Fəzail Ağamalı: "O qızı hamı kimi mən də sevirdim" — VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ 15 iyl 2021, 13:11
 "Bizim qonaq” rubrikasının bu dəfəki qonağı altı dəfə Milli Məclisə deputat seçilən "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalıdır.

Onunla müsahibəni təqdim edirik: 

Azadlıq hərəkatına tələbə vaxtlarınızdan qoşulduğunu bildirirsiz. Hal-hazırda üzdə olan şəxslərdən başqa kimlər həmin hərəkatda iştirak edib?

- Üzvü olduğum dərnək konspirativ fəaliyyət göstərdiyindən onun  üzvlərindən hazırda üzdə olan  kimsə bilmirəm.  O dərnəkdə mən, uzun illər Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışan, çox istedadlı, Azərbaycanın qədim dövrünün tarixi üzrə tədqiqatçı Heydər Mirzəyev, bir də tələbə dostumuz Hümmət Mehdiyev üzv idi. Məni bu işə o zaman müəllimim olmuş rəhmətlik Əbülfəz Elçibəy cəlb etmişdi. Mən bir neçə yerdə -  Göyçay, Yevlax, Bakı, Sumqayıtda dərnəklər yaratmışdım. Artıq əlaqəm yoxdu həmin adamlarla, bilmirəm vəfat ediblər ya yox? Eyni zamanda onu da etiraf edim ki, 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Azərbaycanda sözün həqiqi mənasında milli şüurun və milli təfəkkürün inkişafı və formalaşması illəri idi. Biz tələbələr yataqxanalarda, əbədi-bədii dərnəklərdə iştirak edirdik, bu cür müzakirələr olurdu. Həm də bizim hər birimiz üçün çox açıq bir məkan vardı. Pionerlər parkında , indi Filarmoniya parkının İçərişəhərə bitişən divarının önündə , çayxana vardı. Ora yığılanlar arasında Ramiz Rövşən, Vaqif Bayatlı, Dilsuz, Sabir Rüstəmxanlı var idi. 

Müsahibələrinizin birində demisiz ki, "20 Yanvar” günü hərəkat rəhbərləri yeyib-içməkdə, əyləncədə idilər. Bəs Siz həmin vaxt harada idiz?

- 1988-ci ildən Qarabağda erməni seperatizmi başladı. Mən həmin zamanlar Gəncə Texnologiya institunda kafedra müdiri idim. Ordan ərizə yazıb çıxdım. Bakıya köçdüm və İqtisad universitetində müəllimliyə başladım və birbaşa hərəkatın içərisində oldum.  1988-ci ilin meydan epopeyası deyilən bir dövr başladı. Fəal iştirakçılardan biri idim. Gecələr tonqal ətrafında gedən müzakirələrin içərisində mən də yer alırdım. Hərəkatın gedişi dövründə biz belə qərara gəldik ki, bu hərəkatı idarə etmək üçün bir  təşkilata ehtiyac var. Bunu ilk dəfə mən Firudin Cəlilov (Ağasıoğlu) ilə müzakirə etdik və bərabər Əbülfəz Elçibəyə müraciət etdik. Mitinq prosesini idarə etmək lazım idi, həmçinin digər ciddi məsələləri nəzarət altında saxlamaq vacib idi. Beləliklə belə bir  təşkilatı yaratdıq. Adını da "Nümayiş komitəsi" qoyduq. Həmin "Nümayiş komitəsi" idarə heyəti üzvlərindən biri də mən oldum. Rəhbəri Firudin Cəlilov idi. Şair Nüsrət Kəsəmənli də idarə heyətinin üzvlərindən idi. Vurğun Əyyub və digərləri də var idi. 7-9 nəfərdən ibarət belə bir komitə yaratdıq. Biz meydan epopeyası dövründə həm də qərara gəldik ki, bu hərəkat bundan sonra da geniş və ardıcıl xarakter daşıyacaq, ona görə də daha ciddi təşkilatlanmağa ehtiyac var. Müxtəlif variantlar var idi, variantlardan biri siyasi partiya yaratmaqdı. Əbülfəz Elçibəyin fəal iştirakı ilə "Varlıq" təşkilatını yaratdıq. Onun idarə heyətinə Vurğun Əyyub, mən, universitetin dosenti cənublu soydaşlarımızdan olan Tarik Peyman, Fuad Ağayev daxil idi.

1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsinin 8-ci mikrorayonda rəhmətlik Ağamalı Sadiqin yaşadığı binanın qarşısındakı "bisetka"da təsis konfransı keçirildi. Sədrlik üçün iki namizəd vardı. Zərdüşt Əlizadə və onun ətrafında olanlar (Leyla Yunus, Arzu Abdullayeva və s) Yusif Səmədoğlunu sədr seçmək istəyirdilər. Xalq hərəkatının içərisində olan və xalq hərəkatına həqiqətən bağlı olanlar isə Əbülfəz Elçibəyi sədr görmək istəyirdilər. Bu konfransın gedişində səs vermədə biz üstünlük qazandıq. Belə Xalq cəbhəsini yaratdıq. Mən Ali məclisin üzvü seçildim. Səbail rayonu üzrə əlaqələndirici oldum. 

1990-cı ilin yanvarı ərəfəsində Bakıda deyildim. Dedilər Tovuzda mitinq olacaq, xahiş edirik gedin orada iştirak edin. Yanvarın 13-ü Tovuzda idim. Tovuzda mitinqimizi keçirtdik. Mən Bakıya gəlməyə hazırlaşanda isə xəbər gəldi ki, ermənilər indiki Göygöl istiqamətindən böyük qüvvə ilə hücuma keçib. Gəncə təhlükədədir. Bakıya qayıtmaqdan imtina etdim. Gəncəyə yollandım və gördüm ki, şəhər qaynayır. Oradan Göygölə (o dövrdə Xanlar adlanırdı) getdim. 1990-cı il Yanvarın 20-ə qədər orada qaldım. Yanvarın 14-də hazırlıq işi görməyə başladıq. 

