Şuşa Bəyannaməsinin əhəmiyyəti: Azərbaycan və Türkiyə nə qazanacaq?

GÜNDƏM 17 iyn 2021, 14:08
İyun ayının 15-də Azərbaycan və Türkiyə liderləri arasında imzalanan Şuşa Bəyannaməsi təkcə iki ölkə arasındakı münasibətlər sisteminin daha da möhkəmləndirilməsini özündə ehtiva etmir.

Şuşa Bəyannaməsi:

- Türkiyə Cənubi Qafqazda faktiki istinad və dayaq nöqtəsi yaratdı. Bu, Rusiyadan Azərbaycana gələcəkdə yönəlmə ehtimalı olan risklərin ilk mərhələdə nəzəri olaraq minimuma endirilməsini təmin etdi. Gələcəkdə Azərbaycana ehtimal olunan müdaxilə cəhdləri bəribaşdan “tərəflərdən birinin müstəqlliyinə qarşı” akt kimi rəsmiləşdirildi. Bu isə Bəyannamədə elan olunan başqa bir məsələnin praktiki tətbiqinə gətirib çıxara bilər: Əgər Rusiya Azərbaycan suverenliyinə, ərazi bütövlüyünə təhlükə yaratsa, bu, üçüncü dövlətin təhdid və təcavüzü kimi qiymətləndiriləcək, Azərbaycana olunan təhdid Türkiyəyə də yönəlmiş hesab olunacaq. 

- ABŞ-ın, NATO-nun maraqlarının təmin edildiyi Yaxın Şərq bir müddət sonra Türkiyənin nəzarəti altına verilə bilər. Şuşa Bəyannaməsi Türkiyənin bu məsələdə əldə etdiyi əsas açarlardan biridir.

- Rusiya son 200 ildə ilk dəfə olaraq Cənubi Qafqazdakı  maraqlarından məcburən imtina etməli olur. Bəs nəyin müqabilində? Bu dəfə şərtləri Rusiya yox, ABŞ-Çin qütbləşməsi çərçvəsində rəsmi Ankara və London diktə edir.

- Rusiya Qırğızıstanda Türkiyənin maraqlarının yerinə yetirilməsi üçün oradakı SOROS-FETÖ hakimiyyətinin sonlandırılmasını təmin edə bilər. Ancaq Qırğıstandakı SOROS-FETÖ hakimiyyətinin sonlandırılmasını Qərb istəyəcəkmi? Qərbin “Şərq planlaması” Türkiyənin diktəsi ilə reallaşdırılır və bu məsələdə Qırğıstan Qərb üçün həyati əhəmiyyətli məsələyə çevrilməyəcək.

- Türkiyə mürəkkəb və mükəmməl oynayır. Rəsmi Paris istisna olmaqla, heç bir dövlət Türkiyənin qlobal təşəbbüslərindən qıcıqlanmır. Səbəb isə çox sadədir: NATO Fransanın da maraqlarının ən yüksək səviyyədə mövcud olduğu bölgələrə nəzarəti Türkiyəyə həvalə edir.

- Şuşadakı çıxışı zamanı Türkiyə prezidenti Ərdoğanın “Cənubi Zəngəzur dəhlizi” ifadəsini işlətməsi Azərbyacan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli razışlaşmaya istinaddır. Şuşa Bəyannaməsində qeyd olunur ki, tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcək. Məsələ aydındır. Ermənistanın Zəngəzurla bağlı çabaları heç bir effekt verməyəcək.

- Hər iki ölkənin Təhlükəsizlik Şuralarının tarixdə ilk dəfə davamlı və konseptual iclasları planlaşdırılır. İclaslarda tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunacaq. Bu, iki ölkənin xüsusi xidmət orqanlarının konsolidə olunmuş fəaliyyətini də zəruri edəcək.

- Ermənistanın hədə maşınına çevrilən KTMT Cənubi Qafqazdakı praktiki əhəmiyyətini itirdi, NATO-nun da dəstəklədiyi Azərbaycan-Türkiyə tandemi regiona və dünyaya daha böyük səmərə vəd edir.

- Türkiyə vasitəsilə Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılacaq və bu zəmanət Türkiyə tərəfindən veriləcək. Nəticədə Türkiyə regiondakı ən yaxın müttəfiq dövləti- Azərbaycanı NATO-da özünün ən yaxın tərəfdaşına çevirə bilər.

- Azərbaycanın neftdən asılılığı azalacaq, Türkiyə ilə birlikdə milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətindəki birgə səylər bunu mümkün edə bilər. Artıq ortada kifayət qədər zəmin var, Bəyannamədə birgə istehsal, sənaye və invesitisa əməkdaşlığı ilə bağlı məsələlər öz əksini tapıb.

- Cənub Qaz Dəhlizi Avropanın Azərbaycana olan ehtiyacını daha da artıracaq.

- Tərəflər terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə qarşı birgə səy göstərəcəklər. Diqqət edək: “terrorçuluğun bütün forma və təzahürləri”ndən söhbət gedir. Deməli, Türkiyənin terror örgütü kimi tanıdığı FETÖ ilə bağlı Azərbaycanda inqilabi addımlar atıla bilər. Azərbaycan hakimiyyətini post-Ərdoğan dövrünə müxtəlif vədlərlə hazırlamağa çalışan şəxslər və qruplarla bağlı sistemli iş aparılacaq.

- 1921-ci ildə Türkiyə ilə Cənubi Qafqaz dövlətləri arasındakı bağlanmış müqaviləyə əsasən, Türkiyə Naxçıvanı qarantı altına almışdı. Üstündən 100 il sonra - 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə isə Qarabağın təhlükəsizliyini qarantı altına aldı.

- Əgər 4,5 il sonra Rusiya sülhməramlıları Azərbaycan torpaqlarından çıxmasa, bu zaman türkiyənin təpkisi ilə qarşılaşacaq. Türkiyənin təpkisi isə qlobal gücü təmsil etmiş olacaq. Qarabağda hər hansı təxribat cəhdləri də Azərbaycan və Türkiyə suverenliyinə cəhd kimi qiymətləndirilib praktiki addımlar atılacaq.

- Ermənistandan digər rayonların minalanmış ərazilərin xəritələrinin tələb olunmasında Türkiyə edə tərəfə çevrilir.

- ATƏT-in Minsk qrupunun üzvləri sırasında Türkiyə əsas faktor kimi təşəbbüsü əlinə alıb və bu, Ermənistanla sərhəd müəyyələşdirilməsində qardaş dövlətin söz sahibinə çevrilməsini təmin edəcək. Məhz Türkiyənin çevik qərarları və Azərbaycanın real addımalrı nəticəsində Fransa öz mövqeyini tamamilə itirib.

- KTMT-nin Ermənistanı müdafiə xarakterli hər hansı bəyanatı Türkiyə əleyhinə səsləndirilmiş bəyanat olacaq. Məhz bu konteksdə demək olar ki, Ermənistanın KTMT ilə bağlı ümidləri də Şuşa Bəyannaməsi ilə suya düşmüş oldu.

Samir Feyruzov (azsiyasət.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top