Psixoloq: "Qazilərimizin psixoloji xidmətə cəlb edilməsi könüllü yox, məcburi olmalıdır"

GÜNDƏM 30 iyl 2021, 16:02
Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyi 44 günlük Vətən müharibəsindən sonra müharibə iştirakçılarının psixoloji vəziyyəti əsas məsələlərdən birinə çevrildi. Müharibədən sonrakı dövrdə bir neçə qazinin intihar etməsi də bu məsələnin vacibliyini artırıb. Müharibədə iştirak edən, xüsusilə psixoloji gərginlik yaşayan qazilərin, şəhid və qazi ailələrinin, övladlarının, müharibədə mənəvi zərər çəkmiş şəxslərin bu istiqamətdə yardım ala bilmələri üçün vacib addımlar atılıb. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Fövqəladə Hallar Nazirliyi işçi qrupu yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi “Onlayn psixoloji dəstək xidməti” vasitəsilə vətəndaşlara xidməti davam etdirir.

Lakin müşahidələr göstərir ki, müharibədən psixoloji zərbə almış şəxslər, xüsusilə qazilər çox hallarda psixoloji xidmətdən imtina edir. Buna səbəb nədir? Ümumiyyətlə, hazırda bu istiqamətdə hansı işlər həyata keçirilir?

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Haşımov Demokrat.az-a açıqlamasında müharibədən bəri psixososial tədbirlərin həyata keçirildiyini bildirib:

Murad Həşimov – Lightup.az

“Sosial Xidmətlər Agentliyi tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərini həyata keçirmək məqsədilə 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirlərinə başlanıb. Operativ qruplar bölgələrə ezam olunub, müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılıb. Psixo-sosial xidmət iki formada - əyani və onlayn həyata keçirilib. 

Ötən ilin noyabrından ilk olaraq Gəncə, Bərdə, Tərtər, Yevlax, Ağdam rayonları istiqamətində psixoloji xidmətlərə başlanıb. Daha sonra ölkə ərazisi əhatə olunub. 28 fevral 2021-ci il tarixinə kimi psixoloq və psixiatrlar tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək ehtiyacı olan ailə üzvləri ilə davamlı psixoloji konsultasiyalar keçirilib. Onlardan 2455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbçilər və onların ailə üzvləri olub. 

19 noyabr 2020-ci il tarixindən başlayaraq müharibədən zərər çəkən şəxslərə yaşadıqları stress, travma kimi psixoloji problemlərin aradan qaldırılmasında psixoloji xidmətin hər an əlçatan olması məqsədi ilə səsli və ya görüntülü şəkildə göstərilən “Onlayn psixoloji dəstək xətti - 050 406 75 85” fəaliyyətinə başlanıb. Psixoloji dəstəyə ehtiyac duyan hər bir vətəndaş bu nömrə ilə əlaqə saxlayaraq onlayn şəkildə psixoloji dəstək ala bilər”. 

Qurum rəsmisi bildirir ki, müraciətlərin böyük əksəriyyəti psixoloji xidmətlə bağlıdır:

“19 noyabr 2020-ci il – 30 iyun 2021-ci il tarixlərində “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub. Onlardan 1101 zəng psixoloji xidmətlə bağlı olub. Ümumilikdə 45 zənglə bağlı evlərə səfər olunaraq əyani şəkildə psixoloji dəstək göstərilib, 70 zəng isə psixiatr müayinəsinə yönləndirilib. 

Nazirliyin səlahiyyətləri ilə bağlı sual olduğundan 430 zəng 142 çağrı mərkəzinə yönləndirilib.  Sosial Xidmətlər Agentliyi tərəfindən gələn həftədən etibarən mənzillərlə təmin edilən qazilərə sosial psixoloji yardım göstərilməsinə başlanacaq. Bu psixoloji dəstək təbirlərinə uyğun olaraq müharibənin ağrı-acısını görən, səngər yoldaşlarının şəhid olmasını, yaralanmasını görən qəhrəmanlarımıza dəstək üçün özlərinin də razılığı ilə mütəxəssislərimiz tərəfindən psixoloji konsultasiyalar aparılacaq. Bu proses təqdim olunacaq növbəti yaşayış komplekslərində yaşayacaq qazilərimizi də əhatə edəcək. Həmin komplekslərdə yaşayan şəhid ailələri tərəfindən müraciət olarsa, onlara da sosial psixoloji yardım göstəriləcək”.

Psixoloq, psixoterapevt Könül Cəfərova isə saytımıza açıqlamasında müharibənin və pandemiyanın yaratdığı psixoloji gərginliyin fonunda müharibə iştirakçılarının daha ağır psixi təsirə məruz qaldığını bildirib:

Problemi həll etməyə gücümüz çatmırsa, üstündən keçməliyik”

“Əslində hər birimiz çətin və böhranlı dövrdən keçirik. Bir tərəfdən müharibə, bir tərəfdən pandemiya, digər tərəfdən insanların sosioloji çətinliyi, işsizlik problemi ilə rastlaşması xroniki yorğunluq yaradıb. Təəssüf ki, çox şəxsdə tükənmişlik sindromu yaranıb. Bu baxımdan ən çox yardım edilməsi lazım olan 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəman qazilərimizdir. Təəssüf ki, müharibədən sonrakı dövrdə müharibə iştirakçılarınıın intihar hallarının şahidi olduq. Həm ümidsizlik hissi, həm də qeyri-peşəkar insanların göstərdiyi yardımın effektiv nəticəsini görməmələri onlarda müəyyən tükənmişlik hissini yaratdı”. 

Psixoloq qeyd edib ki, bu baxımdan müraciətlər əsasən şəhid ailələrindəndir:

“Bizə şəhid və qazi ailələrindən müraciətlər daha çoxdur. Hazırda bir neçə şəhid xanımı və övladları ilə işləyirik. Həmçinin qazilərimizlə də seanslarımız var. Müharibənin çətinliklərini unuda bilməyən, yuxu rejimi stabil olmayan, panik atak, gərginlik yaşayan qazilərimiz də var. Müharibədə iştirak edən şəxslərin hər biri ilə ayrı-ayrılıqda işləmək imkanımız yoxdur. Bu sahədə peşəkar olan şəxslərin hər biri bu istiqamətdə səfərbər olmalıdır. Düşünürəm və əminəm ki, Vətən müharibəsi iştirakçılarının psixoloji xidməti ilə bağlı qurum yaradılacaq və ya yaradılan qurumlar öz fəaliyyət istiqamətlərində müəyyən dəyişiklik edəcəklər. Qazilərimizin psixoloji xidmətə cəlb edilməsi könüllü yox, məcburi olmalıdır. Onlar psixoloji və sosial çətinliklərini aradan qaldırmaq üçün yardım almalıdırlar. Bu qərarı  depresiv vəziyyətdə olan şəxsin öz iradəsinə və istəyinə buraxdıqda, təbii ki, o, getmək istəməyəcək. Ona görə də, onlarla görüşmək, maraqlanmaq artıq bizim borcumuzdur. Düşünürəm ki, onlarla səmimi mühitdə söhbətləşdikcə, yaşadıqları çətinlikdən sonra yaranan dəyərsizlik hissi yoxa çıxacaq və mümkün intihar halları da aradan qalxacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top