Azərbaycanda su problemi niyə həllini tapmır? — RƏYLƏR

İNFRASTRUKTUR 04 iyn 2021, 11:06
Son günlər Aran rayonlarında yenidən su problemi yaranmağa başlayıb. Salyan, Neftçala, Hacıqabul, Saatlı kimi rayonlarda əkinçilər su problemi ilə üzləşib. Bu barədə həmin rayonlardan olan sakinlər məlumat veriblər.

Məsələylə bağlı Saatlı rayonunun deputatı Əziz Ələkbərov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda bu rayonda su problemi mövcud deyil:

"Yazın əvvəlində su problemi yaranmışdı. Bununla bağlı mənə də məlumat verildi. Həmin vaxt bu məsələ həll olundu. Lakin hazırda rayonda və kəndlərində su problemi yoxdur".

Aran rayonlarındakı su problemi ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə problemin suyun istifadəsindən qaynaqlandığını deyib:

“Keçən il bu zamanlar ölkə başçısı müşavirə keçirdi və həmin müşavirədə su probleminin həlli ilə bağlı komissiya yaradıldı. O zaman vəd verdilər ki, artıq bu il üçün su problemi öz həllini tapacaq. Müşavirə keçirildikdən sonra bir il müddətində bununla bağlı heç bir tədbir görülmədi. Ölkədə Meliorasiya və Su Təsərrüfatı Cəmiyyəti yaradıldı, amma bəlkə, heç belə qurumun yaradılmasına ehtiyac yox idi? 

Prezident onların layihələri ilə tanış olub, dövlət büdcəsindən vəsaitin ayrılması ilə bağlı göstəriş verdi. Bu məsələnin üzərindən bir il keçib, amma nəinki problem həll edilib, əksinə, bir az da dərinləşib
Azərbaycanda su resursu kifayət qədərdir. Ölkədə 12 milyon ton məhsul istehsal edilməlidir. Bu qədər məhsulu istehsal etmək üçün 3,5 milyard kubmetr suya ehtiyac var. Azərbaycan isə 10 milyard kubmetrdən çox sudan istifadə edir, yəni ehtiyac olandan 3 dəfə çox. Əsas məsələ də məhz budur, ölkədə sudan düzgün istifadə olunmur, su səmərəli paylanılmır. Problem suda deyil, sudan düzgün istifadə edilməməsindədir. Buna görə də, hər il problem yaranır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top