"Etibar Əliyevin üstünə dəstə ilə hücum çəkmək, onu linç etmək doğru deyil" — Professor

SOSİAL MEDİA 21 iyl 2021, 20:12
"Deputat Etibar Əliyev jurnalistlər üçün nəzərdə tutulan 3-cü binanın şəhid ailələri və qazilərə verilməsi ilə bağlı təklif səsləndirib. Bir fikirdir, söyləyib. Bu təklifi bəyənmək, etiraz etmək, yaxud tənqid və ya təqdir etmək olar. Amma adamın üstünə dəstə ilə hücum çəkmək və onu linç etmək doğru deyil. Bu, jurnalist həmrəyliyi deyil, korporativ maraq savaşıdır. Media və jurnalistika bunun üçün deyil".

Demokrat.az-ın xəbərinə görə, bu sözləri özünün "Facebook" hesabında media eksperti, professor Qulu Məhərrəmli qeyd edib.

Tanınmış jurnalist fikirlərini belə tamamlayıb:

"Bu məmləkətdə hamının evi olmalıdır, ibtidai sinif müəlliminin də, elmi işçinin də, mühəndisin, gənc mütəxəssisin, jurnalistin və həkimin də".

Xatırladaq ki, deputat Etibar Əliyev bir neçə gün öncə sosial şəbəkə hesabında yazdığı bu statusu birmənalı qarşılanmamışdı:

"Ölkədə jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib. Bu jurnalist keyfiyyətini əsla dəyişməyib. Alimlərə heç belə qayğı göstərilməyib. Alimlərin bir binasındakı evlərin əksəriyyətini Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız xəbərlər dərc etməklə məşğuldur və onların əksər rəhbərləri oliqarx olublar. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət beləcə ucuzlaşdırılıb. Və bu davam etməkdədir. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir".

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top