Zaur Məmmədov: "Regionla bağlı vasitəçiliyə, hansısa güclərə ehtiyac yoxdur"

GÜNDƏM 20 iyl 2021, 13:06
“Avropa İttifaqı dünyanın ən böyük təşkilatlardan biridir və etiraf edək ki, təşkilatın nümayəndələrinin bu və digər hadisələrlə bağlı mövqeyi çox ciddi qəbul edilir. Buna görə də, ittifaqın Azərbaycanla münasibətləri vacib xarakter daşıyır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakıya səfəri və Prezident İlham Əliyevlə birgə çıxışı barədə danışan politoloq, təşkilatın regionla bağlı fikirlərinin bu görüşdə açıqlandığını bildirib:

“Prezident Avropa İttifaqı Şurasının prezidenti ilə görüşündə Azərbaycanın təşkilat üçün vacib tərəfdaş olduğunu bir daha vurğuladı. Şübhəsiz ki, görüşün əsas məğzi bağlı qapılar arxasında oldu. Azərbaycan adətən vacib nüanslarla bağlı ictimai səviyyədə susqunluq nümayiş etdirir, diplomatiya da bunu tələb edir. Avropa İttifaqı Ermənistanla münasibətlər və hazırkı vəziyyətlə bağlı söz sahibi olan tərəf deyil. Təşkilat ancaq müəyyən çağırışlar edə bilər. Avropa İttifaqı Şurasının prezidentinin Ermənistanla bağlı bəyanatları və bəzi cavabları Azərbaycan ictimaiyyəti tərəfindən xoş qarşılanmadı. Bilməliyik ki, Avropa İttifaqı Gürcüstan və Ukraynadakı hadisələrə təsir etmək imkanına malik olmadısa, burdakı hadisələrə də təsir edəcək səviyyədə söz sahibi deyil”. 

Politoloqun fikrincə, təşkilat regionda təsiredici qüvvəyə malik olmaq üçün düzgün və ədalətli mövqe tutmalıdır, əks halda bir çox güc dövlətlər kimi proseslərdən kənarda qalacaq:

“Avropa İttifaqı haqq-hüquqdan, humanist siyasətdən danışırsa, o zaman ədalət və obyektivlik nümayiş etdirməlidir. Biz təşkilatdan obyektivlik gözləyirik desək, bu da yanlış olar, çünki ittifaqın arxasında olan bəzi ölkələr yaxın keçmişdə Azərbaycana qarşı qərəzli mövqe tutmuşdular. Ona görə də, keçirilən görüşlə bağlı Azərbaycan-Avropa İttifaqı münasibətlərindən, regionda əməkdaşlıq və bundan təşkilatın ala biləcəyi müsbət təsirlərdən danışa bilərik. Hansısa vasitəçilikdən söhbət gedə bilməz. Avropa İttifaqı Şurası prezidentinin Ermənistana səfəri və Azərbaycan prezidenti ilə görüşü göstərdi ki, təşkilat regionda daha da güclənmək niyyətindədir. Bunun isə bir yolu var, ədalətli mövqe nümayiş etdirmək. Ümumiyyətlə, dünyanın digər güc dövlətləri və təşkilatları regionda təsiredici qüvvə olmaq və öz maraqlarını reallaşdırmaq istəyirlərsə, düzgün mövqe tutmalıdırlar. Regionla bağlı vasitəçiliyə, hansısa güclərə ehtiyac yoxdur, Azərbaycan öz məsələsini həll edib və edir. Digər dövlətlər və təşkilatlar regionla bağlı mövqe tutarkən, bunu nəzərə almalıdırlar”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top