Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov geri çağırılır? — TƏFƏRRÜAT

XARİCİ SİYASƏT 24 iyl 2021, 15:52
Məlum olduğu kimi, iyul ayının 23-də Prezident İlham Əliyevin sərəncamları ilə bir neçə səfir - Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri Qaley Əliyeviç, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə,  Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov geri çağırıldı. 

Azsiyaset.com-a daxil olan məumata görə, Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov da geri çağırılacaq. Bu barədə müxtəlif rəsmi koridorlarda və ictimaiyyət arasında məlumatlar yayılmaqdadır. Bildirilir ki, N.Məmmədovun geri çağırılması onun 44 günlük Vətən Müharibəsi zamanı öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsidir. 

Heç kəsə sirr deyil ki, İraqdan kürd terror təşkilatının xeyli sayda üzvləri Qarabağa gətirilmişdi və müharibə zamanı onlar Azərbaycana qarşı döyüşürdülər. Tələbaninin himayə etdiyi terrorçular Zəngəzur vasitəsilə və Süleymaniyyədən təyyarə relsi ilə İraqdan Qarabağa göndərilmişdi. Əsir götürülən erməni Albert Mikayelyan Qarabağa təkcə kürd əsilli 1500-dən artıq döyüşçü gətirildiyini bildirmişdi.

Azsiyaset.com-a daxil olan məlumatlara görə, N.Məmmədov bütün bu hadisələrdən xəbərdar olub və terrorçuların Qarabağa gətiriləcəyi ilə bağlı onda müfəssəl məlumatlar var imiş. Lakin o, şəxsi karyerasını, eləcə də İraqdakı imtiyazlarını sual altına qoymamaq və orada əldə etdiyi geniş çevrə ilə “münasibətlərini” korlamamaq üçün rəsmi Bakını vaxtında məlumatlandırmayıb. Həmçinin, kürd terrorçuların Qarabağa göndərilməməsi üçün İraqda vəzifəsindən irəli gələn heç bir addım atmayıb.

Redaksiyamıza daxil olan digər məlumata görə, N.Məmmədov 2020-ci ilin iyul ayında həbs edilən XİN-in Konsulluq İdarəsinin keçmiş rəisi Faiq Bağırovun kadrıdır. N.Məmmədovun ölkənin xarici siyasət sistemindəki yüksəlişi məhz F.Bağırovun adı ilə bağlıdır.

Qeyd edək ki, XİN-in Konsulluq İdarəsinin keçmiş rəisi F.Bağırov Azərbaycan və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi üçün əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasında şübhəli bilinərək həbs edilmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top