"Həyata keçirilən islahatlar medianın möhkəm təməllər üzərindən inkişafına xidmət edir" — RƏYLƏR

DAXİLİ SİYASƏT 14 iyn 2021, 20:31
Bu gün Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara  başlanılıb. Birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.
 
Seminarda iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Demokrat.az-a açıqlamasında xoş təəssüratlarla ayrıldığını bildirdi:

“Seminar mənə çox xoş təsir bağışladı. Seminarın bir ay çəkəcəyi, müxtəlif təlimlərin keçiriləcəyi bildirildi və açığı bu, məndə müəyyən şübhələr, suallar yaratmışdı. Amma bu gün keçirilən görüşdəki müzakirələr olduqca xoş oldu və böyük ehtimalla seminarın sonuna qədər daimi iştirakçısı olacam. Buna görə də, Medianın İnkişafı Agentliyinə, ADA universitetinə təşəkkürümü bildirirəm.

Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılov yeni media haqqında qanun barədə məlumat verdi, qanunla bağlı müəyyən müzakirələr aparıldı. Əvvəllər də bununa bağlı görüş olmuşdu, müzakirələr aparmışdıq. Amma bu gün də bir sıra məsələlərin aydınlaşması üçün vacib rol oynadı. Müzakirələr də polemika əsasında gedirdi, hər kəs öz fikrini bildirirdi. ADA universitetindən Şəfəq Mehralıyevanın media mövzusundakı məruzələri çox maraqla qarşılandı. Şəfəq xanımın təcrübəsi var, gənc yaşlarından Azərbaycan telekanallarında çalışıb, sonra ABŞ-da işləyib, dünya mətbuatında gedən proseslərlə tanışdır. Bu baxımdan onun da məruzləri çox maraqlı keçdi. Seminarın ilk günündə çox xoş təəssüratla ayrıldım və növbəti günlərdə də iştirak edəcəm” - deyə R.Məcid əlavə etdi.

Seminarın daha bir iştirakçısı, əməkdar jurnalist Elçin Mirzəbəyli əməkdaşımızla söhbətində fikirlərinin müsbət olduğunu bildirib:

“Silsilə seminarların ilk günü maraqlı keçdi və faydalı oldu. Media adamları inkişafın sürət barometrləridir və hər gün yenilənməli, ətraflarını yeniləməlidirlər. Bu baxımdan, media mənsubları keçdikləri yoldan, qazandıqları təcrübədən asılı olmayaraq, bilik və bacarıqlarını dövrün tələblərinə, informasiya və kommunikasiya texnologiyalarının inkişaf dinamikasına uyğun  olaraq daim artırmalı, təmsil etdikləri resursları və bütövlükdə isə Azərbaycan mediasını rəqabətədavamlı bir hala gətirməlidirlər. 

Həyata keçirilən islahatlar medianın möhkəm təməllər üzərindən inkişafına xidmət edir. Bu solğun rənglərin bərpası deyil, rənglərə baxış bucağının dəyişməsi, modernləşməsidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top