Politoloq: "Belə bir geosiyasi gərginliyin, təzyiqlərin fonunda Türkiyə liderinin ölkəmizə səfəri olduqca vacib idi"

GÜNDƏM 15 iyn 2021, 17:25
“Qarabağ müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək şübhəsiz ki, qələbənin əldə olunmasında böyük üstünlük yaratdı. Bu qələbə təkcə hərbi müstəvidə deyil, Azərbaycanın regionda və dünyadakı hərbi-siyasi imicinin yüksəldilməsinə müsbət təsir etmiş oldu. Xüsusilə də, Qarabağ müharibəsi sonrası Türkiyə liderinin zəfər paradında iştirakı və çıxışı regional güclərin siyasi elitasında ciddi müzakirələrə səbəb oldu”.  

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. 

O, indiki siyasi məqamda Türkiyə rəhbərinin Azərbaycana səfərinin ölkə üçün ciddi əhəmiyyət kəsb etdiyini bildirib:

“Müharibədən sonra baş verən bəzi hadisələr, regional geosiyasi güclərin atdığı addımlar, Rusiya sülhməramlıların xoşagəlməz davranışları, Qarabağda qalmış separatçı qüvvələrin, habelə Ermənistan tərəfinin xüsusi diversantlarının törətdikləri terror hərəkətləri Azərbaycana və Türkiyənin regiondakı mövqelərinin güclənməsinə qarşı açıq təhdid yaratdığı hiss olunur. Ermənistanın bu terrorçu fəaliyyətinə beynəlxalq hüququn biganə qalması, əksinə havadarlarının onu dəstəkləyən bəyənatlar verməsi, habelə Azərbaycana təzyiq göstərmək, onu güzəştlərə getməyə məcbur etmək cəhdləri də başa düşüləndir.  

Belə bir geosiyasi gərginliyin, təzyiqlərin fonunda Türkiyə liderinin ölkəmizə səfəri olduqca vacib və arzu olunan idi. Türkiyə liderinin səfər öncəsi bəzi maraqlı açıqlamaları da bu səfərin əhəmiyyətini və gələcək perspektivlərini göstərməyə əsas verir”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın NATO sammitindən sonra Azərbaycana gəlməsinin siyasi tərəflərinə toxunub:

“Səfərin geostrateji əhəmiyyətini göstərən mühüm detallardan biri də onun  gerçəkləşdirildiyi tarixlə bağlıdır. Türkiyə liderinin Azərbaycana səfərinin məhz NATO sammitindən dərhal sonraya planlaşdırılması təsadüfi hesab edilə bilməz. NATO-nun üzvü və ordusuna görə 2-ci qüdrətli dövləti olan Türkiyənin bu sammitdə iştirakı və məhz Qərb müttəfiqlərinin birgə sammitində verdiyini bəyənatlar çərçivəsində Qarabağ məsələsinə toxunması səfəröncəsi vacib hesab edilən detaldır. Azərbaycana artan təzyiqlər fonunda Türkiyənin qardaş dövlətə dəstək verməsi, onun haqq səsini beynəlxalq platformada səsləndirməsi strateji məna kəsb edir.   

Beynəlxalq güclərin artıq qəbul etmək və razılaşmaq məcburiyyətində qaldıqları Türkiyənin bu cür bəyənatla çıxış etməsi həm qərb dövlətlərinə, həm də Cənubi Qafqazın regional güclərinə ünvanlanmış bir mesaj təəssüratını yaradır. Mühüm olan detallardan biri də NATO sammitində ABŞ-Türkiyə münasibətlərində hiss olunan yaxınlaşmalar və ABŞ-ın rəhbərinin Türkiyə lideri ilə səmimi görüşləri və görüş sonrası qarşılıqlı müttəfiqliyi möhkəmləndirməyə hesablanmış bəyənatlarıdır. 

Düşünürəm, belə bir məqamda Türkiyə lideri cənab Ərdoğanın Azərbaycana səfəri geosiyasi-geostrageji və geoiqtisadi əhəmiyyətinə görə həmişəkilərdən çox fərqlənəcək və hər iki ölkə üçün iqtisadi-siyasi və hərbi əməkdaşlığın dərinləşməsi baxımından daha çox müsbət əhəmiyyətə malik olacaq. 

Bölgənin infrastruktur və iqtisadi layihələrinə daha çox türk iş adamlarının cəhd edilir. Bu baxımdan iki ölkə rəhbərinin birgə iştirakı ilə realaşdırılan iqtisadi layihələr həm iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edəcək”. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top