Ekologiya və ətraf mühitin mühafizəsi qlobal problem kimi

SOSİAL 17 iyul 2021, 20:47

Bu gün dünyada ekologiya və ətraf mühitin mühafizəsi qlobal problemlərdən hesab edilir və bütün bəşəriyyəti narahat etməkdədir. Ekoloji problemlərin qlobal xarakter daşıması problemin həlli üçün ətraf mühitin qorunması istiqamətində sistemli tədbirlər həyata keçirilməsində geniş beynəlxalq əməkdaşlıq tələb edir.

Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ ötən yüzillikdə yaranmış və indi də sürətlə inkişaf etməkdədir. Beynəlxalq təşkilatlar da öz növbəsində bu qlobal problemə diqqət ayırır. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatı (BMT) bu məsələdə öz aktivliyi ilə seçilib. Hələ 1962-ci ildə BMT-nin 17-ci Baş Məclisində “Ekoloji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olunub. Qətnaməyə əsasən, təbiətin mühafizəsi bu təşkilata üzv bütün dövlətlərin bilavasitə vəzifəsidir. O da qeyd olunur ki, təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə aparılmalıdır. Qətnamənin qəbulundan 10 il sonra İsveçin paytaxtı Stokholmda BMT-nin ətraf mühit məsələsi üzrə konfransı keçirildi. Beynəlxalq tədbirdə ətraf mühitin mühafizəsi haqqında bəyannamə qəbul olundu. Məhz bu hadisənin ardından dünyada “5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü” elan edildi.

Hazırda iqtisadiyyatın inkişafı, elm və texnologiyanın tərəqqisi, ekoloji və ətraf mühitin mühafizəsi baxımından daha böyük narahatlıq yaradır. İndi iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb. Urbanizasiyada get-gedə artım tempi müşahidə olunmaqdadır və göstəricinin 30 ildən sonra daha 20 faiz yüksələcəyi proqnozlaşdırılır. Bu isə öz növbəsində "şəhərləşmə" deməkdir və ekoloji, demoqrafik və digər problemlərə yol aça bilər. Təhlükənin qarşısını almaq məqsədilə, beynəlxalq təşkilatlar, institutlar, iqtisadi inkişaf və ətraf mühit arasında balansı qorumağı əsas götürüblər. habelə, dayanıqlı inkişafın modellərinin tətbiqi işi aparılmaqdadır. 

Təkcə ekoloji tarazlığın qorunub saxlanılması ümumbəşəri problemə çevrilməyib. Təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosferin çirklənmədən mühafizəsi qlobal məsələlər sırasındadır. Bütün bunlarla yanaşı, demoqrafik artım, istehlakın kəskin artması, təbii ehtiyatların tükənməsi ciddi narahatlıq doğurur. Nəticədə, ətraf mühitlə bağlı yeni düşüncə və fəaliyyətin yaranması özünü qabarıq şəkildə göstərməkdədir. 

Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində ölkəmizdə müəyyən iş görülmüşdür. Bu baxımdan, Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazası yaradılmışdır. Nümunə olaraq, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilib. Ekologiyadan danışırıqsa, bir məsələni də qeyd etməliyik. 2010-cu ildə prezident İlham Əliyev tərəfindən “Ekologiya ili” elan edilmişdi. Bu kampaniya nəticəsində ətraf mühit problemlərinə daha geniş auditoriyanın cəlb edilməsi, bütün dövlət və ictimai institutların ekoloji tədbirləri gücləndirməsinə imkan verdi. Kampaniya çərçivəsində paytaxtda və digər iri şəhərlərdə,  bölgələrdə milyonlarla ağac əkildi, ətraf  mühit problemlərinə dair ictimai müzakirələr keçirildi.

2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda  da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri öz əksini tapıb.

Lakin bütün bunlara baxmayaraq, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı problemlər hələ də mövcuddur.  

Ermənistanın Azərbaycana olan işğalçılıq siyasətindən Azərbaycan təbiəti də zərər çəkib. İşğal olunmuş rayonlarda meşə sahələri məhv edilib. Mənfur düşmənin ekoloji terroru nəticəsində Azərbaycanın flora və faunasına zərər yetirilib, təbii sərvətlərə bilərəkdən ziyan vurulub. 

Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur. 

İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə, bu ilin martında  Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub.

Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verir. Kürün səviyyəsi aşağı düşdükcə, çayda şirin su azaldıqca Xəzər dənizindən çaya axan duzlu su bölgələrdə içməli su problemi yaradır. Yəni, Kürün quruması təkcə ekoloji problem deyil, bu Azərbaycan üçün daha böyük problemlərə yol aça bilər. 

