Allahşükür Paşadənin adını sevə-sevə çəkdiyi İran ermənilər məscidlərə donuz bağlayanda niyə susurdu?

GÜNDƏM 25 iyl 2021, 15:44
Və ya İranın ermənipərəst meyllərlə zəngin mövqeyinin arxasında nə dayanır?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmazın Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə etirazını nə dərəcədə haqlı saymaq olar? 

Küçükyılmaz “Twitter” hesabında “Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, - deyə bəyan edib. Onun bu etiraz notlu bəyanatı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazı zamanı səsləndirdiyi fikirləriındən sonra ortaya çıxıb. 

Vətən müharibəsində İranla Türkiyənin Azərbaycana dəstəyini eyniləşdirən Paşazadə hesab edib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı. O, bu gün yenidən çıxışının bəzi yerlərinin kəsildiyini desə də, ortada həmin müsahibəni əks etdirən videogörüntülər var.
QMİ sədrinin bu bəyanatının nə qədər yanlış olduğunu, Türkiyə rəsmisinin isə mövqeyində nə dərəcədə haqlı olduğunu görmək üçün uzağa getmək lazım deyil. 8 ay bundan öncə Vətən müharibəsində, həmçinin müharibədən sonra İranın bir müsəlman və qonşu dövlət kimi proseslərə münasibətini yada salmaq yetərlidir. 

Birincisi, İranın mövqeyi həmişə ermənipərəst meyllərlə zəngin olub. Üzdə xoş qonşuluq münasibətləri sərgiləyən bəyanatlar olsa da, əməldə İranın Ermənistana müxtəlif gizli yollarla yardım etməsi barədə faktlar zaman-zaman mətbuatda yer alıb. Buna ən son misal kimi, həmişə Ermənstanla sıx əlaqədə olan İranın müharibə dövründə də Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığnı bildirməsini,  İran ərazisindən Ermənistana silah daşınması barədə məlumatları, video görüntüləri göstərmək olar. İranın silah daşınmasına məhz bu ölkədə soydaşlarımızın kəskin etirazından sonra son qoyduğu da danılmaz faktdır.

İkincisi, İranın yarımçıq mövqeyi Vətən müharibəsində zamanında ortaya qoyulmadı. Müharibə sentyabrın 27-də başlasa da, İranın ali dini lideri Ayətullah Xomeneyi noyabrın 4-də açıqlama verdi. Bu o zaman idi ki, Azərbaycan artıq cəbhədə üstünlük qazanmışdı və ölkəmizin parlaq qələbə qazanacağı şübhə doğurmurdu. 

Üçüncüsü, müharibə dövründə İran ali dini liderin bəyanatı ilə kifayətləndi. Bu faktdır ki, həmin bəyanatdan başqa, rəsmi Tehranın fəallığını müşahidə etmədik. Hansı ki, İran müsəlman və qonşu dövlət kimi Ermənistanın heç bir çərçivəyə sığmayan müharibə cinayətlərinə etiraz səsini qaldırmalı və haqqın, ədalətin yanında durmalı idi.

İran Vətən müharibəsindən sonrakı davranışlarında da heç zaman səmimi olmayıb. Azərbaycanın Qələbəsinə ürəkdən sevinən Türkiyə olub İran yox! İranın bəzi mətbu orqanları aldıqları sifarişi icra edərək Azərbaycanın Qələbəsinə kölgə salmaq xətti tutub. Buna əyani sübut kimi 2021-ci il fevralın 26-da Prezident İlham Əliyevin xarici jurnalistlərlə mətbuat konfransında yeganə təxribatçı sualın müəllifinin iranlı jurnalist olmasını göstərmək olar. Jurnalistin 44 günlük müharibədə Azərbaycan tərəfindən suriyalı muzdluların iştirak etməsi barədə ermənilərin iddialarını təkrarlaması heç də təsadüfi deyildi. Bu həmin mətbu orqanın bağlı olduğu dairələrin sifarişi idi və Prezident tərəfindən tutarlı cavabla susduruldu.

Bütün bunlar Azərbaycana dəstək baxımından Türkiyə və İranı müqayisə etməyin nə qədər ədalətsiz bir yanaşma olduğunu ortaya qoyur. Türkiyə qəlbən Azərbaycanın yanında olub, bu gün də yanındadır. Türkiyənin mənəvi dəstəyini cəmiyyət unutmayıb. Məhz bu dövlət əsl qardaşlıq nümayiş etdirərək uzun illər Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, Ermənistanla sərhədləri bağlayıb. Müharibə dövründə ən yüksək səviyyədə müntəzəm qaydada Azərbaycana siyasi və mənəvi dəstək verib. Bu indi də belədir! Türkiyə sevgisinin arxasında təkcə eyni millət olmaq dayanmır. Bunun kökündə Türkiyənin həmişə ədalətin, haqqın yanında olması dayanır!

İran isə zaman-zaman gizlədilməsi mümkün olmayan ermənipərəst mövqeyi ilə fərqlənib. Yeri gəlmişkən, İranın bu davranışının başqa səbəbləri də var. Belə ki, ABŞ-la münasibətlərin kəskinləşdiyi dövrdə İranın Ermənistandan Amerikadakı erməni lobbisinin köməyi ilə vəziyyəti yumşaltmağa köməklik göstərməsi xahişlərinin olduğuna dair səhih informasiyalar mövcuddur. Bu isə İranın Ermənistan qarşısında öhdəliklərinin yaranmasına gətirib çıxarır. 

Səbəb nə olur-olsun, İranın mövqeyi müsəlman ölkəsinə yaraşmayan mövqedir. Sual olunur: Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına İran niyə reaksiya verməyib? Bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanılması İranı niyə narahat etmir? Vaxtilə Şuşadakı məscidin iranlı iş adamları tərəfindən bərpa edilməsi addımına necə haqq qazandırmaq olar?
Marqalıdır, QMİ sədri İranın bu yaramaz davranışlarına niyə etiraz etməyib və etmir? Olmazdımı ki, Şeyx Ocaqnecat ilə birlikdə bu məsələlərə münasibət bildirəydi? Azərbaycandan səslənən haqlı iradlara həmişə Amilinin ittihamları ilə cavab verilib. QMİ isə sanki bütün bu baş verənləri “görmür”. Bu QMİ-nin siyasətə bulaşmasını göstərən fakt deyilmi?

QMİ Azərbaycanda dinin dövlətdən ayrı olmasını unutmamalıdır! Ən əsası hansı pərəst olmasından asılı olmayaraq dərk etməlidir ki, 44 günlük Vətən müharibəsinin nəticəsi cənubdan gələn fətvada deyil,  Prezident İlham Əliyevin qətiyyəti, cəsarətli, düşünülmüş siyasətində, xalqımızın ona olan böyük etimadında,  igid əsgər və zabitlərimizin yaratdığı qəhrəmanlıq səlnamələrində əksini tapıb. Bu Azərbaycanın Şanlı Tarixidir! Hər şeyi düz danışmaq,  öz adı ilə çağırmaq din xadimlərinin bir nömrəli vəzifəsi olmalıdır. İctimaiyyəti, dindarları çaşdıran manipulyativ iddialarla cəmiyyətin xoş rəğbətini qazanmaq mümkün deyil. Azərbaycan cəmiyyəti İranın dəyişməyən siyasətini yaxşı görür...

Elman Babayev
Əməkdar jurnalist 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top