Abutalıb Səmədov: "Əbülfəz Elçibəyi yıxan elə özü oldu"

GÜNDƏM 25 iyn 2021, 16:40
Əbülfəz Elçibəyə nifrət edənlərlə müqayisədə sevənlər dəfələrlə çoxdur. Nə qədər qəribə olsa da nifrət edənlərin böyük əksəriyyəti onu çox yaxşı tanıyan keçmiş silahdaşlarıdır. Daha qəribəsi odur ki, Elçibəyi ideallaşdıranların mütləq əksəriyyətinin onun fəaliyyətindən, atdığı addımlardan, verdiyi bəyanatlardan heç bir anlayışı yoxdur. Bir onu bilirlər ki, “Ə.Elçibəy təmiz adam idi, Azərbaycanı demokratikləşdirmək, inkişaf etdirmək, bütöv Azərbaycan yaratmaq xəyalları vardı və buna qiyam qaldıran Sürət Hüseynov imkan vermədi. Özünün Bakıya dəvət etdiyi Heydər Əliyev isə ona kömək eləmək əvəzinə, qiyamçı ilə  birləşdi".

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.

"Bu cür adamlara həqiqəti izah etməyə çalışmaq, uydurulmuş yox, real tarixi qəbul etdirmək çox çətindir. Nə qədər arqument gətirsən də inanmayacaqlar ki, prezident Ə.Elçibəyi nə S.Hüseynov, nə də digərləri yıxmadı. Onu yıxan elə Ə.Elçibəyin özü oldu. Bir il ərzində hakimiyyətdə olub o qədər dəhşətli səhvlər buraxan şəxsin hakimiyyətdə qalması mümkün deyildi. 

Bu cür adamlara üzümü tutub- tariximizi yaxşı oxuyun-deməyəcəyəm. Çünki, o dövrü öyrənməyə imkan verən kitablar yox dərəcəsindədir. Təəssüf ki, gecə-gündüz böyük Heydər Əliyevə sədaqətdən dəm vuranların onun ünvanına söylənilən böhtanlara cavab verən obyektiv tarixi kitabların çapına yardımçı olmaq kimi bir dərdi yoxdur. Çap olunanların böyük əksəriyyəti isə son dərəcə keyfiyyətsiz və birtərəflidir. Bu səbəbdən istəsəniz də o dövrü öyrənmək imkanınız olmayacaq. Ancaq düşünməyə çalışın:



Tutaq ki, hakimiyyəti onun əlindən qiyamçılar aldılar və onu  prezidentlikdən uzaqlaşdırdılar.

Bəs, Ə.Elçibəyi “demokratik müxalifət”in liderliyindən kim uzaqlaşdırdı və necə oldu ki, o, 1998-ci il prezident seçkilərində müxalifətin vahid namizədi ola bilmədi?

Necə oldu ki, 1999-cu ildə ərk eləyib, “Musavat” partiyasını “qorxaqlıqda” günahlandıran Ə.Elçibəyə İ.Qəmbər  onun“ qoçaqlıqlarını" xatırlatdı?

Lideri olduğu və böyük əziyyətlə yaratdığı AXC-ni(AXCP-ni) Ə.Elçibəyin əlindən Heydər Əliyevmi aldı? Partiyada ona qarşı qiyamı S.Hüseynovmu qaldırdı?

AXC Ali Məclisinin, Rəyasət heyətinin iclaslarında Ə.Elçibəyi hörmətsiz vəziyyətə salan, onun etibarından və siyasi səhvlərindən istifadə edib partiyanı ələ keçirənlər indi  qəbrini ziyarətə gedəndə xəcalət çəkirlərmi? 

Ə.Elçibəyi sevdiyini iddia edən, o rəzalətin şahidləri həmin hadisələr barədə danışmaqdan qorxduqlarına görə “vicdan” əzabı çəkirlərmi? 

Nəhayət, onun öldüyü gün, avqustun 22-də, üzərində Ə.Elçibəyin çox böyük haqqı olan “Azadlıq” (faktiki sahibi Ə.Kərimli idi) qəzetində ona ünvanlanan ağır ittihamlara görə “Böyükbəy sevənlər” əzab çəkirlərmi?

Əbülfəz Elçibəyə sevgisini yeri gəldi-gəlmədi gözə soxan, həm ona, həm də ona  xəyanət edənlərə heyran olmaq “istedadı” “nümayiş etdirən”, bilmədikləri məsələlər barədə hökm verən qardaşlarım! Bəlkə bir az düşünəsiniz?", deyə Abutalıb Səmədov qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top