Ekoloji problemlərdən bəhs ediriksə, Azərbaycan üçün həyati əhəmiyyət daşıyan Kür çayından əlavə, Xəzər dənizdən də danışmaq yerinə düşər. Artıq illərdir Xəzər bir neçə əsas mənbədən çirkləndirilir. Təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, çay və dəniz gəmiçiliyi, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin dənizə axınını həmin mənbələr arasındadır.   

Xəzərin çirklənməsində başlıca yeri neft və neft məhsulları, sonrakı yeri isə kimyəvi çirklənmə tutur. Hazırda Xəzərə tökülən çaylar dənizi üzvi maddələrlə, biogen elementlərlə də zənginləşdirir. Dənizin ekosistemlərinin sabitliyini bərpa etmək məqsədilə, çayların axınına sanitar nəzarət ən mühüm tədbirlərdən biri sayılmalıdır. Volqa, Kür, Ural və Terek çaylarında aparılmış kompleks tədqiqatlar nəticəsində məlum olub ki, bu çaylarda özünütəmizləmə prosesləri hər yerdə pozulub. 

Xəzər dənizinin çoxkomponentli çirklənməsi bir çox sənaye obyektləri növlərinin məskunlaşdığı mühitin sanitar- gigiyena vəziyyətinin dəyişməsinə təsir göstərən amil olub. Qiymətli balıq növlərinin kütləvi qırılması adi hadisəyə çevrilib.

Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Bu kontekstdə hal-hazırda əsas prioritet davamlı inkişafın məqsədlərinin reallaşdırılması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir.

Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir.

Atmosfer havasının çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat vasitələrdir. Artıq bir çox inkişaf etmiş ölkələrdə təbii resursların qənaətlə istifadə edilməsi, habelə ətraf mühitin mühafizəsi məqsədilə Avro standartlarına keçilmişdir. Atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə enerji effektivliyini təkmilləşdirən texnologiyalardan, habelə davamlı enerji mənbələri kimi alternativ enerjidən (külək, günəş, bioqaz, biokütlə, geotermal, hidroelektrik) istifadə geniş miqyas almışdır.

Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusi ilə də plastik tullantıların düzgün idarə olunmaması ilə bağlı yaranan problemlərdir. Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində, nəticədə miqdarının ilbəil artmasıdır. Artıq Avropa Birliyi ölkələri plastik qablardan bu ayın əvvəlindən tamamilə imtina edib. Qüvvəyə minən müvafiq qanundan birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambıq çubuqların, eləcə də, digər məişət əşyalarının, həmçinin penoplastlardan hazırlanmış yemək və içkilər üçün birdəfəlik qabların istehsalını, satışını qadağan edilib.

Sənəd Avropa Parlamenti tərəfindən hələ 2019-cu ildə qəbul edilib. Amma Avropa Birliyinin bütün ölkələri 2021-ci ilin iyulun 3-dən bazarlardan bütün birdəfəlik plastik məmulatları təmizləməyə məcbur edilib.

Qeyd edək ki, iyulun 1-dən Azərbaycanda da birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub.

Ümumilikdə, bu sahədə aparılan işlər, tətbiq olunan mexanizmlər nəticəsində hazırda qablaşdırma tullantıları tullantı kimi deyil, təkrar emal materialı kimi yeni əhəmiyyət qazanmışdır. Nəticə etibarilə, bəzi ölkələrdə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir. Hal-hazırda dünya ölkələri plastik torbaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirindən əziyyət çəkir. Bu səbəbdən artıq bir çox ölkələr plastik torbalara alternativ olaraq təkrar istifadəsi və emalı mümkün olan, bioloji parçalanan materiallardan hazırlanan torbalardan istifadə edir, plastik torba istehsalının azaldılması məqsədi ilə qadağaları, ödənişli istifadəni və ya vergi sistemini özündə cəmləşdirən qanunvericilik sənədlərini qəbul edir.

Müasir dövrdə demoqrafik artım, iqtisadiyyatın, o cümlədən, sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi nəqliyyat vasitələrinə tələbatın artması paralel olaraq enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırıb. Uzun müddətdir ki, dünyada əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri işlənmiş, tələbat dünyanın bir çox ölkəsində geniş miqdarda rast gəlinən bu yanacaq növləri ilə qarşılanmışdır. Lakin, bu resursların ehtiyatlarının azalması, habelə yanacaq növlərinin qiymətlərinin qeyri-stabil olması, bu yanacaq növlərinin istifadəsinin ekoloji tarazlığının pozulmasında mühüm rol oynaması günü-gündən bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır. 

Zaur Hacılı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top