Elçin Mirzəbəyli: "Heç bir güzəşt edilmədən ölkənin informasiya məkanı iyrənc məxluqlardan təmizlənməlidir"

GÜNDƏM 09 iyl 2021, 13:55
"Reket jurnalistika" ifadəsi ilə heç vaxt razılaşmamışam. Mənə görə, jurnalistika, jurnalist, media sözləri ilə “reket” sözü təyinatına, təməl mahiyyətinə görə daban-dabana ziddir. Əgər hər hansı bir şəxs “jurnalist” sözünün arxasında gizlənib cinayətkar əməllərlə məşğul olursa, insanların şəxsiyyətini hədəfə alaraq, şantaj vasitəsilə onlardan yararlanmağa çalışırsa, dövlətinə qarşı düşmənlə eyni cərgədə dayanıb savaş açırsa, onun jurnalistikaya, mediaya heç bir aidiyyatı yoxdur.

Beləsi reketdir, dələduzdur, fırıldaqçıdır, böhtançıdır, Vətən xainidir, kəsəsi cinayətkardır. Cinayətkarla isə qanunun ən sərt üzü ilə danışırlar!

Bir xəbəri ərsəyə gətirə bilməyən, bir cümləsində sözdən çox səhv buraxan, intellekti topuğuna, mədəniyyəti dabanına qədər olan, peşəkar media qurumlarının qapısından 3-5 gündən sonra it kimi qovulan onlarla adam tanıyıram ki, jurnalistikanın “J” hərfinə yaxın gələ bilməsələr də, siyasi şantajdan dələduzluğa kimi, cinayətkarlığın əlifbasını yaxşıca əzbərləriblər. Və yeri gələndə utanmadan, əxlaqsızlığın dibinə yuvarlanmış birisinin belə qibtə edəcəyi həyasızlıqla “söz və fikir azadlığı”ndan dəm vurur, şərəfinin qələminə, qələminin şərəfinə sığınıb ƏLAHƏZRƏT SÖZə xidmət edənlərə “jurnalistika” dərsi keçirlər. Bəzən tanımaza-bilməzə, yaxud şəxsən mənə hələlik bəlli olmayan hansısa səbəblərdən belələrinə açıla bilən nə varsa – qapı, pəncərə, nəfəslik – açılır, yollarına informasiya da daxil olmaqla çeşidli məkanların xalıları döşənir, sosial şəbəkələr, internet resursları üzərindən zəhərlərini bütün cəmiyyətə püskürə biləcəkləri qədər yemlənirlər. Problem təkcə qısaca “reket” kimi səciyyələndirdiyimiz ilanlarda deyil, həm də onlara yem verənlərlərdədir. Mübarizəni də “zəhər xammalı istehsalçıları”ndan başlamaq lazımdır.

Özlərini bizimlə eyni peşənin təmsilçiləri kimi təqdim edən bu əxlaqsız peşə sahibləri – reketlər, dələduzlar, fırıldaqçılar o qədər azğınlaşıblar ki, hətta şəhid ailələrindən apardıqları “çəkiliş” üçün ödəniş tələb etməkdən də çəkinmirlər. Bəziləri “vətənpərvərlik” pərdəsi arxasında iyrənc simalarını gizlədərək, “şəhid ailələrinə yardım”, “qazilərə dəstək” məqsədilə pul toplayır, bizi BİZ edən bütün yüksək dəyərləri, mənəvi keyfiyyətləri ayaqlar altına atırlar.

Və bütün bunlara son qoymağın zamanı çatıb! Heç bir güzəşt edilmədən, kimsənin gözünün yaşına, haray-həşirinə baxmadan ölkənin informasiya məkanı bu iyrənc məxluqlardan təmizlənməlidir. Belələrini düz yola gətirmək kimi xam xəyallardan əl çəkmək lazımdır. “Qozbeli qəbir düzəldər.

Elçin Mirzəbəyli
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top