Deputat: "Paşinyan verdiyi açıqlama ilə özünü biabır etdi"

GÜNDƏM 09 iyn 2021, 17:40
"Məlum olduğu kimi, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək və ayın 7-dən seçkiqabağı kampaniyaya start verilib. Prezident Sarkisyanın ittihamlardan uzaq seçkilərin keçirilməsi ilə bağlı bütün tərəflərə mesaj göndərməsinə baxmayaraq, elə kampaniyanın başlandığı gündən tərəflər bir-birlərini çox kəskin ittiham etməyə başladılar". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycandakı terrorçulara qarşılıq oğlunu təklif etməsi və ölkədəki gərgin vəziyyətlə bağlı danışarkən bildirib. 

O, Paşinyanın təklifinin əslində onların iç üzünü göstərdiyini deyib:

"Xüsusilə də, prezident olmuş Serj Sarkisyan Paşinyan barədə bildirib ki, kim onun yerində olsaydı, bütün hadisələrə, məğlubiyyətə görə özünü güllələyərdi. Həmçinin bildirib ki, Paşinyan Azərbaycandakı "əsirlərin" azad edilməsi üçün gərək öz oğlu Aşotu qarşı tərəfə təhvil versin. Buna cavab olaraq Paşinyan rəsmi mövqeyini bildirərək qeyd edib ki, belə addımı atmağa hazırdır, amma həmin təhvil işləri Köçəryanın və Sarkisyanın rəhbərliyi ilə reallaşsın. Həmçinin, Paşinyan bildirib ki, adıçəkilən şəxslərin insan təhvil, həm də alış-verişində böyük təcrübələri var və bundan bir neçə min dollar qazana bilərlər. Yəni Paşinyan onları birbaşa insan alverində ittiham edir. Göründüyü kimi tərəflər bir-birlərini çox sərt şəkildə ittiham edirlər. Artıq ölkədaxili gərginlik pik həddədir. Seçki tarixi yaxınlaşdıqca, biz tərəflərin daha gərgin və kəskin ittihamlarının şahidi ola bilərik. Paşinyan verdiyi açıqlama ilə özünü biabır etdi. Onlar bu ittihamlarla bir-birlərinin iç üzünü açırlar". 

Deputat seçkilərdən sonra da gərginliyin davam edəcəyini düşündüyünü bildirib:

"Hətta seçki nəticələrinin elan olunmasından sonra Ermənistanda çox qəliz proseslərin başlayacağı da ehtimal edilir. Belə ehtimallar var ki, seçkilər o qədər mürəkkəb olacaq ki, hətta nəticələr birinci turdan müəyyənləşməyə bilər. Ermənistan qanunvericiliyinə görə, seçkilərdən sonra 6 gün ərzində hökumətin formalaşması baş verməsə, seçkilərin ikinci turunun keçirilməsi lazım olacaq. Bu baxımdan, 20 iyun yaxınlaşdıqca, Ermənistanda daha ciddi siyasi faciə yaşayacaq".

Aygül Qarayeva
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top