"Dövlətə qarşı təhdid olanda müxalifətin susması ən böyük təhlükədir" — Aslan İsmayılov


GÜNDƏM 01 avq 2021, 16:54
Dünən Rusiya siyasi elitasının aparıcı fiqurlarından biri, Dövlət Dumasında söz sahibi, Rusiya Parlamentində 3-cü böyük fraksiya rəhbəri olan V.Jirinovskinin Azərbaycanı, onun Prezidentini aşağılamasını görəndən daim xəbərləri izlədim. Kimin ona necə cavab verəcəyini axtardım. Çox təəssüf edirəm ki, çoxlarının səsi çıxmadı, səsini çıxaranlar isə elə danışdı ki, sanki V.Jirinovski özbaşnadır və Rusiya hakimiyyətinin onun danışığından xəbəri yoxdur. Xəbərləri olsa onu cəzalandırardı. Bu əsla belə deyil!

Qətiyyətlə deyirəm ki, V.Jirinovskinin səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinə təhdid idi və bunu Rusiya hakimiyyəti adından səsləndirirdi. Ona görə də bunun nə qədər ciddi olduğunu bildiyimdən dərhal hakimiyyət rəsmilərinin, xüsusilə özlərini ana müxalifət adlandıran AXCP və Müsavat partiyalarının rəhbərlərinin fikirlərini axtardım. Hamısı susub və bu çox təhlükəlidir. Hakimiyyətin susmasını haradasa başa düşmək olar, çünki Qarabağ probleminin indiki həssas məqamında qısa zamanda lazım olanları görmək üçün bu işdə əngəl ola biləcək qüvvələri qıcıqlandırmaq lazım deyil. 

Bəs özlərini müxalifət adlandıran, hər addımda “Azərbaycan şərəfini qoruyuruq” deyə hakimiyyəti topa tutan Əli Kərimli, İsə Qəmbər, Arif Hacılı niyə susurlar? Yoxsa, payıza hazırlaşırlar? Axı, V.Jirinovski açıq deyir ki, biz Prezident İlham Əliyevi devirə bilərik. Əsas səbəb kimi də Türkiyənin Azərbaycanda yer almasını hədəfə alır. Özü də açıqca çevrilişin müxalifətin əli ilə ediləcəyini deyir. Bəli, çıxışında müxalifətin əli ilə guya çevrilişi Baydenin edəcəyini deyir. Ancaq onu diqqətlə dinləyənlər hakimiyyətə hansı messajları çatdırdığını görürlər. Görməyənlər bir daha həmin hissəni dinləsinlər. Axı müharibədən dərhal sonra adlarını çəkdiklərim müxalifət liderləri və digəriləri İlham Əliyevi məhz guya Türkiyəyə ögey münasibətə görə hədəfə almışdılar? O dövrlər İlham Əliyevin Türkiyə ilə bağlı ehtiyatlı davranmasının qonşu dövlətləri qıcıqlandırmamaq üçün olduğunu deyəndə məhz bu partiya nümayəndələri məni az qala xain adlandırırdılar. Əgər bunlar həmin dövr səmimi idilərsə, məqsədləri Azərbaycan hakimiyyətini çox həssas dövrdə qonşu dövlətlərlə üz-üzə qoymaq deyildisə, onda indi niyə susurlar? 

“Azərbaycana indi müxalifət lazım deyil” fikrini qətiyyətlə rədd edirəm və hesab edirəm ki, bu fikrin özü Azərbaycanın inkişafı üçün bir təhlükədir. Müxalifət olmayan yerdə inkişaf da ola bilməz. Ancaq dövlətə qarşı təhdid olanda müxalifətin susması ən böyük təhlükədir. Ən azından məndə belə fikir yaranır ki, bizim müxalifət liderləri Rusiya ilə öz münasibətlərini pozmaq istəmirlər ki, lazım gələndə yararlansınlar. Müharibə dövrü və sonralar gördüklərim məndə elə fikir yaradır ki, sanki bəziləri bu qələbəyə, Hakimiyyətin Qarabağda qısa zamanda apardığı işlərə sevinmirlər.

Buradan bir daha səsləndirirəm ki, qonşu dövlətlər 44 günlük Şanlı Qələbəmizi həzm edə bilmirlər və bütün yollarla Azərbaycanın bölgədə güclənməsinin, Türkiyənin burada yer almasının qarşısını almaq istəyirlər. Ona görə də tək müxalifət liderləri yox, həm də tanınmışlar bu cür təhdidlər olanda qəti etirazlarını bildirməlidirlər ki, qonşu dövlətlər də yenə bizi içimizdən çökdürmək fikrində vaz keçsinlər. Hamı bilsin ki, Dövlətimizə təhdid olanda biz hamımız bir olacağıq! 

P.S. Yazını paylaşandan sonra Azərbaycan hakimiyyətinin Rusiyaya rəsmi nota verməsini görüb çox sevindim.

Tanınmış vəkil
Aslan İsmayılov


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top