Ekspert: "Hazırkı vəziyyətdə Azərbaycan geniş hərbi əməliyyatlar keçirə bilməz, lakin..."

GÜNDƏM 28 iyl 2021, 13:38
“Ermənistan Azərbaycanla dövlət sərhədində təxribatlar törədir və bu, son vaxtlar intensiv xarakter alıb. Xüsusilə bu gün səhər saatlarında baş verənlər düşmən üçün ağır nəticələrlə yekunlaşıb. Ermənistan üç hərbçisini itirib, ikisi isə yaralıdır. Şuşa bəyannaməsinin və dünən Türkiyə və Pakistanla Bakı bəyannaməsinin imzalanması Ermənistan tərəfində şok yaradıb. Pakistan kimi dövlətin də bizə qoşulması, mühüm strateji, təhlükəsizlik, əməkdaşlıq, qarşılıqlı yardımla bağlı bəyannamənin imzalanması Ermənistanı apardığı siyasətə görə çətin vəziyyətdə qoyur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Ekspert bildirib ki, Ermənistan hər vəchlə statusla bağlı məsələləri gündəmə gətirmək istəyir və sərhəddə baş verən təxribatlar bu niyyətin əsas hissəsidir:

“Ermənistan hər baxımdan çətin vəziyyətdə qalmasına baxmayaraq, absurd iddialarından əl çəkmir. Görünür, Bakı bəyannaməsinin imzalanmasından sonra əks-addım atmaq istəyiblər. Yeri gəlmişkən, bu gün hadisələrin baş verdiyi yerə iki gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi getmişdi. Bununla Ermənistan sanki törətdiyi təxribatları sığortalamaq istəyir, amma onların bu niyyətləri alınmadı, Azərbaycan tərəfindən adekvat cavablarını aldılar. Lakin nəzərə almaq lazımdır ki, bütün hadisələr bunlarla yekunlaşmayacaq. Qarabağın kiçik bir hissəsinin hələ ki, Azərbaycanın nəzarətində olmaması Ermənistanın statusla bağlı təxribatları davam etdirməyə imkan yaradır. Qalan qaranlıq məsələlər həll olunmayanadək, Ermənistanın bu təxribatları davam etdirəcəyini gözləmək olar. Bunda onların əsas məqsədləri də Qarabağa status qazandırmaqdır”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, hazırkı vəziyyətdə Azərbaycan geniş hərbi əməliyyatlar keçirə bilməz, lakin təxribatlara daha sərt cavab verilməlidir:

“Sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar keçirə bilmərik, çünki bu, Ermənistanın ərazisinə girməyimiz kimi qiymətləndirilə bilər. Onsuz da Ermənistan Azərbaycanı beynəlxalq aləmdə aqressor kimi təqdim etməyə çalışır. Yəni Azərbaycanın dövlət sərhədində əməliyyatlara cəhd etməsi heç də müsbət qarşılana bilməz. Lakin Azərbaycan sərhəddə baş verən insidentlərə layiqli cavab verməlidir. Hətta deyərdim adekvat yox, ikiqat cavab göstərməlidir ki, düşmən bir də təxribatlara əl atmasın. Hazırda hərbi əməliyyatlar yox, diplomatik iş görmək lazımdır. Azərbaycan Qarabağa de-fakto nəzarətini gücləndirmək üçün diplomatiyasını da gücləndirməlidir. Bunun üçün xeyli əsasımız var, ən vacibi isə 10 noyabr birgə bəyanatıdır. Ərazidə qalan erməni hərbi birləşmələrinin çıxarılması, məcburi köçkünlərin geri qaytarılması, Qarabağda daxili yolların açılması diplomatiyamızın əsas xəttidir, sadəcə bu prosesləri sürətləndirmək, maddələri sərt şəkildə Rusiyanın qarşısında qoymaq lazımdır. Hərbi əməliyyatların olması isə indiki vəziyyətdə istisnadır. Ancaq təxribatlara cavab verməklə kifayətlənə bilərik”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top