Politoloq: “Ərdoğanın Şuşaya səfəri Türkiyənin Azərbaycanda və Qarabağda varlığını təsbit edəcək”

GÜNDƏM 11 iyn 2021, 15:29
“Ərdoğanın Azərbaycana və Şuşaya səfəri tarixi hadisədir. Həm simvolik, həm tarixi, həm də mənəvi-psixoloji baxımdan Şuşa Azərbaycan üçün olduqca vacib şəhərdir. Ərdoğanın Şuşaya səfəri də bu baxımdan olduqca əhəmiyyətlidir. Türkiyə kimi getdikcə güclənən ölkənin dövlət başçısının Şuşa kimi şəhərə səfəri Azərbaycanın və Türk dünyasının zəfərinin simvoludur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana və Şuşaya səfəri barədə danışarkən deyib.

O, bildirib ki, Ərdoğanın xüsusilə Şuşaya səfəri bu şəhərin azad edilməsi kimi tarixi hadisədir: 

“Ərdoğanın Şuşaya səfəri sadəcə Azərbaycanın şəhərlərindən birinə gəliş kimi qiymətləndirilməməlidir. Buna görədir ki, bu səfər müəyyən narahatlıq yaradır. Ərdoğanın Şuşaya səfəri Türkiyənin Azərbaycanda və Qarabağda varlığını təsbit edəcək. Bunun bariz nümunəsi də Şuşada açılacaq Türkiyə konsulluğu olacaq. 

Düşünürəm ki, səfər çərçivəsində türkiyəli hərbçilərin Qarabağda yer alması da müzakirə ediləcək. Bu, olduqca əhəmiyyətli hadisə olar, çünki biz gələcəkdə Qarabağdakı hadisələrin necə cərəyan edəcəyini bilmirik.

Digər tərəfdən Şuşada Türkiyə tərəfindən məktəb tikiləcək ki, burda təhsil verməklə bərabər, milli-genetik gücü aşılayacaq. Bu, Qarabağda millətin özünə qayıtması baxımından çox böyük əhəmiyyət daşıyır. Ərdoğanın Şuşaya səfəri Qarabağda geriyədönməz bir prosesə səbəb olacaq. Artıq heç bir dövlət Şuşa şəhərini və digər əraziləri yenidən işğal etmək fikrinə düşməyəcək. Çünki belə riskli addımı atsa, qarşısında Türkiyəni görəcəyini biləcək”.

Politoloq həmçinin Ərdoğanın Baydenlə görüşü və bundan sonra Azərbaycana səfərinin siyasi tərəflərinə də toxunub:

“Bayden Ərdoğanla görüşdən əvvəl Rusiya ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş təşkil etdi. Belə informasiya verildi ki, Qarabağla məsələlərdə Rusiya ilə Türkiyə arasında razılaşmalar olacaq. Ərdoğanın Baydenlə görüşündə də Qarabağ əsas prioritet olacaq. ABŞ həmsədr olaraq bu prosesdə daha yaxın iştirak etmək istəyir. Bunun üçün də ABŞ-ın Rusiyanın və Türkiyənin razılığına ehtiyacı var, çünki 28 il ərzində ABŞ həmsədr kimi heç bir addım atmadı. Buna görə də, Azərbaycan Minsk qrupuna o qədər də əhəmiyyət vermir. ABŞ bölgədəki proseslərdə Ermənistanı yanına alaraq iştirak etmək istəyirsə, bilməlidir ki, bunun müsbət nəticəsi olmayacaq. ABŞ prosesdə ədalətli yanaşma ortaya qoysa, Türkiyənin maraqlarını önə çəkəcəksə, o zaman ABŞ kimi güclü ölkənin Cənubi Qafqazda Rusiyaya alternativ olması bizim işimizə yarayacaq. Çünki rusiyalı sülhməramlıların hədsiz qıcıq yaradan davranışları Azərbaycan xalqının xoşuna gəlmir. Rusiyanın gücünü neytrallaşdırmaq üçün ABŞ-ın regiondakı varlığı Türkiyənin və Azərbaycanın mövqeyini gücləndirəcək. Bu baxımdan Ərdoğanın Baydenlə görüşü olduqca vacibdir. ABŞ Türkiyə ilə anlaşmalı və haqqlarını tanımalı, ona ciddi dəstək verməlidir. Belə olduğu halda Rusiyanın gücü balanslaşdırılacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top