Deputat: "Azərbaycanın ərazisinə qarşı bu cür cəhdlər və ifadələr sərt addımlarla qarşılanacaq"

GÜNDƏM 24 iyl 2021, 15:05
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən sonra Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşmışdır. Bunların hər biri çox ciddi və dərin təhlil tələb edir və həmin reallıqlar sırasında otuz ilə yaxın davam etmiş və artıq tarixə qovuşan münaqişənin məntiqi nəticəsi kimi uzun müddət beynəlxalq leksikonda istifadə edilən bəzi məfhumların tamamilə aradan qaldırılması diqqət çəkir”. 

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat beynəlxalq müstəvidə “Dağlıq Qarabağ” və “status” ifadələrinin yer almadığını və bu yeni mənzərinin artıq lazımi müstəvidə qəbul edildiyini bildirib:

“Bu yanaşma ilk növbədə keçmiş münaqişənin kontekstində istifadə edilən Dağlıq Qarabağ termininə və “status” məsələsinə aiddir. Xatırlatmaq istərdim ki, Azərbaycan parlamenti müstəqilliyimiz bərpa edildikdən bir ay sonra 1991-ci ilin noyabr ayında Dağlıq Qarabağ muxtar vilayətini ləğv etmişdir. Sonrakı dövrdə Dağlıq Qarabağ termininin istifadə edilməsi müvafiq ərazi ilə deyil, yalnız silahlı münaqişə ilə bağlı olmuşdur. Bunun təsdiqi istər beynəlxalq sənədlərdə, istərsə də diplomatik danışıqların gedişini əks etdirən rəsmi materiallarda tapıla bilər. Ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əvvələr mövcud olmuş münaqişə ilə bağlı müxtəlif səviyyələrdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ sözlərindən istifadə etmişdir və ölkəmizin əldə etdiyi möhtəşəm qələbədən sonra artıq terminoloji yanaşma tamamilə dəyişmişdir. Ümumiyyətlə Azərbaycanda Dağlıq Qarabağ adlanan ərazi vahidi mövcud deyil. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” cənab Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanında, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və  Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) öz əksini tapmışdır”.  

Prezidentin statusun olmaması ilə bağlı fikirlərinə diqqət çəkən deputat bildirib ki, hansısa dövlət ərazisində yaşayan ermənilərə status verə bilər, amma Azərbaycanın ərazisinə qarşı bu cür cəhdlər və ifadələr sərt addımlarla qarşılanacaq:

“İkinci mühüm məsələyə - “statusa” gəldikdə, bu, ümumiyyətlə siyasi və hüquqi gündəlikdə olmayan bir məsələdir və müzakirə predmeti deyil. Xatırlatmaq istərdim ki, beynəlxlaq hüquqa zidd “status” məsələsini və öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi cəhdi Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin katalizatoru rolunu oynamışdır və nəticə etibarı ilə bütövlükdə regionun təhlükəsizliyinə uzun müddət ciddi təhdid yaratmış, Azərbaycan xalqına qarşı soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələrlə nəticələnmişdir.  Dövlət başçısının bu məsələyə çox aydın, müasir beynəlxalq hüquqa əsaslanan yanaşması yaxşı məlumdur və artıq yeni geo-siyasi reallıqlar beynəlxalq müstəvidə də öz təsdiqini tapır. Buna sübut olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı ümumiyyətlə nə “Dağlıq Qarabağ”  nə də “status” terminlərinin istifadə etməməsini qeyd etmək olar. Təxminən 25 min əhalisi olan bir əraziyə müəmmalı “statusun” verilməsi məsələsinin gündəmə gətirilməsi belə absurd bir şeydir və hansısa bir dövlət bunu dəstəkləmək istəyirsə, öz ərazisində ermənilərə arzuladığı statusu verə bilər. Ancaq tam məsuliyyətlə qeyd edilməlidir ki, istər müasir beynəlxalq hüquqda, istərsə də müqayisəli məhkəmə təcrübəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn cəhdlərə çox sərt mövqe sərgilənir və etnik separatçılıq meyillərinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top