Deputat: "Əks təqdirdə, Ermənistan məğlub ölkə kimi daha da uçuruma gedəcək"

GÜNDƏM 23 iyl 2021, 15:13
“Prezident İlham Əliyev Ermənistanı qarşısında əzən və əyən liderdir. 1918-ci ildən 44 günlük müharibədəki qələbəmizə qədər Ermənistan təkəbbürlü davranır, özünü qalib dövlət kimi aparırdı. Ali Baş Komandan və onun rəhbərlik etdiyi ordu yaranmış mifləri darmadağın etdi. Bununla da, həm Ermənistanla münasibətlərdə, həm də bölgədə yeni mənzərə yarandı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Prezidentin bölgələrə səfəri zamanı münaqişənin bitməsi və yeni reallığın yaranması ilə bağlı səsləndirdiyi fikirlərə toxunan deputat, ölkə başçısının dünyanın güc dövlətlərinə vacib mesajlar verdiyini bildirib:

“Prezidentin bölgələrimizə səfəri zamanı dövlət televiziyasına verdiyi müsahibə zamanı yenə xalqa və dünya dövlətlərinə mesajı ilə diqqət çəkdi. Prezident xalqımıza səmimi fikirlər söyləməklə yanaşı, dünya dövlətlərinə ciddi mesajlar verdi. Əsas mesaj bu idi ki, bütün dövlətlər və təşkilatlar Azərbaycanın qələbəsini qəbul etməlidirlər. “Status”, “Dağlıq Qarabağ” ifadələri yoxdur, əvəzində Qarabağ, Şərqi Zəngəzur var. Prezident həm müharibəyədək olan dövr haqda, həm də post-müharibə mərhələsi ilə bağlı çox vacib məsələlərə toxundu. Azərbaycan bölgədə yeni reallıq yaradıb. Türkiyə, İran, Gürcüstan, Rusiya kimi qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlər qurub. Yalnız dünya güclərinin yaratdığı oyuncaq dövlət olan Ermənistan son nəfəsini alan xəstəyə bənzəyir və bunu açıq şəkildə bildirir. Ermənistanın nə deməsindən və etməsindən asılı olmayaraq, yaranan yeni reallıqla dünya dövlətləri və təşkilatları da barışmaqdadır. Avropa İttifaqı Şurasının prezidentinin Bakıya səfəri, bölgələrə səfər etməsi, Azərbaycan prezidenti ilə görüşündə “status”, “Dağlıq Qarabağ” ifadələrini işlətməməsi dünya birliyinin yeni reallığı anlaması və qəbul etməsi deməkdir”. 

Deputat münaqişənin bitməsi ilə bağlı Rusiya prezidentinin dövlət başçısı ilə eyni mövqedə olduğunu və bunun digər güc dövlətlər üçün vacib mesaj olduğunu vurğulayıb:

“Prezident İlham Əliyevin Rusiya Federasiyasının dəvəti ilə bu ölkəyə səfər etməsi və Vladimir Putinlə görüşündə vacib məsələlər barədə çıxışı və mövqeyi dünyaya mesaj idi. Dünya gücləri gördülər ki, iki ölkə arasında yüksək strateji və dostluq münasibətləri var. Digər vacib məqam isə ölkə prezidentlərinin şəxsi münasibətləridir. Bu, böyük siyasətdə çox ciddi məsələdir. Ermənistan rəhbərliyi anlamalıdır ki, geriyə addım atmaq bu ölkənin varlığını təhlükə altına salacaq. Azərbaycanın müharibədə qazandığı qələbəsinə qısqanclıqla yanaşan ölkələr, həmçinin Fransa Ermənistandan vasitə kimi istifadə edir. Ermənistanda baş verən hadisələr, bu ölkənin müxtəlif güclər tərəfindən, xüsusilə Fransa tərəfindən dəstəklənməsi və bir növ vasitəyə çevrilməsi heç kimə sirr deyil və heç kimi təəccübləndirmir. Ermənistan tarix boyu müxtəlif dövlətlərin təsiri və sözü altında hərəkət edən, müstəqil siyasi cəhdləri olmayan dövlət olub. Fransa prezidenti Emmanuel Makron növbəti il keçiriləcək seçkilərdən əvvəl qarşısına bir neçə hədəf qoyub ki, onlardan biri də bu ölkədə olan erməni seçicilərinin səsini toplamaq, Ermənistanı yeni oyuna çəkməkdir, amma bu prosesdən  məğlub ayrılan yenə Ermənistan olacaq. Bunu Ermənistan siyasi-hərbi rəhbərliyi, ictimaiyyəti anlamalıdır. Bu ölkənin Azərbaycanın şərtlərini qəbul etməkdən, reallığa uyğunlaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi anlamalıdır ki, uğur qatarı artıq yola çıxıb və bu qatardan geri qalan təkcə Ermənistan olacaq”. 

Deputat Ermənistanın regionun inkişaf yoluna qoşulmaq üçün kənar təsirlərdən yayınmasının və Azərbaycanın şərtlərini qəbul etməsinin bu ölkə üçün son şans olduğunu qeyd edib:

“Azərbaycan işğaldan azad etdiyi torpaqlara qayıdış istiqamətində ciddi addımlar atır, tezliklə oranı cənnətə çevirəcək. Bu ərazilər turizm mərkəzlərinə, iqtisadi gəlir gətirən, gündən-günə inkişaf edəcək ərazilər olacaq. Azərbaycan müharibədən sonra irəli sürdüyü bütün ideyaları həyata keçirəcək. Bütün məsələlər, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi həll ediləcək. Bunda tək Azərbaycan və bölgəmiz yox, digər ölkələr və qitələr də qazanclı çıxacaq. Azərbaycan dünyanın ən əhəmiyyətli ölkələrindən birinə çevriləcək. Azərbaycan bu məsələdə Ermənistana öz əlini uzadıb. Sərhədlərin delimitasiya və demarkasiya prosesini başa çatdırdıqdan, Azərbaycanla sülh müqaviləsi imzaladıqdan , Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıdıqdan sonra Ermənistan da Azərbaycanın yaratdığı bu tarixi şansdan istifadə edə biləcək. Əks təqdirdə, Ermənistan məğlub ölkə kimi daha da uçuruma gedəcək. Xarici qüvvələrin təsiri altında qalmaq, onların təsiri ilə qərar vermək Ermənistanı uçuruma aparacaq və bu, yaxın gələcəkdə ölkənin varlığını təhlükə altına düşməsinə gətirib çıxara bilər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top