MEDİA Agentliyi saytların maliyyələşməsində hansı meyarı əsas götürdü?

GÜNDƏM 01 iyl 2021, 22:55
Qaliblər seçilərkən həm də o saytlara üstünlük verilib ki, onların maliyyə yardımına ciddi ehtiyacı var

Medianın İnkişafı Agentliyi (MEDİA) kütləvi informasiya vasitələrinə dəstək layihələrinin qaliblərini elan edib. Nəticələrə əsasən, ümumilikdə 60-a yaxın media subyektinə maliyyə dəstəyi göstəriləcək. 

Onlardan 39-u onlayn media subyektləridir (veb-saytlar) və bu, bir ilkdir. Məlumdur ki, indiyə qədər saytlara dövlətin xətti ilə hər hansı yardım həyata keçirilməyib. Birinci dəfədir ki, saytların inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə təşkil edilib.  

Eyni zamanda, ənənəvi olaraq çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi,  dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri də müəyyənləşib. Agentlik ümumilikdə 18 qəzetə dəstək göstərəcək. 
Yuxarıda qeyd etdiyimiz kimi, saytlara maliyyə dəstəyinin göstərilməsi aksiyası birinci dəfədir  icra olunur. Çap mediası dövlətin dəstəyindən bəhrələnsə də, saytlar üçün bunun həyata keçirilməsi indiyə qədər mümkün olmayıb.

Qalib saytların siyahısı olduqca genişdir. Onların sırasında həm ictimai-siyasi, həm də idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri yer alıb.
Siyahıya nəzər salsaq görərik ki, qaliblər arasında kifayət qədər tanınmış saytlarla yanaşı, bir sıra yeni yaranmış saytlar da var. Məhz bu amili əsas götürüb müsabiqənin nəticələrinə kölgə salmaq cəhdləri təəssüf doğurur. Müsabiqə elan olunarkən konkret tələblər irəli sürülmüşdü. Orda yazılmamışdı ki, məsələn 3 il öncə yaranmış sayt bu müsabiqədə iştirak edə bilməz. Və ya bəzi rəylərdən belə çıxır ki, kim hansı saytı oxumursa, o sayt tanınmış sayt deyil, həmin media qurumunun qalib olması doğru deyil. Bu nə dərəcədə ədalətli yanaşmadır? Təbii ki, ədalətli deyil. Görülən işlərin narazı və razı tərəfləri həmişə olub, bu gün də var. 

Bundan başqa, saytlarla bağlı müsabiqə ilkdir və heç sonuncu da olmayacaq. Növbəti müsabiqələrə qatılıb, qalib olmaq imkanı heç kimim əlindən alınmayıb. Onu da nəzərə almaq lazımdır ki, növbəti mərhələdə maliyyə dəstəyi alan saytların hansı işləri  gördüyü, qoyulan hədəfə nə dərəcədə çatdığı təhlil olunacaq. Bu baxımdan bu siyahı heç də dəyişməz bir siyahı kimi qəbul edilməməlidir.  

Agentliyin şərtlərinə diqqət etsək görərik ki, orada maliyyənin həm də hansı istiqamətlər üzrə xərclənməsi ilə bağlı tələblər var. Onların bir qisminə diqqət edək: maliyyə yardımı göstərilən dövr ərzində media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Və ən əsası sirr deyil ki, üç min manatlıq maliyyə yardımına bir çox tanınmış saytların digər saytlarla müqayisədə ciddi ehtiyacı yoxdur. Bəlkə də bu səbəbdən onların bir qismi müsabiqəyə qoşulmayıb. Müsabiqədə qaliblər seçilərkən həm də o saytlara üstünlük verilib ki, onların maliyyə yardımına ciddi ehtiyacı var və maliyyə çatışmamazlığı onların inkişafını əngəlləyir. 

Beləliklə, Agentliyin ilk addımını ağına-bozuna baxmadan qaralamaq doğru yanaşma deyil. Obyektivlik qorunub və məhz maliyyəyə ciddi ehtiyacı olan saytların bir qismi qalib gəlib. Bunu alqışlamaq və ümumi işə töhfə vermək daha düzgündür.

Azərbaycanda medianın durumunun ürəkaçan olmamasını hamı bilir. Agentlik də məhz bu durumu dəyişmək üçün fəaliyyətə başlayıb.   Azərbaycan mediasının xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün düşünülmüş, dərin islahatların aparılmasına ciddi zərurət var və bu sahədə başlanılan iş təqdir olunmalıdır.
Agentliyin qarşısında konkret yeni vəzifələr qoyulub və onların icrası üçün əmək sərf olunur. Hazırda medianın fəaliyyətini tənzimləyən yeni qanun üzərində iş aparılır. Beləliklə, davamlı və sistemli prosesin astanasındayıq və hamıda belə bir fikir hakimdir ki, bu addımlar pozitiv nəticələrə gətirib çıxaracaq.

Görülən iş təkcə keçirilən müsabiqələrlə məhdudlaşmayacaq. Yəni bütün diqqəti bunun üzərinə cəmləmək, Agentliyin fəaliyyətinə yalnız bu prizmadan baxmaq düzgün deyil.
Medianın fəaliyyətinin şəffaflaşdırılması, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün də real addımların şahidi olacağıq. Nəticə etibarilə müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, ən əsası siyasiləşməmiş media subyektlərinin daha da güclənməsinin, qeyri-peşəkar, qərəzli medianın isə tədricən sıradan çıxması qaçılmaz olacaq.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top