Deputat: "Reket jurnalistikadan bir an öncə qurtulmaq lazımdır" — "Media haqqında Qanun bu sahəyə tarazlıq gətirəcək"

MEDİA 13 iyl 2021, 14:41
"Yeni media haqqında qanun layihəsinin detalları və müzakirələr mənə məlum olmasa da, beynəlxalq qanunların əsas götürülərək yeni layihənin hazırlanacağını düşünürəm. Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirdiyi uğurlu layihələr, addımlar Azərbaycan mediasının inkişafına və güclənməsinə xidmət edir". 

Bunu Demokrat.az-a müsahibəsində Milli Məclisin deputatı Ramil Həsən bildirib. 

Deputat deyib ki, bu, həmçinin əlində qələm olanın bu fürsətdən sui-istifadəsinin də qarşısını alır:

"İnsanları şantaj etmək, onların şərəf və ləyaqətinə toxunmaq, şəxsi həyata müdaxilə, siyasi görüşlərinə görə təhqir etmək kimi hallar hələ də mövcuddur. Bu, zaman-zaman bizim də başımıza gəlib. Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə görə bu, qadağandır, amma bunların şahidi oluruq. Ona görə düşünürəm ki, Media haqqında Qanun həm də tarazlıq gətirəcək. Medianın müstəqilliyinə və söz azadlığına mane olmamaq şərtilə onun fəaliyyət mexanizmi işləyib hazırlanmalıdır. Hər kəsin hüququna, düşüncəsinə hörmətlə yanaşılacaq. Sağlam cəmiyyətin qurulması üçün prezident çalışır. Media da bu işə köstək yox, dəstək olmalıdır. Reket jurnalistikadan bir an öncə qurtulmaq lazımdır. Rəqabət də sağlam olmalıdır. Sağlam rəqabət yaxşı iş ortaya qoyan media qurumunu kölgələmək yox, "mən daha yaxşı işləyərəm" deməkdir. Sağlam rəqabət təbii süzgəcdir. Həmin süzgəc özü reketliklə, şantajla məşğul olanları süzüb atacaq. Süzüləndən sonra yerdə qalanlar öz gücləri ilə fəaliyyətə davam edəcəklər. Ağıl və dərrakə ilə işləyən qrup və qurumlar qorxmamalıdır, əksinə səbirsizliklə gözləməlidir ki, yeni proses başlayır. Məmurlar da, deputatlar da, siyasətçilər də medianın sağlam və təmiz olmasını arzu edir. Səhvim varsa, tənqid edin, amma sui-istifadə etməyin, şəxsi həyat prizmasından çıxış etməyin".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top