Ombudsman Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı bəyanat yaydı


DAXİLİ SİYASƏT 04 iyn 2021, 15:47
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.

Demokrat.az xəbər verir ki, bəyanatda deyilir:

"Rəsmi mənbələrdən bildirilən məlumata əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində ikisi öz peşə fəaliyyətini həyata keçirən jurnalist və biri dövlət qurumu əməkdaşı olmaqla, üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.

Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üç tərəfli bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Ermənistan siyasi və hərbi rəhbərliyinin vaxtilə işğal altında saxladıqları bu ərazilərə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələri, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların baadırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir.

Regionda insan həyatına və sağlamlığına ciddi təhdid olan bu vəziyyət bizi dərindən narahat edir. Ölkə Ombudsmanı olaraq bu barədə narahatlığımızı dəfələrlə beynəlxalq insan hüquqları qurumlarına bildirərək, insan tələfatının qarşısının alınması məqsədilə Ermənistan rəhbərliyi qarşısında müvafiq tələblərin qoyulması ilə bağlı müraciətlər etmişik. Təəssüflə qeyd etmək istərdim ki, mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana hər hansı bir beynəlxalq təyziqin göstərilməməsi hər gün daha bir günahsız insanın həyatını itirməsinə səbəb olur. Hesab edirik ki, aidiyyəti beynəlxalq insan hüquqları qurumları baş verən bu insan hüquqları pozuntularına etinasız yanaşmamalı və mandatları çərçivəsində müvafiq addımları atmalıdırlar.

Bir daha aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edərək, baş verən bu insan hüquqları pozuntusuna etinasız qalmamağa, mandatlarından irəli gələn tələblərə məsuliyyətlə yanaşaraq Ermənistan siyasi və hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə çağırırıq.

Ombudsman təsisatı olaraq Ermənistan siyasi və hərbi rəhbərliyinin insan hüquqlarının kobud pozuntusu ilə nəticələnən bu və digər ağır cinayət əməllərinin ifşası və onların ədalət mühakiməsinə cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top