Yasamalda yanğın ərazisində bunlar nəzərə alınmayıb — AÇIQLAMA

SOSİAL 22 iyn 2021, 19:28
Dünən axşam saatlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin birində yanğın baş verdiyini xəbər vermişdik. Hadisə yerinə çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti qüvvələri təxminən bir saat sonra yanğını söndürməyi bacarıb. Nazirliyin mətbuat xidmətinin də yaydığı məlumata görə, yaşayış kompleksinin həyətinə girişdə, habelə həyətdə vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən avtonərdivanın yanğın yerinə yaxınlaşaraq tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən, yanğınsöndürənlər, təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada, bilavasitə mənzilin daxilində aparmalı olublar.

Yeni Yasamal Bakının ən sıx yerlərindən biridir və bu ərazidə binalar bir-birinə çox sıx tikilib. Yanğının görüntülərinə baxdıqda, həmin tikilinin digər binalarla arasında məsafənin olmaması nəzərə çarpır. 

Məsələylə bağlı Demokrat.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev binaların sıx tikilməsinin əsas səbəbinin əhalinin artması ilə bağlı olduğunu bildirib:

“Sovet dövründə tikilmiş binaların arasında müəyyən məsafə, binaların qarşısında yaşıllıq ərazi, uşaqların əyləncəsi üçün, parkinq üçün yerlər ayrılmışdı. Əlbəttə, həmin dövrdə şəhər bu qədər sıx deyildi. Bütün şəhərlərin xüsusi şəhərsalma normativləri var. Bakının Baş planı ən son 1986-cı ildə hazırlanıb. Həmin vaxt şəhərdə əhalinin sayı təxminən 1,5 milyon idi, indi isə qeyri-rəsmi rəqəmlərə görə paytaxtda 3 milyondan çox əhali yaşayır. Bakıda əhalinin sayı artdıqca, planda müəyyən dəyişiklik edilməli, şəhər genişləndirilməli idi. Şəhərin mərkəzində bu, mümkün olmadığına görə, şəhərin içindən – binaların arasından genişləndirmə işləri aparılıb. Buna qədər binalar arasında məsafələr vardı, bu məsafələr boş yerə deyildi. Hansısa qəza, hadisə baş verəndə digər binalara da ziyan dəyməsin deyə belə addım atılır. Binalar arasında məsafə ilə bağlı müəyyən standartlar var. Binalar arasında məsafə bir binanın hündürlüyü və onun yarısının cəmi olmalıdır. Yəni binanın hündürlüyü 30 metrdisə, digər bina ilə arasındakı məsafə 45 metr olmalıdır. Bu məsafə zəlzələ, təbii fəlakət, yanğın, uçqun kimi hadisələr baş verərsə, digər binalara keçməsinin qarşısını alır. Təəssüf ki, son illər tikilən binalarda bu nüanslar nəzərə alınmayıb”.

Ekspertin sözlərinə görə, nazirliyin yaydığı məlumatda deyildiyi kimi, avtomobillərin küçənin kənarında, nizamsız park edilməsinin səbəbi də məhz binaların arasındakı məsafənin qorunmamasıdır: 

“Hətta binalar o qədər sıx tikilib ki, avtomobillər üçün parkinq yeri ayrılmayıb. Nəticədə vətəndaşlar məcbur olub şəxsi avtomobillərini yolun kənarında saxlayırlar. Bununla da yollar daralır, gediş-gəliş mümkün olmur. Təbii fəlakət, hadisə baş verən zaman əhalinin xilas edilməsi üçün öncə həmin avtomobillərin çəkmək lazım olacaq. Bunun üçün isə xeyli vaxt lazımdır.

Bakının ən sıx yerlərindən biri də Yeni Yasamaldır. Bu ərazidə binalar bir-biri ilə o qədər sıx tikilib ki, yaşayış binalarına cəmi bir yol var. Hadisələr zamanı bu yollardan biri bağlansa, daha böyük faciə ilə nəticələnər, insanları hadisə yerindən çıxarmaq da mümkün olmaz. Bunda parkinq yerlərinin olmaması da öz təsirini göstərir. Dediyimiz kimi, insanlar avtomobillərini yolun kənarında saxlayırlar. Bu zaman yanğınsöndürmə xidməti, xilasedicilərin əraziyə daxil olması çətinləşir. Bunu dünənki hadisədə gördük. Köhnə tikililərdə təcili yardım, yanğınsöndürmə xidmətinin maşınları üçün ayrıca giriş-çıxış nəzərdə tutulub. Dediyimiz ərazidə, binalarda bunlar nəzərə alınmayıb. Bunun da əziyyətini çəkən vətəndaşlardır. 

Digər tərəfdən, mənzillər elə tikilməlidir ki, orda yelçəkən olmalıdır. Bir çox xəstəliklərin, o cümlədən vərəmin yaranmasında və yayılmasında əsas səbəb evə günəş düşməməsi və havasızlıqdır. Yeni tikilən binaların əksəriyyətində nə evə günəş düşür, nə də normal havalandırmaq mümkün olur. Çünki binalar bir-birinin qarşısını tutub, üstəlik, dediyimiz kimi yelçəkən yoxdur. Bu cür binaların tikilməsinin davam etdirilməsi gələcək üçün də böyük problemlərə yol açacaq. Bu illər ərzində şəhərin ümumi arxitekturasına elə zərbə vurulub ki, artıq onu bərpa etmək mümkün deyil”. 

Ekspert məsələnin həlli üçün müvafiq qurumun olmamasının da ciddi təsir göstərdiyini qeyd edib:

“Hazırda ölkədə pis vəziyyətdə olan sahələrdən biri də tikinti, daşınmaz əmlak sektorudur. Hər bir sahə ilə bağlı konkret qurum var və bütün əlaqəli təşkilatlar həmin dövlət qurumuna tabe olur. Bir bina tikilən zaman həmin iş bir neçə qurumun səlahiyyətindən keçir. Yerli icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, tikinti şirkəti və s. Amma bütün bu işlərə nəzarət edən, son nöqtəni qoyan qurum yoxdur. Saydığımız qurumların hər biri məsuliyyət daşıyır, amma bir qurum ümumən bütün işlərə hakim olmalı, məsuliyyəti də o götürməlidir. Bina tikilən zaman, yaxud bu cür problemlər yaranan zaman həmin qurumlar işi bir-birinə ötürür, digərinə aid olduğunu bildirir. Bir qurumun olmaması təkcə bu problemdə deyil, çıxarışsız mənzillərlə bağlı məsələdə də özünü göstərir. Şəhərsalma Komitəsi əvvəllər Bakı şəhər İcra Hakimiyyətinin tərkibində idi, 2018-ci ildə bu qurum ayrıldı və  Şəhərsalma və Arxitektura Komitəsi adlandı. Bu qurum binaların tikintisinə nəzarət edir, amma hazırda problemli olan, sıx tikilən binaların əksəriyyərti 2018-ci ildən tikilmiş binalardır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top