“Makronun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlaması yeni reallıqlarla barışması deməkdir”

GÜNDƏM 03 iyn 2021, 15:13
"Azərbaycanın xarici siyasətində dünyanın aparıcı dövlətləri ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. ATƏT-in Minsk Qrupunun həmsədri Fransa ilə əlaqələrin daha da yaxşılaşdırılması və münasibətlərin dinamikası səviyyəsinin yüksəldilməsi dövlətimizin xarici siyasətində mühüm amillərdən biridir. Görünür ki, Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa da ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.



M.Cəfərov qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlaması da onun Azərbaycan ordusunun və dövlətinin yaratdığı reallıqlarla barışması deməkdir: “Dünya ölkələri regionun lider dövlətilə qarşılıqlı münasibətlərə maraqlıdır. Çünki Azərbaycan Cənubi Qafqazda söz sahibi olmaqla yanaşı, stabiliyin və təhlükəsizliyin qarantıdır. Bu da dünya ölkələrinin maraqları ilə üst- üstə düşür. Cənab prezident də çıxışında ATƏT-in Minsk Qrupunun regionda sülhün möhkəmlənməsinə yönəlmiş fəaliyyətinin vacibliyini vurğulayıb. Görünür ki, Fransa Qarabağ məsələsində Minsk qrupunun üzvü kimi heç də qənaətbəxş fəaliyyət göstərməsə də, sülhün mühafizəsində daha fərqli siyasi xətt tutacaq. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Ermənistanla tarixən formalaşmış münasibətləri var. Bu isə həm də onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ermənistan kimi zəif, faşist ideologiyasına köklənmiş bir dövlətə dəstək verməyə, onun vasitəsilə bölgəyə daxil olmağa, burada möhkəmlənməyə çalışmaqla Fransa prezidenti Makron yalnış siyasi fəaliyyətinin istiqamətini dəyişir. Azərbaycan bu bölgənin ən güclü dövlətidir və Azərbaycan öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Fransa şirkətləri üçün cəlbedici edir. Azərbaycanın qeyri-neft sektoruna böyük marağın olması eyni zamanda dövlətimizin beynəlxalq aləmdə etibarlı tərəfdaş və investisiya qoyuluşu üçün sabit və güvənli ölkə kimi qəbul olunması Fransanın münasibətləri yaxşılaşdırmaq cəhdlərinə şərait yaradır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top