Yanvarın 16-ı səhər 10-11 radələrində rusların 2 vertolyotu gəldi. İriçaplı pulemyotlarla bizi atəşə tutdu. Mənim yanımda olan iki nəfər şəhid oldu. Vertolyotun birini bizimkilər vura bildi. Ermənilər Çaykəndi qərargah kimi istifadə edirdi. Onu tutmaq isə çox çətin idi. Yanvarın 16-da məni Gəncə şəhər partiya komitəsinin birinci katibinin kabinetinə çağırdılar. Həsən Həsənov, Gəncənin birinci katibi Süleymanov, Rəhman  adlı Gəncə şəhər üzrə KQB-nin rəhbəri və İlham İsmayıl orada idi. Həsən Həsənov soruşdu ki, Çaykəndi necə edək? Cavab verdim ki, Çaykənddəkiləti məhv etmək üçün bir gecəlik mənə "kukuruznik” təyyarəsi lazımdı. Anlatdım ki, onunla əməliyyat aparacıq və məsələ bitəcək. O da razılaşdı. Yanvarın 17, 18, 19 -u oldu təyyarə gəlmədi. Yanvarın 20-də getdim Gəncə şəhər milis idarəsinin rəisi Dünyamalıyevin yanına. Dəhşətli hönkürtü ilə məni qarşıladı və dedi ki, Bakıda qırğın törədilib. Hazırda Bakıda, Gəncədə fövqaladə vəziyyət elan olunub, sən təcili çıxıb getməlisən. Ağ xalat geyindim. Yevlaxa , oradan da Bakıya gəldim. Bakıya çatanda gördüm ki, hər yerə qərənfillər düzülüb. Fevralda biz AXC-i yaşatmaq üçün Çingiz Qənizadənin fəal köməyi ilə Ağdaşda Ali məclisin iclasını keçirəndə idarə heyətinin hesabatını dinlədik ki, necə oldu bu qanlı hadisə baş verdi. 20 Yanvar günü heç biri insanlarla bərabər olmadılar. Ona görə də mən  onların isyefasını tələb etdim. 

Həmin hadisədən sonra aramızda münasibətlər korlandı. Onlar öz yaxın adamları ilə Səbail rayon təşkilatının işini iflic etməyə çalışdılar. İstefa verdim. İyunda AXC-dən də çıxdım.  1990-cı ilin 24 noyabrında "Ana Vətən” partiyasını yaratdıq. 

Heydər Əliyevin Bakıya  dəvət olunmasının  təşəbbüskarlarından biri Siz olmusuz. Elçibəy ilə də aranız yaxşı olub. Sizcə, hsnsı daha yaxşı siyasətçi idi?

- Heydər Əliyevi Azərbaycanda kiminləsə müqayisə etmək çox böyük ədalətsizlik olar. 

Əbülfəz Elçibəy o zaman bizim müəllim idi və Heydər Əliyevin fanatı idi. Heydər Əliyevi dünyanın nəhəngləri ilə müqayisə edirdi. Heydər Əliyevlə Əbülfəz Elçibəy arasında heç bir problem yox idi. Əbülfəz ELçibəy fanat, millətçi və hərəkatçı idi, açıq şəkildə özünü ifadə edən türkçü idi. 

Heydər Əliyev isə türk dövlətini yaradan, onu bütün çətinliklərdən çıxardan nəhəng dövlət xadimidir. 

Mən isə azadlıq mübarizəsinə içimdən gələn ideyaya görə, məsləkə, əqidəyə görə  qoşulmuşdum. 

Əbülfəz Elçibəy bizə məlum olanda, sadəcə fikirlərimiz, baxışlarımız üst-üstə düşdü və onu özümə müəllim bildim.  Gələcəkdə də hərəkatın lideri olaraq biz onu qəbul etdik. Əbülfəz Elçibəy Milli Azadlıq hərəkatının lideri idi. 

1974-cü ildə Əbülfəz Elçibəyi DTK həbs etdi. 

Təqribən 6-7 il öncə saytların birində Əbülfəz Elçibəyin istintaqında dövlət ittihamçısı kimi çıxış edən Yamən Yusifovun açıqlamasını oxudum. O, deyirdi ki, məhkəməyə bir neçə gün qalmış Heydər Əliyev məni çağırdı  və dedi Yamən biz sizinlə uzun müddətdir işləyirik. Mən DTK-da sən isə prokurorluqda. 

Soruşdu ki, bizim aramızda problem yoxdu ki, mən də dedim əlbəttə yox. 

Bəs yaxşı bu müəllimdir, cavan adamdır. Onu ağır maddə ilə ittiham edirsiniz. İndi bu nə edib? İnqilab etməyib, çevriliş etməyib, boşboğazlıq edib. 10 il iş, 5 il sürgün çoxdur, gedin onu dəyişin. Yamən deyir ki, biz gəlib Ali məhkəmənin sədri ilə danışdıq. Maddəni dəyişdik. Anti-sovet boşboğazlığını saxladıq. Bu maddə ilə 1,6 il iş kəsildi. Yenə də Heydər Əliyevin himayəsi ilə Qaradağda o biri məhbuslar kimi daş daşımadı. Kitabxanada oturub, vaxtını kitabların arasında keçirdi.(anews.az)
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top