"Ermənistanın törətdiyi təxribatların arxasında müxtəlif güclər dayanır" — Politoloq

QARABAĞ 17 iyl 2021, 13:57
“Hazırda Paşinyanın döyüşmək üçün ordusu, maliyyəsi, lazımi hərbi təchizatı yoxdur. Bu dövlətin ordusu 44 günlük müharibədə Azərbaycan tərəfindən tamamilə sıradan çıxarılıb. Yəni bu vəziyyətdə döyüşmək, hücum etmək Paşinyana nə qazandırır?”

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib. O, son günlər Ermənistanın törətdiyi təxribatların arxasında müxtəlif güclərin dayandığını bildirib:

“Ermənistanın Azərbaycan mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutması ilə bağlı bir neçə sual yaranır. Əsas sual budur ki, bu təxribat Ermənistanın baş naziri Nikol Paşinyana nə üçün lazımdır? Ümumiyyətlə, belə vəziyyətin yaranması ona lazımdırmı? Bu kontekstdə iki versiya var. Birinci versiya odur ki, bu, Paşinyanın arxasında dayanan Qərb qüvvələrinin səyidir. Onlar hər vəchlə Rusiyanı münaqişəyə çəkmək istəyirlər. Nəzərə alaq ki, indi Rusiyanın ətrafında digər münaqişəli bölgə - Ukrayna var. Qərb dövlətləri Qafqazda da bu cür münaqişə yaratmaq barədə düşünür. Ya Azərbaycanla, ya da Azərbaycanın vasitəsilə Türkiyə və Rusiya arasında konfliktin yaradılması üçün cəhdlərin olduğu ehtimal edilir. Düşünürəm ki, yaxın gələcəkdə Rusiyanın sıxışdırılması üçün ciddi addımlar atılacaq. Baltik dənizi istiqamətində, Sakit okeandan Rusiyaya qarşı münaqişə ocağı yaradılacağı gözlənilir”.

İkinci versiyaya gəlincə, politoloq hesab edir ki, Paşinyan bu təxribatları törətməklə sülh və sərhədlərin müəyyənləşdirilməsi prosesini uzadır:

“Digər tərəfdən, Paşinyan bu addımlarla münaqişəyə diqqət çəkərək, sərhədlərin delimitasiyası və bölüşdürülməsinin mümkünsüzlüyünü göstərməyə çalışır. O, bununla göstərmək istəyir ki, sərhədlər bölünə bilməz. Nəticədə, baş nazir vaxt qazanmaq istəyir. Paşinyan bu vasitədən istifadə edərək, həm dünya güclərinin diqqətini bölgəyə çəkmək, həm də prosesi uzatmaq istəyir. Digər bir ehtimal isə bu addımların arxasında Rusiyadakı bəzi güclərin dayanması ilə bağlıdır. Çünki Rusiya Müdafiə Nazirliyinin açıqlaması bizim mövqeyimizlə ziddiyyət təşkil edir. Rusiyanın dövlət qurumu açıqlamasında həm demarkasiya xəttinə, həm atəşkəsə, həm də erməni silahlı birləşmələrinə toxunur. Amma üçtərəfli bəyannaməyə əsasən, Qarabağ ərazisində erməni silahlı dəstələri ola bilməz, rusiyalı sülhməramlılar onları ərazidən çıxarmalı idi. Həmçinin, 10 noyabr bəyanatı ilə atəşkəs və demarkasiya xətlərindən də söhbət gedə bilməzdi. Çünki Qarabağ Azərbaycanın ərazisidir və oradakı heç bir qondarma muxtar vilayət tanınmırıq. Ona görə də, ərazidə nə atəşkəs, nə də status-kvo ola bilər. Azərbaycan dövlət başçısının mövqeyi bu istiqamətdədir və Ermənistan tərəfi də bunu yaxşı başa düşür”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top