Deputat: "Belə addımlarla Ermənistan özünə ağır problemlər yaradır"

GÜNDƏM 26 iyl 2021, 11:32
"Ermənistanın son təxribatları özünü yenidən təhlükəyə atması deməkdir. Bu ölkənin nə iqtisadi, nə də hərbi vəziyyəti Vətən müharibəsindən əvvəlki kimi deyil, qat-qat ağırdır. Ermənistan bu cür addımlara davam edərsə, onu çox ağır nəticələr gözləyir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

O, Ermənistanın Azərbaycanla sərhəddə - Kəlbəcər istiqamətində təxribat addımlarının bu ölkə üçün ağır nəticələrə gətirib çıxaracağını bildirib:

"Azərbaycan səbrlə bu məsələni yola verir, amma bizim səbrimiz tükənməz deyil. Belə addımlarla Ermənistan özünə ağır problemlər yaradır. Azərbaycanın Ermənistana cavab vermək üçün kifayət qədər qüdrəti var. Təəssüf ki, Ermənistan 44 günlük müharibədən özü üçün hansısa nəticə çıxarmayıb. Yenə həmin ritorika, yenə öz gücünə və beynəlxalq hüquqa sığışmayan bəyanatlar edilir, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarını təftiş etmək cəhdləri ortaya qoyulur. Düşünürəm ki, Ermənistan odla oynayır və bunun ağır nəticələrini indidən proqnozlaşdırmalıdır". 

Deputat Ermənistanın bu addımlarının arxasında həm xarici diaspor təşkilatlarının, həm də daxili siyasi qüvvələrin dayana biləcəyini qeyd edib:

"Ermənistanı daha çox xaricdəki diaspor dairələri idarə edir. Diaspor dairələri ölkənin daxilində deyillər, əhalinin çəkdiyi çətinliyi çəkmirlər, görmürlər. Onların beynində hələ də, "Böyük Ermənistan", Birinci Qarabağ müharibəsində müəyyən səbəblərə görə əldə olunmuş müvəqqəti üstünlük ab-havası qalır. Bu, birinci səbəbdir. İkinci səbəb isə odur ki, Ermənistanın indiki hakimiyyəti cəmiyyətə real nəticələr verməlidir. Ermənistan vətəndaşının necə yaşadığının fərqinə varmalıdır. Nə sosial vəziyyəti düzəlməyib, nə iş yerləri açılmayıb, nə də qonşu dövlətlərə münasibətləri düzəltməyib. Bir sözlə, indiki hakimiyyət də əvvəlkilərin yoıunu davam etdirir. Ermənistanın ölkədaxili məsələlərinin istiqamətini Azərbaycanla münasibətlər müəyyənləşdirəcək. Ancaq hazırkı münasibətlərin nəticəsi yoxdur, bununla Ermənistan nəsə əldə edə bilməyəcək".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top