Çingiz Qənizadə: "Zatulin özü də bilir ki, yalan danışır, amma..."

GÜNDƏM 25 iyn 2021, 13:49
“Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB ölkələri üzrə komitəsinin sədr müvini Zatulin yenə də öz ampulasındadır. O, “Sputnik Armenia” multimedia mətbuat mərkəzindəki çıxışı zamanı növbəti dəfə Azərbaycana və Azərbaycan rəhbərliyinə qarşı öz sərsəm fikirlərini bildirməkdən çəkinmədi. Doğrudur, yəqin ki, özü də səsləndirdiyi fikirlərin mənasının olmadığını bilir. Görünür, Zatulin onu dəstəkləyən qüvvələrə özünü yaxşı göstərmək və sanki onların qarşısında öz borcunu yerinə yetirmək üçün bu ifadələrdən istifadə edir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və insan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rusiya Dövlət Dumasının deputatı, MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulinin “Sputnik.Armenia” multimedia mətbuat mərkəzindəki platformada çıxışına münasibət bildirərkən deyib.

O, Zatulinin bu cür fikirlərlə onu dəstəkləyən erməni seçicilərinin təqdirini qazanmaq istədiyini bildirib:

“İlk onu qeyd edim ki, Zatulin ermənilərin sıx məskunlaşdığı Krasnodar vilayətinin Soçi seçki dairəsindən Rusiya Dumasına deputat seçilib. Hələ parlamentdə olarkən mən Zatulinin bu cür ifadələrinə fikrimi bildirmişəm. Yəqin ki, o və onun kimilər Ermənistana dəstək vermələrinə baxmayaraq, acı məğlubiyyətlə üzləşəndən sonra öz əsəb və aqressiyalarını bu cür ifadə edirlər. Düşünürəm ki, bu kimi ifadələr onların müharibədə aldıqları yaranın nəticəsidir. Onlar Ermənistanı nə qədər dəstəkləsələr də, məğlub oldular və psixoloji şok yaşadılar. 

Zatulin hələ 2010-cu ilin mayın 23-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ndə müşahidəçi qismində iştirak etdiyi üçün Azərbaycan tərəfindən “qara siyahı”ya salınıb və onun Azərbaycana girişi qadağan edilib. Həmçinin Estoniyaya, bu xalqa qarşı atdığı qərəzli, məkrli addımlarına görə və Estoniya dövlət qanunlarını pozduğuna görə bu ölkəyə girişi 5 il müddətində qadağan edilib”. 

Ç.Qənizadə Zatulinin “Şuşa bəyannaməsi” və Azərbaycan sərhədlərinin delimitasiya prosesində dövlətin siyasəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Zatulin çıxışı zamanı “Şuşa bəyannaməsi”ndən danışarkən Türkiyənin Qafqazda nüfuz dairəsini genişləndirməsindən söz açır. O, qeyd edir ki, 15 iyunda bu bəyannamənin imzalanması ilə Bakı 44 günlük müharibədəki dəstəyinə görə Ankaraya olan borcunu ödədi. Bu dırnaqarası siyasətçi başa düşmür ki, iki ölkə arasında hansısa öhdəlik, təzminat məsələsi yoxdur. Bu bəyannamə iki ölkə arasındakı münasibətlərin ən yüksək formasıdır. Bu müqavilədə tərəflərin bir-birinə hər cür dəstək göstərə bilmələrindən söhbət gedir. 

Azərbaycan sərhədlərinin delimitasiyasi və demarkasiyası prosesində guya Azərbaycan tərəfi bu müqavilə ilə Ermənistandan daha çox güzəşt əldə etmiş olacaq deyə fikir bildirib. Bununla da o, atəşkəs rejimi olduğu halda iki ölkəni bir-birinə qarşı qaldırmaq, vəziyyəti gərginləşdirmək istəyən Zatulin nəinki bölgədə sülhə xidmət edir, əksinə, bölgədə vəziyyətin pisləşməsinə xidmət edir. O, başa düşmür ki, Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, dövət sərhədlərini Sovet dövründəki kimi delimitasiya və demarkasiya olunmasını istəyirik. Zatulin özü də bilir ki, yalan danışır, zaldakılarlar da ona inanmır. Amma bu cür ifadələr səsləndirməyə ermənilər qarşısında borcludur”. 

Azərbaycanın bütün xalqların nümayəndələrinə bərabər hüquqlar verən ölkə olduğunu qeyd edən Çingiz Qənizadənin fikrincə, Zatulin bu məsələyə toxunmaqla, Azərbaycan rəhbərliyi barədə yanlış imic formalaşdırmağa çalışır:

“Məni ən çox qəzəbləndirən Zatulinin Azərbaycan rəhbərliyinin davranışını “dar düşüncəli millətçilik” adlandırmasıdır. O, bütün həddləri aşaraq, ölkə prezidentimiz barədə yanlış imic formalaşdırmağa çalışır. O, yaxşı olar ki, tərəfini tutduğu Ermənistana, orda yaşayan insanlara, say tərkibinə baxsın. O, yaxşı bilir ki, 44 günlük müharibə dövründə Azərbaycan ordusunun tərkibində ruslar, ləzgilər, talışlar, avarlar və digər millətlərin nümayəndələri çiyin-çiyinə vuruşublar və öz torpaqlarını qoruyublar. Bu gün bu xalqların nümayəndələri ölkə ərazisində çox rahat yaşaya bilirlər və Azərbaycan Konstitusiyasının bütün maddələrindən istifadə etməklə demokratik ölkədə yaşayırlar. Azərbaycanda digər xalqların dillərində olan məktəblər fəaliyyət göstərir. Belə olan halda, Zatulin necə deyə bilər ki, Azərbaycan rəhbəri millətçi düşüncədədir?! Prezidenti olduğu ölkənin milli və dövlət maraqlarını qorumaq nə vaxtdan millətçilik hesab edilir? Azərbaycan rəhbəri millətinə, xalqına sadiqdir və onun siyasəti milli maraqlardan kənara çıxmır. Lakin digər xalqlara münasibətdə də rəhbərlik heç vaxt fərq qoymayıb və belə hal Azərbaycanda heç bir zaman olmayacaq. Bu xüsusiyyətlər üçün Zatulin Ermənistana da nəzər salsın, müxtəlif xalqların nə qədər nümayəndəsi yaşayır, nə qədər məktəb var və s. Zatulin bu cür fikirlərlə onu parlamentə seçmiş erməni iş adamlarının və erməni seçicilərininq qarşısında borcunu yerinə yetirir. Amma bu cür yalanlar ayaq tutar, yeriməz. Onun kimi adamları biz çox görmüşük, həqiqət isə ortadadır. Azərbaycan qalibdir, öz torpaqlarını hərb yolu ilə azad edib və qonşu ölkələrlə sülh və əməkdaşlıq çərçivəsində yaşamaq istədiyini bəyan edən dövlətlərdən biridir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top