Azərbaycanda mühakimə olunan ermənilərə hökm oxundu

KRİMİNAL 23 iyl 2021, 13:20
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), və 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələri ittihamdan xaric edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.

Onların hər biri 7 il müddətinə azadlıqdan mərhum ediliblər. Təqsirli bilinən şəxslərin cəzalarının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkmələri müəyyən olunub.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza çəkmə müddəti bitdikdən sonra Azərbaycan Respublikasının ərazisindən məcburi qaydada çıxarılacaqlar.

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top