Ermənilər Şuşanı atəşə tutur — Ruslara görə isə “atəşkəs pozulmayıb”

HƏRBİ 16 iyl 2021, 00:12
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Qarabağdakı Rusiya sülhməramlı kontingentinin iyulun 15-nə olan  fəaliyyəti ilə bağlı məlumatında deyilir.
 
"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur" - açıqlamada bildirilir.

Məlumata görə, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

"Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər. Gün ərzində Martuni (Xocavənd -red.) bölgəsindəki 2,5 hektar ərazi təmizləndi.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 2187,5 hektar ərazi, 657,3 km yol, 1892 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".

Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, iyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Lakin göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi nədənsə Şuşanın atəşə tutulması ilə bağlı heç bir açıqlama verməyib. Əksinə, ruslara görə "atəşkəs pozulmayıb"...

Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top