovski” soyadlı siyasətçi deyəndə, ilk növbədə göz önünə qeyri-ciddi, fikirləri bir-birini inkar edən, səviyyəsiz, adamda ikrah hissi yaradan tərbiyəsiz birisi dayanır. Bu adamın normal diskussiya aparmaq mədəniyyəti, ümumiyyətlə, elementar mədəniyyəti heç bir zaman olmayıb, yoxdur və bundan sonra da gözləməyə dəyməz. Ona görə də belə tərbiyəsiz, yerini bilməyən sərsəm xəstə birisinə baş qoşmamaq da olardı. Ancaq söhbət dövlətimiz və dövlət rəhbərimizdən getdiyi üçün münasibət bildirilməlidir.
 
Bu şəxsin söylədikləri barədə danışarkən ilk növbədə belə bir suala cavab vermək lazımdır: çıxış nə vaxt və hansı şəraitdə edilib? Onun çıxışı Azərbaycanın möhtəşəm zəfər qazanaraq torpaqlarını işğaldan azad etdiyi, nəinki Ermənistana, həmçinin havadarlarına ağır zərbə vurduqdan sonrakı ildə, dirçəliş işlərinin aparıldığı, prezidentlər İlham Əliyev və Vladimir Putin arasında etimad mühitinin daha da möhkəmləndirildiyi bir zamanda edilib. Azərbaycanın zəfəri, dövlət rəhbərimizin dəmir yumruğu Jirinovskinin, onun kimilərin və onu danışdıranların da başına ağır zərbə endirdiyi üçün belə sözlər deyilir. Bundan sonra da belə sərsəm fikirlərə tez-tez rast gəldikdə təbii qarşılamalıyıq. Karvan öz yoluna daha inamla davam edəcək...
 
Jirininovskinin söylədikləri keçmişə qayıdış hissləri ilə alışıb yanan, lakin istəkləri və imkanları üst-üstə düşməyən, qocalmış, taqətdən düşmüş, kif basmış imperiya təfəkkürünün təzahürüdür. Qoca keçmiş üçün qəribsəyib. Ancaq artıq çox gecdir. Qatar çoxdan yola çıxıb və mənzil başına da çatıb. Dünya dəyişsə də, Jirinovski isə hələ də əvvəlki kimi qalıb.
 
Bu şəxs ölkəmiz haqqında danışarkən ən azı Azərbaycanın keçdiyi yolu, sui-qəsdləri, dövlət çevrilişi cəhdlərini, nəqliyyat blokadasını necə atlatdığını, torpaqlarını necə azad etdiyini, hansı inkişaf səviyyəsinə gəlib çatdığını bilməliydi. İndi Azərbaycanda milli bilrik daha sarsılmazdır və xalq müzəffər rəhbərinin yanındadır.
 
Partiya sədri Azərbaycanın 200 il ərzində Rusiyanın təsiri altında olmasına dair fikir söylərkən öz tarixlərinə dair ən azı bir neçə kitab oxumalı idi. O zaman bilərdi ki, təqribən 250 ilədək olan dövrdə Rus dövlətini kimlər idarə edib, kimlər onu almanların və isveçlərin hücumundan qoruyub, Kremli kimlər tikib, Rusiyanın təməlini hansı xalqların birliyi təşkil edib və edir.
 
Şimal qonşumuzda bir partiya sədrinin belə sayıqlamaları ilk növbədə Rusiyanın öz maraqlarına ziddir. Çünki Rusiyanın xilası Azərbaycan, Türkiyə və digər müsəlman Şərqi ölkələri ilə mehriban münasibətlərdən keçir. Tez-tez qonşu ölkədə bəziləri belə fikirlər səsləndirirlər ki, bəs xaricdə bizi sevmirlər. Bunun kökləri Jirinovski və onun kimilərə hansısa dairələrin birbaşa və ya dolayısı yolla söylətdirdikləri fikirlərdə deyilmi?
 
Siyasətçi ölkəsinə dostlar qazandırmalıdır. Jirinovskinin danışığı isə Azərbaycan ictimai rəyində Rusiyaya hörmətsizlik gətirir, ona inamsızlıq yaradır və gözdən düşürür. Belə hallar Rusiyaya xeyirdirmi? Qətiyyən yox! Elə isə bu və buna bənzər sərsəm adamları yerində oturtmağın zamanı gəlməyibmi? Diplomatiya tarixində belə halların qarşısını kəsməyin istənilən qədər nümunələri vardır.
 
Jirinovski və onun kimiləri gec-tez tarixin zibilliyinə atılacaqlar. Buna qədər Azərbaycan əleyhinə olanların aqibətinə baxmaq kifayətdir.
 
Yel qayadan heç nə aparmaz. Qaya əvvəlki kimi öz yerindədir, amma daha əzəmətli və daha qüdrətli!
 
Musa Qasımlı,
Milli Məclisin deputatı


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top