FHN-in vəzifəli şəxsindən şok hərəkət: Vətəndaşları işə düzəltmək üçün necə aldadıb? — Məhkəmə sənədləri

HADİSƏ 08 iyn 2021, 11:22
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Şimal-Qərb regional idarəsinin şöbəsində inspektor vəzifəsində işləmiş Vüqar İsmayıllı rayon sakininə qarşı dələduzluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Şahin ilə İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Turan” kafesində görüşərkən sonuncunun özünün Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon şöbəsinin yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik etməsi barədə müraciəti ilə əlaqədar etibarından sui-istifadə etməklə 6000 manat pul müqabilində həmin məsələni müsbət həll edə biləcəyini yalandan vəd verib. O, 6000 manat məbləğində pulunu alıb.

Bundan başqa, o, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Şimal-Qərb regional idarəsinin yanğından mühafizə şöbəsinin inspektoru vəzifəsində daxili xidmət kapitanı rütbəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edib. O, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin iyul ayının dəqiq tarixi müəyyən edilməyən günündə İsmayıllı rayon sakini olan Qurban adlı şəxslə görüşüb, 8000 manat pul müqabilində sonuncunun oğlu Faiqi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon şöbəsinə yanğın söndürən vəzifəsinə düzəldə biləcəyini yalandan vəd verib. O, zərərçəkmiş şəxsi inandırmaq üçün oğlu Faiq Qurbanova məxsus şəxsiyyət vəsiqəsi və hərbi bileti sonuncudan alıb.

Bu məqsədlə Qurban Qurbanov 2019-cu ilin iyul ayının dəqiq tarixi müəyyən edilməyən günündə 6000  manat, 2019-cu ilin dekabr ayının dəqiq tarixi müəyyən edilməyən günündə İsmayıllı rayonunun İvanovka kəndi ərazisində 1000 manat, bir neçə gün sonra İsmayıllı şəhəri, Cavanşir küçəsində 500 manat, daha sonta isə İsmayıllı bazarın qarşısında 500 manat alıb.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəfayel Şirinovun sədrliyi ilə baxılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər daxili xidmət kapitanı rütbəsində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Şimal-qərb regional idarəsinin şöbəsinin inspektoru vəzifəsində işləyib: “2019-cu ildə öz arzum ilə xidmətdən azad edildim. 2019-cu ilin iyul ayında dəqiq tarixini xatırlamadığım günündə İsmayıllı şəhərində tanışım Tofiqlə rastlaşdım. Tofiqin yanında Qurban adlı bir şəxs olub. Tofiq bir müddət əvvəl mənə qohumunun oğlunun işə düzəlməsi ilə əlaqədar xahiş etmişdi. Həmin görüşdə ona “sənə işə düzəlmək istəyən qohumum budur” deyə bildirdim. Qurbanla tanış oldum və söhbət zamanı Qurban oğlu Faiqi yanğınsöndürən kimi İsmayıllı rayon şöbəsinə işə düzəltməyimi xahiş etdi. Qurbandan Faiqin hərbi xidmət keçib-keçmədiyini soruşdum. Qurban oğlunun hərbi xidmət keçdiyini dedi. Qurbana oğlunu 8000 manat müqabilində işə düzəldə biləcəyimi, pulun 6000 manatını ilkin alacağımı, qalan 2000 manatını hissə-hissə verməli olduğunu dedim. Qurban mənimlə razılaşdı və bir həftə sonra, 2019-cu ilin noyabr ayının tarixini xatırlamadığım günündə Qurbanla İsmayıllı şəhərində görüşdüm. Qurban mənim avtomobilimə əyləşdi və 6000 manat pulu mənə verdi. Qurbana pulun qalan hissəsini özüm zəng etdikdə verməsini bildirdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu ilin dekabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Qurbana zəng edib və İsmayıllı şəhəri Cavanşir küçəsində görüşüb: “Bu zaman Qurban mənə 1000 manat pul verdi. Dekabr ayının ortalarında yenə Qurbana zəng etdim, onunla görüşdüm. Həmin vaxt Qurban mənə 500 manat pul verdi. Qurban pulun qalan 500 manatını İsmayıllı şəhəri mərkəzi bazarın yaxınlığında mənə verdi. Qurbandan ümumilikdə 8000 manat pul almışam. Lakin Faiqi yanğınsöndürən kimi işə düzəltməkdən ötrü hər hansı bir iş görməmişəm. 2019-cu ildə işdən azad olunmağım barədə əmrim verildi. Bundan 1-2 gün sonra dəqiq tarixini xatırlamadığım gündə tanışım Kamil ilə söhbəti zamanı qohumu Şahini yanğınsöndürən kimi işə düzəltməyimi dedi. Kamilə 6000 manat müqabilində qohumunu işə düzəldə biləcəyimi bildirdim”.

Vüqar qeyd edib ki, İsmayıllı şəhərindəki “Turan” kafesində Kamillə görüşüb: “Bu zaman Kamilin yanında qohumu Şahin və Şahinin anası Xuraman da olub. Biz kafedə otaqlardan birində əyləşərək söhbət etdik. Söhbət zamanı Şahin yanğınsöndürən kimi işə düzəlmək istədiyini dedi. Şahinə onu bu işə düzəldə biləcəyimi bildirdim. Məsələnin həlli üçün 6000 manat pul verməli olduqlarını dedim. Onlarla həmin kafedə növbəti gün yenidən görüşdük. Bu zaman Şahin mənə 6000 manat pul verdi. Şahindən hərbi biletini və şəxsiyyət vəsiqəsini aldım. Sənədlərin surətini çıxardıqdan sonra qaytaracağımı dedim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci ilin yanvar ayının əvvəllərində Şahinin sənədlərini özünə qaytarıb: “Şahinə üç aya, uzağı isə altı ay ərzində işinin düzələcəyini və işə çıxacağını dedim. Ancaq reallıqda Şahinin işə düzəlməsi üçün hər hansı bir iş görməmişəm. Pula ehtiyacım olduğundan məqsədim Qurbanın və Şahinin pulunu ələ keçirmək olub”.

Məhkəmənin hökmü ilə Vüqar 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilib. O, 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Hər iki zərərçəkmişin mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsdən 8030 manat tutularaq Qurbana, 6030 manat tutularaq Şahinə ödənilməsi ilə bağlı hökm çıxarılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top