İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

QARABAĞ 24 iyl 2021, 19:07
Müstəqillik qazandıqdan sonra Azərbaycanın ən böyük uğuru işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunmasıdır. Məhz İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qüdrətini, rəşadətini və şücaətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan zəfər yürüşü nəticəsində düşməni əzəli torpaqlarımızdan qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli oldu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu isə illərdir həsrətində olduğumuz “Böyük Qayıdış”a hesablanan böyük prosesdir.

“Böyük Qayıdış”da ilk mərhələ : minaların təmizlənməsi 
“Böyük Qayıdış”a nail olmaq üçün əsas iş görülüb. Azərbaycan əsgəri öz işinin öhdəsindən məharətlə gəlib və bundan sonra əsas məsələ ərazilərin minalardan təmizlənməsi, regionda tam təhlükəsiz vəziyyətin bərqərar olunmasıdır. Azərbaycan, dövlət olaraq bu işin öhdəsindən gəlməyə başlayıb. Baxmayaraq ki, mənfur Ermənistan mina xəritələrinin verilməsi ilə bağlı prosesi uzatmağa və nəticədə soydaşlarımızın işğaldan azad olunmş əzəli torpaqlarımıza qayıdışını ləngitməyə cəhd göstərirdi. Bununla belə, Azərbaycanın yürütdüyü xarici siyasətdə uğurlu nəticə əldə olunub. Başqa cür desək, Azərbaycan 15 nəfər ermənini qarşı tərəfə təhvil verdi, əvəzində Ağdam rayonu üzrə mina xəritələrinə sahib çıxdı.  

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrinin Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması yayıldı və insanların sevinci ilə qarşılanacaq bir hadisə idi:

“Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək” – XİN-in bəyanatında qeyd edilirdi.

Bu tarixi hadisənin üzərindən bir ay keçməmiş Azərbaycan diplomatiyası daha bir uğura imza atdı. Belə ki, işğaldan azad olunmuş daha iki rayonun mina xəritələri Azərbaycana verildi. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri təqdim etməyə məcbur qaldı. Azərbaycan isə humanist addım kimi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş erməni əsilli 15 nəfəri Ermənistana təhvil verdi. İyulun 3-də baş tutmuş budəfəki prosesdə Rusiya vasitəçi rolunda çıxış etdi.     

Təbii ki, bu iki hadisə minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas etmək və azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirmək deməkdir.

Yol infrastrukturunun qurulması 
İşğaldan azad edilmiş rayonlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Şübhəsiz ki, müasir tələbələrə cavab verən yol infrastrukturu iqtisadi inkişafa aparan əsas amillərdəndir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Qarabağda və ətraf rayonlarda yol infrastrukturunun inşası ilə bağlı tədbirlər görülür. Sonuncu belə sərəncam bu ilin 28 iyulunda imzalandı. Sərəncama əsasən, Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb. Erməni işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri bununla bitmir. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda irimiqyaslı tikinti işlərinə başlanılıb. Bu yol Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı, 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Sözügedən layihə başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər ərazisindən keçir. Bu səbəbdən, sözügedən rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisuya qədər rahat gediş-gəliş təmin ediləcək. 

Eyni zamanda, Murovdağ silsiləsindən sonra daha iki avtomobil tunelinin tikintisi nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 km-ə qədər üç tunel tikiləcək.  

Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. 

Prezident İlham Əliyevin 2021-ci ilin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı Şuşaya çəkiləcək yolun təməli qoyuldu. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə Qarabağa rahat gediş-gəliş üçün daha bir layihənin əsası demək idi. Artıq layihə öz işini sürətlə davam etdirir və hazırda Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası başlanılıb. 

Bundan başqa, Şuşa istiqamətində dəmiryolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparılır. Layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir. 

Hava limanlarının əhəmiyyəti 
Məlum olduğu kimi, işğaldan azad olunan ərazilərdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Tikinti və quraşdırma işləri sürətlə aparılır və ilin sonunadək hava limanına ilk uçuşlar planlaşdırılır.

Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanının inşaatı ilə bağlı da işlərə başlanılıb. Yaxın zamanlarda limanın tikintisinin də sürətlənəcəyi gözlənilir. 

Xüsusilə, Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu ərazinin mühüm əhəmiyyəti odur ki, bu aeroport təkcə Laçın üçün yox, həm də Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Ərazidə hava limanının tikilməsi yerin turistik potensialından geniş istifadə olunmasına imkan verəcək. Bütün bunlar həmin ərazilərin abadlaşdırılması və bərpası planları çərçivəsində həyata keçiriləcək.

Hava limanının mövcudluğu müharibədən yeni çıxmış və düşmən ölkəylə qonşuluqda yerləşən rayon üçün olduqca vacibdir. Birincisi, istənilən aeroportun böyük hərbi əhəmiyyəti vardır. Bu gün Laçın və Kəlbəcər rayonları potensial müharibə ocağıdır. Məhz buna görə bu bölgənin nəqliyyat infrastrukturunun bərpası və yeni yolların salınmasının ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. İkincisi, Vətən müharibəsindən sonra bütün dünyanın orduları öz arsenalını PUA və dronlarla təzələyib. Yeni dünyanın müharibələri dronlarla aparılacaq. Füzulidə onsuz da Sovetlər dönəmindən qalan uçuş zolağı var. Bizim Kəlbəcər və yaxud Laçında uçuş zolağı olmayıb. Bu gün üçün istifadə etdiyimiz “Bayraktar TB-2” effektiv idarə məsafəsi 150 km-dir. Belə amilləri nəzərə almaq zəruridir. Yəni, Azərbaycana qonşuya nəzarət üçün uçuş zolağı lazımdır. Bayraktar TB2 yeni versiyaları peykdən idarə etmək sistemi ilə buraxılır. Gələcəkdə bu hava limanlarından karqo daşımalarda istifadə edib, ciddi fayda götürmək olar. Əgər deyildiyi kimi 6 ölkəni əhatə edən iqtisadi zona yaradılsa, Türkiyədən Çinə qədər nəzərdə tutulmuş quruyol layihəsi reallaşsa, bu kimi layihələr öz səmərəsini çox tezliklə verəcək.

Bölgədə tez bir zamanda infrastruktrunun formalaşması, həm məskunlaşmanı, həm də investisiya qoyuluşlarını stimullaşdırmaq üçün, bütün növ nəqliyyat növlərinin formalaşdırılması olduqca vacib addımdır. Nəzərə alsaq ki, hava və dəmiryolu yalnız sərnişindaşıma üçün deyil, həmçinin sənaye, ticarət və kənd təsərrüfatı sahələrində yükdaşımaların və logistikanın inkişaf etdirilməsi üçün də istifadə olunur. Üstəgəl, Kəlbəcər-Laçın bölgəsinin üzrə turizm potensialını da nəzərdən çıxarmamalıyıq. Təkcə Kəlbəcərin İstisu sanatoriyası SSRİ vaxtı ildə 60 min turist qəbul edirmiş.

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağın bərpasında ən son texnologiyalardan istifadə olunacaq, "ağıllı" şəhər və kənd sistemləri qurulur.

Artıq ilk belə sistemin Zəngilanda yaradılmasına başlanılıb. Zəngilanda birinci “ağıllı kənd” layihəsi icra edilir. İlkin araşdırmalar aparıldıqdan sonra Zəngilanın dağıdılmış Ağalı kəndində layihənin tətbiqinə start verilib. Bu, işğaldan azad olunmuş ərazilər üzrə bərpa ediləcək ilk kənddir.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə belə bir təşəbbüs dövlətimizin qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Sadaladığımız layihələr və gələcəkdə nəzərdə tutulan digər proyektlərin reallaşmasından sonra işğaldan azad olunmuş ərazilərə çoxdan gözlənilən “Böyük Qayıdış” həyata keçiriləcək. Bir sözlə, bütün görülən işlər məhz bu amala xidmət edir. 

Bu yöndə fəaliyyətin daha effektiv aparılması üçün Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Belə ki, "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb. 

Zaur Hacılı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top