Aliment fondunun yaradılması hansı səbəblərdən gecikir? — VİDEO

SOSİAL 08 iyl 2021, 16:57
37 yaşlı Kəmalə Qəmbərova altı yaşında olarkən avtomobil qəzasında valideynlərini itirir. Bu hadisədən sonra qohumları onu Xətai rayonunda yerləşən 3 saylı uşaq evinə yerləşdirirlər. 18 yaşında isə Zəkəray Həsənov adlı şəxslə ailə qurur. Başına gələnlərdən sonra müsahibimiz boşanmaq üçün rəsmi müraciət edir. Lakin yenə də problemlər bitmir. 

2015-ci ildə rəsmən ayrılsa da, iki il ərzində bir ay belə aliment ala bilmir. Sonrakı aylarda keçmiş həyat yoldaşı söz verdiyi məbləği tam ödəmədiyi üçün aliment borcu daha da artır. Zəkəray Həsənov dəfələrlə axtarışa verilib tutulsa da, heç bir nəticəsi olmayıb. Hazırda onun keçmiş həyat yoldaşı Kəmalə Qəmbərovaya 16 min manatdan çox aliment borcu var. Səsinin efirə getməsini istəməyən icraçı İlqar Ağayev isə Zəkəray Həsənovun axtarışda olduğunu bildirdi. 

Qeyd etdi ki, vətəndaş axtarışda olduqda isə polisə gətirilənə qədər icraat dayandırılır. İşin istintaqa göndərilməsi üçün həmin şəxs beş dəfə xəbərdarlıq almalıdır. 

“Kəmalə Qənbərovanın keçmiş həyat yoldaşı isə gizləndiyindən haqqında hər hansı bir iş görmək mümkün deyil”, - deyə icraçı qeyd etdi. 

Məsələyə münasibət bildirən vəkil Emil Aslanovun sözlərinə görə, alimenti ödəməkdən boyun qaçıran şəxsi hətta üç ilədək həbs cəzası da gözləyə bilər. 

Qeyd edək ki, bu tip problemlərin yaranmaması üçün bir neçə il öncə Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr başladı. Lakin hələ də bu layihə gerçəkləşməyib.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top