İqtisadçı ekspert: "Bu, təsərrüfat subyektlərinə təkrarən qiymət artımlarına getməsinə əsaslar vermiş olacaq"

GÜNDƏM 01 iyl 2021, 16:57
"Tarif (Qiymət) Şurasının qazın qiymətləri ilə bağlı verdiyi qərara diqqəti əsasən iki istiqamətdə yetirmək istəyirəm. Bunlardan biri əhaliyə satılan qazın 10 qəpik limitinin 2200 m3-dən 1200 m3-ə endirilməsidir ki, bu da özlüyündə təxminən limitli həcmin  46 % azaldılması anlamına gəlir. Həmin 46%-li hissə 100% baha qiymətə satılacaq. Bu isə limit miqdarında olan bir 2200 həcmin təxminən 46-47% bahalaşması deməkdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
 
Tarif Şurasının təbii qazın qiyməti ilə bağlı yeni qərarını şərh edən ekspert bu qərarın xidmət sahəsinə təsirinə toxunub:

"İkinci tərəf isə xidmət və ticarət sektoru üzrə satılan qazın qiymətinin 5 qəpik artırılmasıdır. Bu, mahiyyət etibarı ilə o qədər də böyük artım deyil, çünki bu istiqamətdə qaz istehlakının həcmi yuxarı olmur. Amma yenə də düşünürəm ki, hazırda restoranlarda və digər ictimai iaşə obyektlərində, xidmət sahələrində qiymətlərin pandemiyadan öncəki dövrlə müqayisədə kifayət qədər yüksək olduğunu nəzərə alsaq, bu, təsərrüfat subyektlərinə təkrarən qiymət artımlarına getməsinə əsaslar vermiş olacaq. Ona görə də bu iki faktor verilmiş qərarın, zənnimcə, mənfi tərəflərindədir". 

Ekspert qazın tarifi ilə bağlı dəyişikliyin məhsulların və istilik təchizatına mümkün təsirini belə qiymətləndirib:

"Qərarda müsbət məqamlarda var, bu, kənd təsərrüfatı və sənaye müəssisələrinə verilən qazın qiymətində artımın olmamasıdır. Çünki belə bir halın olacağı təqdirdə, biz daha çox yerli istehsal məhsullarında növbəti qiymət artımı dalğasını müşahidə edəcəkdik. 

Eləcə də istilik elektrik stansiyalarına verilən qazın qiymətində də çox artımın olmaması - cəmi bir qəpiklik artımın olmasını da müsbət hal kimi dəyərləndirmək olar. Çünki bu istiqamətdə qazın qiymətində artım olsaydı, biz növbəti 1-2 ay ərzində elektrik qiymətlərinin də qaldırılması məsələsinə baxmalı olacaqdıq. 

İstilik təchizat məsələləri üzrə qazın qiymətlərinin 20 qəpikdən 13 qəpiyə endirilməsinə gəldikdə isə, düşünürəm ki, hazırkı dönəm üçün onun mənfi və müsbət tərəfləri yoxdur. Çünki hazırda bu istiqamətdə istehlak olunan qazın həcmi, demək olar ki, çox aşağı – yoxa yaxın bir dərəcədədir. Qarşıdakı dekabr, yanvar, fevral - yəni növbəti qış aylarında satış 20 qəpikdən 13 qəpiyə endirilmiş vəziyyətdə həyata keçirilərsə, bunu müsbət qiymətləndirmək olar".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top