Şərtləri diktə edən Azərbaycan bütün strateji hədəflərini gerçəkləşdirəcək


SİYASƏT 17 iyl 2021, 20:03
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru,

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat 44 günlük müharibədə Azərbaycanın qələbəsini, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirdi. Məğlub Ermənistan onun üçün kapitulyasiya aktı sayılan Bəyanatı imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etdi və öz üzərinə konkret öhdəliklər götürdü.

Əlbəttə, üçtərəfli Bəyanat xüsusi tarixi əhəmiyyətə malikdir. Sənədin müddəlarında Azərbaycanın ərazi bütövlüyünün tam bərpası öz əksini tapıb. Həmçinin Naxçıvanla Azərbaycanın digər hissəsi arasında quru yolla əlaqənin təmin edilməsi, Qarabağa heç bir status verilməyəcəyi və digər mühüm məsələlər öz əksini tapıb. Üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin yaradılması ilə ölkəmizin tranzit imkanları daha da artacaq, regional əməkdaşlığın yeni mərhələsi başlayacaq. Digər vacib nüans, qeyd etdiyimiz kimi, dəhliz işə düşdükdən sonra Azərbaycanın Naxçıvanla əlaqəsi bərpa olunacağı, qardaş Türkiyə ilə ikinci dəmir yolu bağlantısının yaranacağıdır. Heç şübhəsiz, qədim Azərbaycan torpağı olan Zəngəzurdan keçməklə yaradılacaq nəqliyyat-kommunikasiya dəhlizi yalnız respublikamızın deyil, bütün region dövlətlərinin maraqlarına cavab verir.

Məğlub Ermənistan isə yeni reallıqlar fonunda mövcud imkanlardan faydalanmaq əvəzinə, hələ də təxribatçı mövqeyini davam etdirir. Məlum olduğu kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa ətrafındakı mövqelərimiz atəşə tutulub. Bundan əlavə, Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub. Sadəcə, bu iki fakt təcavüzkar dövlətin postmünaqişə dövründə pozucu – təxribatçı fəaliyyətini göstərməkdədir. Amma işğalçı ölkə, onun havadarları yaxşı bilirlər və bilməlidirlər ki, “Dəmir yumruq” öz yerindədir və güclü, qalib Azərbaycan istənilən təxribat cəhdinin qarşısını qətiyyətlə alacaq.

Ölkəmiz, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Bununla yanaşı, bütün kommunikasiyalar açılandan sonra Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. 10 noyabr Bəyanatında da bütün qaçqınların öz doğma torpaqlarına qayıtmaları əksini tapıb. Bizim doğma torpağımız isə, eyni zamanda, Zəngəzur, Göyçə mahalı və İrəvandır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpaqlarımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Əlbəttə, öz gücünü – qüdrətini bütün dünyaya nümayiş etdirən Azərbaycan bundan sonra da prinsipial mövqe sərgiləyərək bütün strateji hədəflərinə çatacaq. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni tarixi nailiyyətlərə imza atacaq, beynəlxalq müstəvidə milli maraqlarımız təmin olunacaq. İşğalçı Ermənistan isə öz qonşuları ilə normal münasibətlər qurmalı və ərazi iddialarından, təxribat cəhdlərindən tamamilə əl çəkməlidir. Məğlub ölkə Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalı, delimitasiya üzrə işçi qrup yaratmalı və sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır!


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 08:30
Top