Politoloq: "Azərbaycan qısa müddətdə bu proseslərin başlanmasına təkan verə bilər"

GÜNDƏM 22 iyl 2021, 17:05
“Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan nazirlər kabinetinin iclası zamanı sülh danışıqları ilə bağlı ilk açıqlamasını verdi. Paşinyan çıxışı zamanı bildirib ki, "Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaqda qərarlıdır". Fikrimcə, Ermənistan baş nazirinin səsləndirdiyi bu fikrin təsadüfi olduğunu düşünmək olmaz”. 

Bu sözləri politoloq Samir Hümbətov qeyd edib.

O, Azərbaycanın səyi və diqtəsi ilə sülh müqaviləsinin imzalanması istiqamətində tezliklə real addımların atılacağını bildirib:

“Regionda son dövrlərdə baş verən prosesləri izlərkən vəziyyətin nədən ibarət olduğun asanlıqla anlamaq olar. Belə ki, Paşinyanın Moskvaya səfəri və orada Rusiya prezidenti Vladimir Putinlə aparılan danışıqlar, daha sonra ABŞ baş katibi Entoni Blinkenin Paşinyanla telefon danışığı, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin bölgəyə səfəri çərçivəsində Ermənistan və Azərbaycana səfərləri keçirdikləri görüşlər, verilən açıqlamalar, Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistana dəfələrlə sülh danışıqları təklifi etməsi, nəhayət, Azərbaycan prezidenti cənab İlham Əliyevin Moskvaya səfəri və Vladimir Putinlə keçirdiyi görüş və apardığı danışıqlar hadislərin bir-biri ilə necə əlaqəli olduğunu açıq şəkildə ortaya qoyur.

Hesab edirəm ki, bundan sonrakı mərhələdə Ermənistan tərəfindən bu tipli açıqlamalar gəlməsi gözlənilən ola bilər. Əlbəttə sülh danışıqları uzunmüddətli proseslərin nəticəsi olaraq baş tutur. Həmçinin tərəflərdən güclü siyasi iradə və uzaqgörən siyasət də tələb edir. Azərbaycan buna hazır olması haqqında dəfələrlə bəyanat verib. Azərbaycan qoyulan şərtlərin yerinə yetirilməsi qarşılığında qısa müddətdə proseslərin başlanmasına təkan verə bilər”.

Aygül Qarayeva
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top