Rasizm nümunəsi...

GÜNDƏM 04 iyn 2021, 23:24
Rusiyada azərbaycanlını qətlə yetirən polisin azadlığa buraxılması hüquq sistemini gözdən salır 

Rusiyada polis tərəfindən qətlə yetirilmiş 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qatili azadlığa buraxılıb. Bu, ilk növbədə Rusiyanın hüquq-mühafizə sistemindəki problemlərin, ölkədə digər xalqların nümayəndələrinə qarşı ayrı-seçkiliyin bariz nümunəsidir. Rusiyada başqa xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin kök saldığına heç bür şübhə yeri qoymur. 

Yada salmaq yerinə düşər ki, məlum hadisə mayın 28-də Novosibirsk şəhərində baş verib. Dövlət Yol Polisi sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətin müəyyən olunması üçün yol polisinin xidməti avtomobilinə sarı aparılıb. Bu vaxt sərnişinlərdən biri - Vəkil Abdullayev polisə etiraz edib. Polis əməkdaşı isə güc işlədib, onun qollarını geri qararaq, maşının üzərinə yıxıb. Sonra polis tərəfindən Vəkil Abdullayevə silahla atəş açılaraq qətlə yetirilib və bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb. 

Görüntülərdə yol polis əməkdaşının Vəkil Abdullayevə qarşı kobudluq etdiyi, onun qollarını buraraq polis avtomobilinə söykədiyi zaman tabel silahı ilə ona atəş açdığı açıq-aydın görünür. Başından ağır yaralanan həmyerlimiz mayın 30-da xəstəxanada vəfat edib.

Gözlənilən o idi ki, bu hadisəni törədənlər layiqli cəza alacaq. Fəqət ən biabırçı ssenari baş verdi.

Həbs olunmuş polisə qarşı əvvəlcə cinayət təhqiqatı dayandırılıb. Ardınca isə o, azadlığa buraxılıb. Bu, Rusiya kimi bir ölkədə hüquq anlayışının hansı səviyyədə olmasını göz önünə sərgiləyir. Deməli, bu ölkədə hüququn aliliyi sadəcə görüntüdür, Rusiya hüquq sistemində ciddi problemlər mövcuddur. Və ya siyasi, ayrı-seçkilik, fobiya motivləri özünə elə dərin yer edib ki, hüquq ayaqlar altında sürünür. Əks təqdirdə bu biabırçı hadisə baş verməzdi.

Görüntülərdən də aydın idi ki, Vəkil Abdullayevin olduğu maşın yol-hərəkət qaydasının pozulmasına görə saxlanılmışdı. Polisin adi hadisəyə görə aqressiyalı davranıb silah çıxartmasına ehtiyac var idimi? Belə çıxmırmı ki, bu cinayətkar yanaşma hadisəni törədənin milliyyəti ilə bağlı məsələdir?

İşin ən iyrənc tərəflərindən biri də Russia Today telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina kimilərinin qatil polisə dəstək verməsidir. Bu qəbildən olan ictimai şəxslərin qatilin azadlığa buraxılmasını tələb etməsi Rusiyada rasistlərin xalqın adından danışmaq səlahiyyəti əldə etməyə can atdığını sübuta yetirir. Belələrinin millət vəkili olması qanunverici orqana hörmətsizliyin bariz nümunəsidir.

Xüsusi üzərində dayanmalı məqam odur ki, Vəkil Abdullayev azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır. Lakin rəsmi Tibilisi bu məsələdə lal və kor münasibət sərgiləyir. Öz vətəndaşına qarşı bu formada vəhşi, insanlığa, hüquqa zidd davranış baş verməsinə rəğmən  Gürcüstanın susqunluğu davam edir. Odur ki, “Bu məsələ yaxın günlərdə Gürcüstan tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılacaqmı” sualına müsbət cavab vermək çətindir.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top