Əflatun Amaşov: "Medianın İnkişafı Agentliyinin bu layihəsi sağlam rəqabətli mühit yaradacaq"

GÜNDƏM 02 iyn 2021, 11:00
"Onlayn media Kütləvi İnformasiya Vasitələri arasında operativliyinə görə seçilir. Bu baxımdan, onun inkişafı da hər zaman diqqətdədir. Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqə də buna hesablanıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov Medianın İnkişafı Agentliyinin media subyektləri üçün elan etdiyi müsabiqə ilə bağlı danışarkən deyib. 

O, bildirib ki, bu cür layihəyə ehtiyac vardı:

"Azərbaycanda onlayn media təmsilçilərinin vəziyyəti ilə bağlı eyni fikri demək olmur. Bəzən bir nəfər sayt yaradaraq işlədir. Digər media orqanlarından xəbərləri götürərək, bu cür işləyən saytlar da var. Medianın İnkişafı Agentliyinin qoyduğu tələblər isə belə halların qarşısını alır. Artıq onlayn media ayrı-ayrı şəxslərlə deyil, birbaşa dövlət orqanları ilə bağlı olacaq. Bu, müxtəlif sui-istifadələrin də qarşısını alacaq. Düşünürəm ki, bu layihə ilə həm də sağlam rəqabətli mühit də yaranmış olacaq".

Sədr bu müsabiqənin jurnalistlərə böyük müsbət təsirinin olacağını da bildirib:

"Nəzərə almaq lazımdır ki, məsələnin həm də sosial tərəfi var. Layihə sayəsində jurnalistlərin sosial vəziyyəti yaxşılaşdırılacaq. Bu, həm onlayn medianın, həm də jurnalistlərin şəxsi inkişafını stimullaşdıracaq". 

Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top