Dünya insanlarını Azərbaycanla tanış etmək üçün ən uğurlu vasitə

GÜNDƏM 10 iyn 2021, 17:17
Azərbaycanda daha bir mötəbər idman yarışı - futbol üzrə Avropa çempionatının dörd oyunu keçiriləcək.  

Bu, indiki məqamda təkcə Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün hansı imkanlara malik olmasının nümayişi deyil.  Söhbət ondan gedir ki, Azərbaycan müharibədən çıxmış bir ölkədir. İstənilən ölkə üçün insan itkiləri ilə müşahidə olunan müharibə həm də böyük maliyyə xərcləri tələb edir və sonra həmin ölkənin toparlanması, iqtisadi gücünü bərpa etməsi böyük zaman istəyir. 

Azərbaycan nümunəsində nə baş verir?

Müharibədən cəmi 6 ay ötüb. İşğaldan azad olunan Qarabağda böyük quruculuq işləri başlayıb, bir yandan müharibənin, digər yandan pandemiyanın iqtisadiyyata vurduğu zərər aradan qaldırılır. Əhalinin güzəranında mənfiyə doğru dəyişmə yoxdur. Bununla yanaşı, Azərbaycan beynəlxalq tədbirləri uğurla təşkil edən ölkə kimi yenidən meydandadır. 

Ötən həftə yekunlaşan Formula 1 yarışının ardınca ölkəmiz dünya əhəmiyyətli daha bir yarışa ev sahibliyi etmək missiyasını həyata keçirəcək. Bütün bunlar Azərbaycanın gücünü, qüdrətini, sürətli toparlanma qabiliyyətini bütün dünyaya nümayiş etdirir. 

Görünən odur ki, beynəlxalq yarışların təşkilatçılarının Azərbaycanın gücünə və potensialına olan inamı, etimadı azalmayıb, əksinə daha da artıb. Bunun kökündə ölkəmizin indiyə qədər gənc dövlət olmasına baxmayaraq, 2012-ci ildə Eurovision, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə Dördüncü İslam Həmrəylik Oyunları, Formula 1 Bakı Qran Prisi və başqa bu kimi beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi kimi mühüm amil dayanır. Zaman isbat edeib ki, Azərbaycan təşkilatçılıq baxımından bu sahədə böyük təcrübəsi olan ölkələrdən geri qalmayıb. Tam əksinə, təşkilatçılıq nöqteyi-nəzərdən yeni-yeni nümunələr yaradıb. Və mötəbər yarışların davamlı olaraq  ölkəmizə salınması faktı Azərbaycanın qısa müddətdə bu sahədə əldə etdiyi uğurlu təcrübənin göstəricisidir. 

Bu gün ən mötəbər idman qurumlarının nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən ölkəmizə verməsinin kökündə dayanan digər amillər də var.  Azərbaycanın ən sabit ölkə olması, cinayətkarlığın aşağı səviyyəyə düşməsi faktı da bu kimi məsələlərdə önəmli yer tutur. Azərbaycanın dünyada nüfuzunun artması, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi də nəzərdən qaçmamalıdır. Bugünkü Azərbaycan müasirlik, sabitlik, təhlükəsizlik, infrastuktur və s. göstəricilər baxımından ən öndə gedən dövlətlər sırasındadır. 

Bundan başqa, yüzlərlə ölkədə canlı yayımlanan bu tədbirlər yalnız idman yarışı kimi önəm daşımır. Bu, Azərbaycanın imkanlarının dünyaya tanıdılması üçün ən uğurlu platformadır. Dünya səviyyəli tədbirlərin Azərbaycanın, onun inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliği baxımından əhəmiyyəti əvəzedilməzdir. Ölkəmizdə turizmin inkişafı ilə bağlı yeni imkanlar yaranıb; cənnət adlandırdığımız Qarabağ azadlığa qovuşub. Bu ərazinin turizm baxımından önəmi barədə əlavə nəsə demək yersizdir. Qalır, əsl sahibinə qayıdan Azərbaycanın daha bir cənnət guşəsinin-Qarabağın dünyaya tanıdılması. Bu baxımdan ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər xüsusi rola malikdir. Belə yarışlarda bütün dünyanın diqqəti gənc dövlət olan Azərbaycana yönəlir.  

Ötən illərin təcrübəsi isbat edib ki, bu kimi yarışlar ölkəmizə turist axınına ciddi təkan verib. Məsələn, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayında təqribən 22 faiz artım baş verib. 2017-ci ildə baş tutan İslam Həmrəyliyi Oyunları isə müsəlman ölkələrindən gələn turistlərin sayının kəskin artımına şərait yaratmışdı. Bütün bunlar ölkəmizin xidmət sektoruna hansı məbləğdə vəsaitin daxil olmasını təsəvvür etməyə tam imkan verir. 

Deməli, ölkəmizə gələn turistlərin sayının artması  Azərbaycanın beynəlxalq tədbirlərə  ev sahibliyi etməsi ilə sıx əlaqəlidir. Bu tədbirlər dünya insanlarını Azərbaycanla tanış etməkdə ən uğurlu vasitə kimi çıxış edir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top