Əlvida, Etibar Əliyev! Heç kəs evsiz qalmayacaq, amma...


GÜNDƏM 17 iyl 2021, 16:37
Bunu diqqətlə oxumağı tövsiyə edirəm. Çünki niyyətim bir çoxlarını məsələnin əsl mahiyyətindən xəbərdar etməkdir. Çox sərt yazmayacam.

Milli Məclisə deputat təyin olunan Etibar Əliyevin jurnalistlər üçün tikilən 3-cü binanın şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı  "təklifi" günün əsas mövzularından biridir. E.Əliyevi hər kəs layiq olduğu şəkildə, ən ağır sözlərlə tənqid edir. Mən məsələyə başqa konteksdən və qısa şəkildə yanaşmaq istəyirəm. 

Bilsinlər ki, hər kəs qoyun deyil və məsələnin kökünü və E.Əliyevin kimlərin sifarişi ilə belə bir "təklif" verdiyini şəxsən mən bütün detallarına qədər bilirəm, əgər açıqlasam, gündəm dəyişəcək. 

Bu, məmur propoqandasıdır və şəxsən Prezident İlham Əliyev, onun nəcib niyyəti hədəfə alınıb. Necə? Aşağıda qısa izahını verəcəm. 

1. Mən bu statusa iki yüksək ranqlı məmurun fotosunu yanaşı qoya bilərdim. Çünki məhz jurnalistlər binasına görə onlar arasında "müharibə" gedir. 

2. Mən heç kəsi də hədələmirəm, ancaq təkcə bu məsələnin mahiyyətini detallarına qədər yazsam, çox adam uduzacaq. Mənim isə itirəcək heç nəyim yoxdur, papağınızı da başınıza qoyub yaxşı-yaxşı fikirləşin, tüpürməyin bu ölkədə haqqın-ədalətin üzünə... Hər kəsi həbs etməklə, öldürməklə sındırmaq olmur. 

Öz problemlərimi də ictimailəşdirməyi xoşlamıram. Keçən dəfəkinə baxmayın, bu dəfə haqqı olanların haqqı yeyilsə, ağ kəfənlilərin də üsyanına hazır olun! 

Hələki o məmurların və rəhbərlik etdikləri məmur komandasının üzvlərinin adını yazmayacam.

Bu məmurlardan biri 3-cü binanın jurnalistlərə verilməsinin əleyhinədir, şəhid ailələrinə verilməsini istəyir. 

O biri məmur isə binanın şəhid ailələrinə verilməsini təqdir etməsə də, ancaq tezliklə jurnalistlərə verilməsini də məqbul saymır. 

HAŞİYƏ: E.Əliyevin məlum statusunu bəyənənlər içərisində jurnalistlər binasından ev alan şəxslər də var. Rəzalətdir! Məsələn, Xalid  Niyazov! Xalid müəllim, siz jurnalistlər binasından ("Respublika" qəzeti) ev almısınız. Bunun adını nə qoyaq? Əgər ürəyiniz belə yanırsa, bir ləyaqət nümunəsi göstərin, aldığınız evi bir şəhid ailəsinə verin! Mənim sizinlə heç bir problemim də yoxdur. İradlarımı da təmkinlə qəbul edin. 

Prezident İlham Əliyev prinsipləri olan adamdır, o, işlətdiyi ifadənin məsuliyyətini bilən dövlət adamıdır. Binanın təyinatının dəyişdirilməsi İ.Əliyevin prinsiplərinə ziddir. O, verdiyi sözü geri götürməyəcək. Bəs nə etmək istəyirlər? İ.Əliyevin prezidentliyi dövründə hörmətsizlik edib ilk dəfə onun qərarını dəyişdirmək niyyətindədirlər. İndiyə qədər belə bir presedent olmayıb. Media ilə Prezident arasında növbəti çat yaratmaq üçün təxribat! Öncə ictimai rəyə hesablanan məlumat dövriyyəyə buraxılır, nəticədə bir qrup jurnalist iyrənib ev iddiasından geri çəkilir, bir neçə jurnalist sahəsini dəyişir, hər şeyi sıfırdan, zillətlə başlamağa məhkum edilir. Və... ən sonda mənzillər öz adamlarına verilir. Keçməyəcək! Heç kəsin davası mənzil davası deyil, bu, zülümlə, kirayələrdə yaşayan həqiqi jurnalistlərin yeyilən haqqı uğrunda savaşdır. 

Jurnalistlər üçün tikilən 3-cü bina minlərlə şəhid ailəsinin, qazilərin mənzil problemini birdəfəlik həll etməyəcək. Bunun üçün dövlətin proqramları var və şəhid alələri, qazilər mənzillərlə təmin olun(acaq)urlar. Belə bir təklif İ.Əliyevin şəhid ailələri və qazilərlə bağlı atdığı addımların yarımçıq olduğunu göstərmək niyyəti daşıyır. Və bunu da E.Əliyevin vasitəsilə edib suyu bulandırırlar. 

Sonda xatırlatma: E.Əliyevin üz cizgilərinə diqqətlə baxın! Qaşları kobud və bitişik, baxışları aldadıcı, alnı qismən geniş adamlar maddiyyata, eyş-işrətə, başqasının maşası olmağa meylli olurlar.
 
Arxiv sənənlərini araşdırın, 37-ci ilin repressiya qurbanlarının üzünə duran hal şahidlərinin hamısının qaşları, dodaqları, üz cizgiləri elə bu şəkildədir. 

Əlvida, Etibar Əliyev! Heç kəs evsiz qalmayacaq, amma sənin bu xalqın ürəyində bircə çimdik yerin-yuvan olmayacaq. Sənin də oturduğun o parlamentdə çox adamın əli gec-tez bir yerdən çıxıb, Hüseynbalanın əli qadın dalından çıxdı, birinin əli büdcədən çıxır, birinin arvad-uşağı hansısa məmurun restoranından çıxır. Səninki hardan çıxacaq, bax, onu mən bilirəm. Səbrli olaq!

Samir Feyruzov
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top